Xocalı qurbanları Dublində də anıldı
Bizi izləyin

Nida.az

Xocalı qurbanları Dublində də anıldı

Fevralın 16-də İrlandiyanın paytaxtı Dublin şəhərində “The Light House” kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən “Justice for Khojaly!” (Xocalıya ədalət!) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) adlı kitabın təqdimatı keçirilib.

Tədbirə qatılanlar arasında İrlandiyanın 80-ə yaxın tanınmış ictimai-siyasi və incəsənət xadimləri, mətbuat nümayəndələri, Dublində akkreditə olunmuş Türkiyə, Argentina və Niderland səfirliklərinin diplomatları, eləcə də Dublin Şəhər Universitetinin professoru və İrlandiya Dövlət Yayım Şirkəti olan “RTÉ”-nin keçmiş sədri Farrel Korkoran, “Mediascope” şirkətinin diktoru Ellen Qanninq də var idi.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Kommunikasiya və Marketinq üzrə meneceri Leon Kuk giriş nitqində bildirib ki, “Xocalıya ədalət !” təbliğat-təşviqat kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Beynəlxalq aləmdə uğurla həyata keçirilən təbliğat-təşviqat kampaniyasının missiyası dünya ictimaiyyətini Xocalı dəhşətləri haqqında müfəssəl məlumatlarla təmin etməkdir. O, qeyd edib ki, kampaniyanın dünya ictimaiyyətinin diqqət mərkəzində olması faktı bölgədə ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürü kimi qiymətləndirmək lazımdır. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın 100 ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib: “ “Xocalıya Ədalət !” kampaniyası çərçivəsində silsilə tədbirlər London, Paris, Strasburq, Brüssel, Berlin, Bern, Lüksemburq, İstanbul, Ankara, Roma və Vilnüsda təşkil ediləcək”, – deyə Leon Kuk vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə müvəfəqiyyətlə həyata keçirilən “Xocalıya ədalət !” kampaniyası çərçivəsində nümayiş olunan “Endless Corridor” (“Sonsuz Dəhliz”) filmi haqqında məlumat verən Leon Kuk bildirib ki, bu film layihəsi litvalı jurnalist, 1992-ci il fevralın 26-dan 27-nə keçən gecə Xocalıda baş vermiş qətliamın səhərisi gün hadisə yerində olan Riçard Lapaitisin xatirələri əsasında baş tutub. Filmdə Riçard Lapaitis o vaxtdan bəri unuda bilmədiyi hekayəti - Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini iyirmi ildən sonra hərbi müxbir kimi nəql edir. Kukun sözlərinə görə, R.Lapaitis Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında “Sonsuz dəhliz” də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayətlərini dinləyir. Filmdə Qafqaz dağları əhatəsində yerləşən Xocalı şəhərində Ermənistan və keçmiş Sovet ordusunun Xankəndində dislokasiya olunmuş 316-cı alayının əsgərləri tərəfindən müdafiəsiz azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın barədə həqiqətin üstü ilk dəfə açılır.

Bu təsirli filmdə 50 qonşusunun həyatını xilas etmiş, lakin həyat yoldaşını itirmiş və aylarla işgəncələrə dözməli olduğu əsirlikdə qalmış musiqiçinin hekayəsi barədə bəhs edilir. Filmin müəllifləri bu qanlı hadisənin qəhrəman və qurbanlarını, təcavüzkar və şahidlərini ilk dəfə bir araya gətiriblər.

Xatırladaq ki, müstəqil prodüserlər – litvalı Aleksandr Brokas və amerikalı Cerald Rafşunun birgə ərsəyə gətirdikləri “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı sənədli film erməni təcavüzünün qorxunc nöqtəsini üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən canlı sənədli filmdir. “Sonsuz dəhliz” filmi britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib. Ceremi Ayronz Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) “Academy Award”, Cerald Rafşun isə ABŞ-ın “Emmy Award” mükafatlarına layiq görülüblər. Filmin premyerası ötən ilin iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. Film Azərbaycan, türk, fransız, italyan, ispan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

İrlandiya Parlamentinin qocaman senatoru Terri Leyden “Sonsuz dəhliz” sənədli filmini böyük ekranlara gətirən litvalı prodüser və rejissor Aleksandras Brokasa, onun amerikalı həmkarı Cerald Rafşuna təşəkkürünü bildirib. Filmin istehsalı üçün 5 il sərf olunduğunu deyən senator qeyd edib ki, layihəyə regionda yaranmış vəziyyətə dair müstəqil rəy vermək məqsədi ilə 15 ölkədən mütəxəssislər cəlb edilmişdir: “Bu gecə nümayiş olunan sənədli filmdə real münaqişə, real insan həyatları, real faciə barəsində bəhs edilir. Uzun illər beynəlxalq səviyyədə - istər Brüsseldə, Strasburqda, istərsə də Avropanın kənarında müxtəlif səviyyəli dialoqlarda fəal iştirak edən bir siyasətçi kimi, mən Azərbaycan, onun xalqı, onu narahat edən məsələlər barədə çox şey öyrənə bilmişəm. Bunların arasında ən vacibi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir”,- deyə Terri Leyden vurğulayıb.

Məlumat üçün bildirək ki, “Khojaly Witness of a war crime – Armenia in the Dock” adlı kitab ingilis dilində Londonun “İTHACA PRESS” nəşriyyatında çap edilmişdir. Kitab rus və türk dillərinə də tərcümə edilib.

Sözügedən kitab 1992-ci il 26 fevral Xocalı hadisələrini ilkin mənbələrə əsasən sənədləşdirilən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm