Abbas Abbasov Söyün Sadıqovu diz çökdürdü – Kreml oyuna girdi
Bizi izləyin

Nida.az

Abbas Abbasov Söyün Sadıqovu diz çökdürdü – Kreml oyuna girdi

Rusiya Azərbaycanlılarının Federal Mədəni Muxtariyyəti - “AzərRos”da Abbas Abbasov - Söyün Sadıqov qarşıdurmasında dönüş baş verib.


Publika.az-ın Moskvadakı mənbələrdən əldə etdiyi məlumata görə, Söyün Sadıqov Abbas Abbasovun martın 6-da keçirəcəyi qurultaya münasibətini dəyişib. Belə ki, o, bunu “Azərros”un birləşdirici qurultayı adlandırıb.


“Təşkilatın bütün üzvlərinə qarşılıqlı güzəşt əsasında əməkdaşlıq məsələləri təklif olunub. Bu baxımdan, martın 6-da keçiriləcək qurultayı “Rusiya azərbaycanlılarının birləşdirici qurultayı” adlandırmaq mümkündür”, - deyə o bildirib.


Mənbə bu tapşırığın Sadıqova Kreml tərəfindən verildiyini hesab edir.


“Bu təşkilat birbaşa Kremlin xeyir-duası ilə yaradılıb. Moskva əsas fiqur kimi Abbas Abbasovu tanıyır. Ona görə də Söyün Sadıqovun “Azərros”u parçalamasının qarşısını almaq qərarına gəlib. Yanvarın 17-də Sadıqovun keçirdiyi növbədənkənar qurultaydan sonra qarşıdurma güclənmişdi və Abbasov martın 6-na revanş qurultayı təyin etmişdi. Lakin Sadıqovun bu “sülhpərvər” çıxışı tərəflərin razılaşdığını göstərir. Məlumatlara görə, martın 6-da keçiriləcək qurultay təşkilatın parçalanmasının qarşısını alacaq. Sadıqov “Azərros”da hansısa vəzifə alacaq və əvvəlki kimi Abbasovla birgə işləyəcək. Bu tapşırıq məhz Kremldən gəlib”, - deyə mənbə qeyd edib.


Söyün Sadıqovun güzəştə getməsinə fevralın ilk həftəsində baş verən bir hadisənin səbəb olduğu haqda məlumatların olması diqqət çəkir. Belə ki, fevralın 7-8-də Abbasovun kurasiyasında olan təşkilatın www.fnkaa.ru saytına haker hücumu olub. Hücumdan sonra saytda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu haqda mənfi məqalələr yayılıb. Müdaxilədən sonra problem aradan qalxsa da, bu, qalmaqala səbəb olub. Abbasov qruplaşması bu hücumun arxasında Sadıqovun dayandığını düşünür.


Mənbənin məlumatına görə, bu hadisə bütün körpülərin yandırılması və tərəflərin bir-birinə qarşı mübarizədə bütün vasitələrə əl atdığını göstərdi. Məhz bundan sonra tərəflərin yaxınlaşdırılması və qarşıdurmaya son qoyulması haqda Kremldən tapşırıq gəlib: “Abbas Abbasov güclü adamdır və Sadıqovun onunla baş-başa gəlməsi mümkün deyil. Bunu Sadıqovun özü də yaxşı bilirdi. Görünür, o, “qiyamçı” olmaqla öz çəkisini artırmaq istəyibmiş”.


Hər şey martın 6-da baş tutacaq qurultayda bəlli olacaq. S. Sadıqov Abbasova güzəştə getsə də, son anda hər şey dəyişə bilər. Mənbə baş verən oyunların ciddi xarakter aldığını bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm