Vurğun Əyyub Divanın növbəti toplantısında Müsavatdan çıxarılacaq
Bizi izləyin

Nida.az

Vurğun Əyyub Divanın növbəti toplantısında Müsavatdan çıxarılacaq

Müsavat Partiyası rəhbərliyinə qarşı çıxan ADR üzvü Vurğun Əyyub da partiyadan çıxarılacaq.


Bu barədə Publika.az-a Müsavata yaxın mənbədən məlumat daxil olub.


Məlumata görə, Müsavatdan çıxarılan Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsis konfransından sonra orda təmsil olunan partiya üzvləri haqda ciddi tədbirlər görüləcək. İlkin ehtimallara görə, V. Əyyub da Divana dəvət olunacaq və onun barəsində Q. İbadoğlu haqda verilən qərar veriləcək. Mənbə keçmiş başqan İsa Qəmbərin Arif Hacılıya narazılarla bağlı sərt addımlar atmasına razılıq verdiyini deyib.


Teleqraf.com-un məlumatına görə isə V. Əyyub ötən həftənin şənbə günü
üzvü olduğu Müsavatın rayon təşkilatının özəyinə dəvət edilib. Lakin o, Bakıda olmadığını əsas gətirərək dəvəti qəbul etməyib.


Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı Publika.az-a açıqlamasında V. Əyyubun dəvət edilməsi haqda məlumatsız olduğunu deyib. Lakin o, Müsavat nizamnaməsini pozan hər kəsin cəzalandırılacağını da istisna etməyib.


“Müsavatın nizamnaməsi bütün partiya üzvlərinə şamil edilir. Burda kiməsə, nəyəsə görə güzəşt yoxdur. İndiyə qədər atılan addımlar nizamnaməyə uyğun olub, bundan sonra da nizamnaməni pozanlara qarşı güzəşt edilməyəcək”, - deyə o bildirib.


Müsavat Partiyasının Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanov Publika.az-a açıqlamasında partiyada V. Əyyubun çıxarılmasını tələb edən üzvlərin olduğunu deyib: “Vurğun bəy özünü Məclis üzvü saymadığını və həmin qurumun legitimliyini tanımadığını bəyan edib. Buna görə də onun Məclis üzvlüyündən xaric edilməsi məsələsi qaldırılmışdı, amma sonraya saxlanıldı. Bəzi Müsavat üzvlərinin nizamnaməyə zidd fəaliyyətləri ilə bağlı rayon təşkilatlarından rəhbərliyə çoxlu müraciətlər var. Onlar bu hallara son qoyulmasını tələb edirlər. Yaxın vaxtlarda müraciətlərə baxılacaq və müvafiq qərar qəbul ediləcək. Partiyanın ideoloji xəttinə qarşı çıxanlar, onun ictimai nüfuzuna xələl gətirənlər, partiyaya qarşı açıqlamalar verənlər cəzalandırılacaq. Onların barəsində mütləq tədbirlər görüləcək”.


Şöbə müdiri qeyd edib ki, partiya əleyhinə fəaliyyət göstərən şəxslərin hələ də Müsavatda qalması üzvlərin narazılığına səbəb olub.

Qeyd edək ki, ADR-in təsis konfransı fevralın 21-də, həftənin şənbə günü keçiriləcək.


Müsavata yaxın mənbənin məlumata görə, fevralın 23-də - gələn həftənin birinci günü keçiriləcək Divanın iclasında V. Əyyub və bir sıra narazılar haqda qərar verilə bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm