“Vaşinqton üçün Cənubi Qafqazın qiyməti artıb” – rusiyalı ekspert
Bizi izləyin

Nida.az

“Vaşinqton üçün Cənubi Qafqazın qiyməti artıb” – rusiyalı ekspert

“ABŞ Cənubi Qafqaz ölkələrinə xüsusi diqqət ayırmaqda davam edir. Bu regionda Vaşinqtonun maraqlarının azaldığını demək çətindir. Xüsusilə Ukraynadan sonra Cənubi Qafqazın önəmi daha da artdı”.


Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici siyasət tədqiqatlar və təşəbbüslər institutunun baş direktoru, Rusiya Federasiyası İctimai Palatasının üzvü Veronika Kraşeninnikova deyib.


Onun sözlərinə görə, iyul-avqust aylarından etibarən regionda NATO-nun hərbi təlimləri güclənib, müxtəlif amerikalı məmurların səfərləri müşahidə olunub: “ABŞ bu regionun əhəmiyyətini əla anlayır və Ukrayna böhranı kontekstində region ölkələrinin əhəmiyyəti artıb. Bununla bağlı biz “ABŞ və NATO-nun Cənubi Qafqazda strateji planları” məruzəsini hazırlamışıq. Təfərrüatlarına nəzər saldıqda, amerikalılar və müttəfiqlərinin regiona təşəbbüs etdiklərini görürük”.


Cənubi Qafqazın ən qədim münaqişəsi olan Dağlıq Qarabağ haqda danışan rusiyalı analitik hesab edir ki, bu, keçmiş SSRİ, onun varisi Rusiya, Azərbaycan və Ermənistan tarixində ən faciəli səhifələrdən biridir: “Bu münaqişə bir şeyi sübut etdi: çoxmillətli quruluşların dağılmasında belə millətlərarası münaqişələr əvəzsiz rol oynayır. Necə ki SSRİ-nin, eləcə də Yuqoslaviyanın taleyində biz bunu müşahidə etdik. Bu gün Ukraynanın Cənub-Şərqində baş verənlər də bir növ bu tarixi dərsləri xatırladır”.


Onun sözlərinə görə, Rusiyanın münaqişələrin həllində təcrübəsi var. V. Kraşeninnikova regionda sülhün və sabitliyin olmasını Rusiya üçün əhəmiyyətli amil adlandırıb.


“Rusiya bu gün Azərbaycan və Ermənistanla uğurlu əməkdaşlıq edir. Bakı ilə münasibətlər öz dinamikası ilə seçilir. Bizim siyasi, iqtisadi, hərbi əməkdaşlığımız mövcuddur. Bu münasibətlərdə Azərbaycan rəhbərliyini siyasi müdrikliyini xüsusilə qeyd etmək lazımdır. Bu müdrikliyin nəticəsində Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri yüksək səviyyədə qalır”, - deyə o vurğulayıb.


Rusiyalı analitik Ermənistanla münasibətlərə toxunub və bu ölkənin Avrasiya İqtisadi İttifaqında təmsil olunması faktoruna diqqət çəkib.


V. Kraşeninnikovaya görə, Cənubi Qafqaza kənar müdaxilələrdən sığortalanmaq üçün münaqişələr həll olunmalıdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm