Uorlik Prezidentlə nələri danışdı? - VİDEO
Bizi izləyin

Nida.az

Uorlik Prezidentlə nələri danışdı? - VİDEO

Prezident İlham Əliyevlə görüşdən sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədr Ceyms Uorlik ANS-ə ekskluziv açıqlama verib.

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyində baş tutan müsahibədə həmsədr prezidentlə danışıqların bəzi detallarını bizə açıqladı.

- Təmas xəttində Ermənistanın təxribatı nəticəsində yaranmış son vəziyyəti necə təhlil edərdiniz, münasibətiniz necədir?

- Sualınızı cavablandırmadan öncə mənə müsahibə imkanı yaratdığınız üçün sizə təşəkkürümü bildirirəm. Hər bir zaman Bakıya gəlmək mənə çox xoşdur. Ona görə ki, hər dəfə Bakıya gələndə həm prezident İlham Əliyevlə, həm də digər rəsmilərlə görüş imkanı əldə edirəm. Bizi həqiqətən Azərbaycan və Ermənistanın təmas xəttində yaranmış vəziyyət çox narahat edir. Çünki, bizim narahatçılığımız üçün həqiqətən tutarlı səbəb var. Keçən il bu baxımdan çox təhlükəli bir il oldu. Bir il ərzində təxminən 60 nəfər həyatını itirmişdi. Bu ildə həmin gərginlik davam edir. Elə təkcə yanvar ayı ərzində 12 nəfər həyatını itirib. Onu da qeyd etmək istəyirəm ki, biz həm Azərbaycana, həm də Ermənistana üzümüzü tutaraq deyirik ki, bu kimi addımlar atmaqdan çəkinsinlər. Düşünürük ki, burada əsas amil razılaşdırılmış sülh sazişinə, atəşkəs rejiminə riayət etməkdir.

- Azərbaycan prezidenti də dəfələrlə münaqişənin həllinin uzanmasında, o cümlədən də cəbhə xəttində gərginliyin artmasında rəsmi İrəvanı ittiham edir. Əslində bu kifayət qədər də əsaslanmış bir ittihamdır. Çünki, həmsədr olaraq prosesləri yaxından izləyirsiniz və sizə məlumdur ki, Ermənistan tərəfi ilə aparılan danışıqların müsbət bir mərhələsində işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi təlimlərə başladı. Həmsədr olaraq sizin Ermənistana hər hansı bir təzyiq mexanizminiz varmı?

- Bu sualınıza cavab olaraq onu demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz. Hərbi yoldan istifadə sülh istiqamətində həyata keçirilən danışıqları geriyə çəkərək münaqişənin həllini gecikdirir. Bununla yanaşı istənilən hərbi əməliyyatlar həyata keçiriləndə Azərbaycan və Ermənistanın həm insani, həm də iqtisadi itkilərlərlə üz-üzə qalır. Bu səhər ATƏT-in Minsk Qrupunun həmsədrləri prezident İlham Əliyevlə görüş keçiriblər. Bu görüşdə biz prezident İlham Əliyevə dedik ki, son zamanlar təmas xəttində yaranan gərginlik bizi çox narahat edir. Bu məsələdən cənab İlham Əliyev də narahatlıq keçirdiyini qeyd etdi. Düşünürəm ki, hal-hazırda hər bir kəsin önündə bir çağırış var. Baş verən zorakılıqları, insan itkilərini, dağıntıları bir kənara qoyub gələcək irəliləyiş üçün addımlar atmalıyıq ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Münaqişənin sülh yolu ilə həll olunması hər iki dövlətə, eləcə də bütün regiona öz bəhrəsini verəcək.

- Gərgin vəziyyət göstərdi ki, dondurulmuş münaqişə region üçün istənilən halda təhlükədir. Amma Ukrayna məsələsi ilə əlaqədar Qərb dövlətləri birləşərək Rusiyaya qarşı sanksiya tətbiq etdilər. Amma 20 ildir Azərbaycanın əraziləri işğal altındadır, amma Ermənistana qarşı heç bir sanksiya tərtbiq olunmur.

- Öncə onu qeyd etmək istərdim ki, biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Lakin bilirsinizmi, sözügedən münaqişələr ümumiyyətlə zəmin baxımından çox fərqlənirlər. Sadəcə olaraq Dağlıq Qarabağ münaqişəsi ilə Ukrayna böhranını yaxud da Gürcüstanda, Moldovada yaranan münaqişə vəziyyətinə paralel xətlər çəkmək lazim deyil. Bunlar tamamilə fərqli münaqişələrdir və bunların həllinə müxtəlif yanaşmalar mövcuddur. Bununla yanaşı onu da qeyd etmək istəyirəm ki, istənilən münaqişənin həlli istiqamətində müəyyən elementlər və prinsiplər var ki, bunlar bir növ universal olan amillərdir. Hər bir konfliktin həll olunması üçün müxtəlif bir zəmin yaradırlar. Düşünürəm ki, biz Dağlıq Qarabağ münaqişəsinə məhz bu nöqteyi nəzərdən yanaşmalıyıq. Yəni ki, sözügedən elementləri və prinsipləri toplayaraq onlara hörmətlə yanaşılmasını təmin etməliyik. Düşünmürəm ki, müxtəlif münaqişələri eyniləşdirib eyni təsir metodundan istifadə etmək olar.

- Cənab Uorlik, 15 il öncə həmsədrlər münaqişənin həlli ilə bağlı regiona səfərə gəlirdilərsə, o zaman istənilən halda ölkə əhalisində də onların gəlişini gözləmək üçün bir maraq var idi. Yəni insanların onlara qarşı bir ümidi vardır. Belə ki, həmsədrlər münaqişəni sül yolu ilə həllində bizə yardımçı olacaqlar. Amma zaman keçdikcə həmsədrlərin gəlişi və gedişinə artıq sadə Azərbaycan vətəndaşı da onların səfərlərinə turist səfəri kimi baxmağa başladı. Həmsədrlər bu stereotipi dağıtmaq üçün nə edə bilərlər?

- Biz Azərbaycana və Ermənistana hər səfərimizdə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində vasitəçilik işini həyata keçiririk. Münaqişənin həll olunması istiqamətində həll yolunun tapılması və razılaşdırılması bilavasitə Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də sözü gedən dövlətlərin hakimiyyətlərinin bir növ seçimidir.

- Bu gün cənab prezident İlham Əliyevlə görüşdünüz. Hansı təkliflərlə gəlmişdiniz və dövlət başçsından nələri eşitdiniz?

- ATƏT-in həmsədrləri olaraq görüşlərə dair bəzi məlumatları gizli saxlamalıyıq. Sadəcə olaraq onu deyə bilərəm ki, biz prezidentlə görüşümüz zamanı onu müşahidə etdik ki, cənab İlham Əliyev həqiqətən sülhsevərdir. O problemin sülh istiqamətində həllində maraqlıdır. Bizim apardığımız işi yaxşı qiymətləndirən prezident məsələ ilə bağlı öz baxışlarını da bizimlə paylaşdı. Onu da qeyd etmək istərdim ki, Azərbaycan prezidenti ilə hər dəfə görüşəndı bizim üçün faydalı olur. Çünki, o, həmişə açar olan məsələlərə öz diqqətini yönəldir. Düşünürəm ki, bu baxımından prezident İlham Əliyevlə görüşlər keçirmək faydalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm