• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Cənubi Qafqazda Ağ Ev – Kreml savaşı: Nulandın Bakı səfərinin pərdəarxası – Təhlil

  • Nida.az
  • 17 Fevral 2015 17:55
  • 1 384 Baxış
Cənubi Qafqazda Ağ Ev – Kreml savaşı: Nulandın Bakı səfərinin pərdəarxası – Təhlil

ABŞ Cənubi Qafqaza dair strateji planlar hazırlayır. Azərbaycan Avropanın taleyinin həllində addımlarını sürətləndirir. Gərginləşən Vaşinqton-Bakı münasibətlərində buzlar hələ də əriməyib.


Son dövrlər qabarıq şəkildə görünən bu siyasi tezislər fonunda ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın Cənubi Qafqaza səfəri diqqət çəkməyə bilməz.


Viktoriya Nuland: Xanım siyasətçi Vaşinqtonun ən təcrübəli diplomatlarından hesab olunur. Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi olan Nuland Ukrayna böhranında aktivliyi ilə yadda qaldı. Maydan hadisələrinin mərkəzində dayanan isimlərdəndir. Avropa Birliyinin siyasətini sərt tənqid edən siyasətçilərdən olan Nuland daha çox problemləri kökündən həll etməyin tərəfdarı kimi çıxış edir.


Xanım Nuland son bir neçə ildə Azərbaycana səfər etmiş ən yüksək amerikalı məmurdur. Onun Cənubi Qafqaz turnesinin arxasında Ağ Evin regiona aid strategiyası dayanmaqla yanaşı, bu turneyə Bakıdan başlaması da təsadüfi deyil. Ötən ilin ortalarından başlayaraq Vaşinqton-Bakı münasibətlərində gərginliyin sabit ağır olaraq qalması ABŞ-ın regiona dair siyasəti üçün sərf etmirdi. Məhz buna görə nüfuzlu ABŞ konqresmenləri Azərbaycanın önəmini Obama administrasiyasının diqqətinə çatdırırdı. Morninqstarın gedişindən yalnız 7 ay sonra Vaşinqton yeni səfirini Bakıya göndərdi. 12 fevralda Bakıda təyyarədən düşən Sekutanın Azərbaycanda ilk işi gəlişindən 4 gün sonra Nulandı eyni hava limanında qarşılamaq oldu. Görünür, Vaşinqton Cənubi Qafqaz strategiyasında Bakının önəmini anlayıb, yaxud Ağ Evdə kimsə Azərbaycana yönəlik “müəllim ritorikası”nın ABŞ-ın özünə ziyan olduğunu dərk edib.


Nulandın regiona turnesini Bakıdan başlaması da çox şeyi deyir. Bu, “Vaşinqton Cənubi Qafqaza regionu lider ölkəsindən baxmaq qərarına alıb” tezisini müdafiə edir.

1. Azərbaycan Cənubi Qafqazın iqtisadi və siyasi cəhətdən ən güclü ölkəsidir və Avropa Birliyi ilə Assosiativ sazişə imza atmış Gürcüstanın taleyi bir çox amillərə görə Bakıdan asılıdır.

2. Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, müstəqil xarici kurs seçib və Rusiya-Qərb qarşıdurmasında tərəf olmamaq kimi çətin işin öhdəsindən gəlməyi bacarır.

3. Azərbaycanın yanında olacağı tərəf Rusiya-Qərb qarşıdurmasının Cənubi Qafqaz mərhələsində qalib olacaq.

Vaşinqton üçün Bakının önəmini kəsb edən çoxlu sayda amilləri sadalamaq mümkündür. Lakin əsas olan Obama administrasiyasının bunu anlaması və ikitərəfli əlaqələrə zərbə vuracaq ritorikalardan çəkinməsidir.

V. Nulandın Bakıda verdiyi açıqlamalarda xüsusi xətlə seçilən bir neçə məqam da xanım siyasətçinin Ağ “Ev tapşırığını” yerinə yetirdiyini göstərirdi.


“Bu gün bizə effektiv strukturlaşdırılmış dialoq lazımdır. Mən çox şadam ki, bu gün prezident İlham Əliyev bu cür dialoq formatının yaradılmasına razılıq verdi... ABŞ-la Azərbaycan arasında imzalanmış ikitərəfli strateji tərəfdaşlıq haqda sazişin bəndlərindən biri məhz insan haqları və demokratiya problemlərinə dair dialoq formatının yaradılmasını nəzərdə tutur”.


Xanım Nulandın bu açıqlaması Vaşinqton-Bakı münasibətlərində qarşıdakı mərhələdə buzların əriyəcəyi fikrini gücləndirir. Ağ Ev regionun əhəmiyyətli siyasi qüvvəsini diktə dili ilə yox, diplomatik yolla yanına çəkmək istəyir.


“Cənub qaz dəhlizi təkcə Azərbaycan deyil, həmçinin eyni enerji mənbəyindən çox asılı olan bütün Avropa ölkələri üçün vacibdir”, - deməklə Vaşinqtonun elçisi Azərbaycanın Qərb yarumkürəsi üçün etdiklərini unutmadıqları mesajını verdi.


Nəhayət, Dağlıq Qarabağ münaqişəsi. Xanım Nuland münaqişə ilə bağlı klassik Amerika mövqeyini ifadə etsə də, kəlbəcərli girovlarımızın qaytarılmasının vacibliyini vurğulaması və bunu İrəvanda da dilə gətirəcəyinə söz verməsi müəyyən işartılardan xəbər verir.


Görünür, Vaşinqton Bakının ərazi bütövlüyünü bərpa etmək prinsipinə yanaşmasında mövqeyini düzəltmək qərarına gəlib və bunu kəlbəcərli girovların azad olunmasına töhfə verməklə nümayiş etdirmək niyyətindədir.


Təbii ki, bunun baş verməsi Ağ Evin rəsmi Bakı üçün önəmini artıra bilər. Bu isə ümumi fonda Moskvanın qiymətini dəyərdən salmaqla nəticələnəcək.


V. Nulandın Cənubi Qafqaz turnesi də məhz buna hesablanıb: Kremlin Cənubi Qafqazda mövqelərini vurmaq.


Fevralın ilk günlərində Vaşinqtonda keçirilən “Ukraynadan sonra Cənubi Qafqazda enerji məsələləri və təhlükəsizlik” mövzusunda toplantı Nulandın səfəri kontekstində yada salınmalıdır. Toplantıda amerikalı ekspertlər Rusiyanın Cənubi Qafqazda möhkəmlənən mövqelərindən və ABŞ-ın gecikmədən hərəkətə keçməsinin vacibliyindən danışdılar.


Rusiya Federasiyası İctimai Palatasının üzvü Veronika Kraşennikovanın bu gün Rusiya KİV-inə açıqlaması da bu kontekstdə diqqət çəkir.


“ABŞ bu regionun əhəmiyyətini əla anlayır və Ukrayna böhranı kontekstində region ölkələrinin əhəmiyyəti artıb. Bununla bağlı biz “ABŞ və NATO-nun Cənubi Qafqazda strateji planları” məruzəsini hazırlamışıq. Təfərrüatlarına nəzər saldıqda, amerikalılar və müttəfiqlərinin regiona təşəbbüs etdiklərini görürük”, - deyə xanım Kraşeninnikova bildirir.


Görünür, Vaşinqton düyməyə basıb: Kreml Cənubi Qafqazdan qovulmalıdır. Vaşinqtondakı toplantıdan sonra Dövlət katibinin müavinin regiona turnesinin pərdəarxası nüansları açığa çıxır.
“Cənubi Qafqazda enerji məsələləri” (konfransın adında belə deyilirdi – red.) dedikdə təbii ki, söhbətin Azərbaycandan getdiyi sirr deyil. Xanım Nulandın turneyə Bakıdan başlaması da bu mənada aydın olur.

Dövlət katibinin müavinin Bakı səfəri bir ehtimalı da gücləndirir: Yaxın vaxtlarda Bakı yüksək səviyyəli Rusiya rəsmilərini qəbul edəcək. Tarixi təcrübə məhz bu fikrin müdafiəsinə əsas yaradır.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR