Sərdar Cəlaloğlu: “Müsavat düzəlir, AXCP Məşədi İbad kimi davranır”
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu: “Müsavat düzəlir, AXCP Məşədi İbad kimi davranır”

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədrinin fikrincə, AXCP demokratiyanın mahiyyətini anlamır: “Demokratiyanın iki prinsipi var: əksəriyyət və konsensus. Əksəriyyət prinsipi mübarizə, konsensus isə əməkdaşlıq tələb edir.

Azərbaycanda insanların çoxu əksəriyyət prinsipini rəhbər götürür. Bu da bolşevik təfəkkürü deməkdir. Konsensus, razılaşma olmayan ölkədə demokratiyadan danışmaq yersizdir. Konsensusun nə olduğunu başa düşməyən qüvvələr razılaşmanı üstün tutanları satqın kimi qələmə verirlər. Biz rəqabət aparanda bir-birimizə qarşı piar edirik. Hər birimizin nöqsanını göstərib, onu qabartmalıyıq.

Biz onları əvəzləmək istəyiriksə, onların zəif tərəflərini tənqid etməliyik. Əməkdaşlıqda isə tərəflər bir-birinin yalnız yaxşı tərəflərini görüb onun əsasında yaxınlaşmalıdır. Yəni mən iqtidarın hansısa bir hərəkətini tərifləyirəmsə, yaxud iqtidar müxalifətin hansısa qüvvəsini tərifləyirsə, belə çıxır ki, bu satqınlıqdır. Halbuki söhbət əməkdaşlığın fəlsəfəsindən gedir. Məşədi İbadın bir əhvalatı var: “Aç qapını, gəlib səni öldürək”. Siyasi dialoqa bu cür yanaşmaqla, dialoq baş tutmaz. Çünki içəridəki bilir ki, sən onu öldürməyə gəlmisən, o, qapını açarmı?”

S. Cəlaloğlu AXCP-ni Məşədi İbada bənzədib. Onun sözlərinə görə, cəbhəçilər dialoqa bu personaj kimi yanaşır: “Düşünürlər ki, dialoq onların hakimiyyətə gəlməsi üçün təşkil edilməlidir. Hansı iqtidar belə dialoqa gedər? Bu, dialoqu başa düşməməkdən irəli gəlir. Siyasi dialoqda hakimiyyət məsələsi yox, siyasi inkişaf məsələsi həll olunur. Kimlər üçün siyasi inkişaf yox, hakimiyyət maraqlıdırsa, dialoqa gəlmir”.


ADP sədri Müsavatın mövqeyini alqışlayıb. Onun fikrincə, Müsavat Partiyasının dialoqa yanaşmasında irəliləyişlər var.


“Müsavat daha çox dialoqun effektli olması problemini önə çəkir. Yəni ehtiyatla yanaşır, predmetin və formatın konkretləşməsini gözləyir. Biz keçən görüşdə bunu müəyyələşdirmişik. Artıq Müsavat Partiyasının qarşısında qeyri-müəyyənlik yoxdur. Konkret olaraq format və predmet məlumdur. Onlar da format və predmetin məlum olacağı təqdirdə görüşə gələcəklərini açıqlamışdılar. Üçüncü dialoqda Müsavat Partiyasının iştirakı labüddür. Dialoqa satqınlıq kimi baxan AXCP kimi partiyanın orda iştirak etməməsi daha yaxşıdır”, - deyə o bildirib.


ADP sədri növbəti görüşlərdə aktual olan məsələlərdən də danışıb. Onun sözlərinə görə, Qarabağ mövzusu bütün dövrlər üçün aktual olduğu üçün bu məsələdə iqtidar-müxalifət arasında fikir ayrılığı yoxdur: “Qarşıdakı görüşlərdə ən aktual məsələlərdən biri seçkilərlə bağlı olacaq. Çünki seçki yaxınlaşır və seçki mühitinin yaxşılaşdırılması, islahatların aparılması kimi məsələlər müzakirə olunacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm