Ankarada Xocalı soyqırımı anıldı - FOTOLAR
Bizi izləyin

Nida.az

Ankarada Xocalı soyqırımı anıldı - FOTOLAR

Fevralın 17-də Ankarada “CerModern” Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən “Justice for Khojaly!” (Xocalıya ədalət!) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandelyesinde” (“Khojaly Witness of a War Crime: Armenia in the Dock”) adlı kitabın və “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin nümayişi və təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində türk dilində nəşr edilən “Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandelyesinde” kitabına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ön söz yazıb. “Ön söz”də göstərilir ki, bu kitab Xocalı faciəsi haqda Qərbdə ingilis dilində nəşr olunmuş ilk müstəqil nəşrdir. Faktlara əsaslanan bu unikal kitabda Xocalı faciəsinin şahidləri ilə müsahibələr, xarici mətbuatda nəşr olunmuş materiallar, əcnəbi tədqiqatçıların əsərlərindən icmallar, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatları və fotoqrafların çəkdiyi nadir fotolar yer alır. “Ön söz”də kitabın türk dilinə tərcüməsi də yüksək qiymətləndirilir və onun oxucularının “Xocalıya ədalət!” kampaniyasına hərtərəfli dəstək verəcəyinə ümid ifadə olunur.

“Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilmişdir. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulmuş, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilmişdir. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Tədbirdə yüzdən çox qonaq - siyasətçilər, diplomatlar, incəsənət xadimləri, Türkiyə parlamentinin üzvləri və mətbuat nümayəndələri iştirak edib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter tədbirdə çıxış edərək deyib ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində belə tədbirlər təşkil etməkdən böyük məsuliyyət duyuruq. Bu kampaniya Xocalı dəhşətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başlayıb. Kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın yüz ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib.

Türkiyə Böyük Millət Məclisi Xarici Əlaqələr Komitəsinin üzvü və İğdır millət vəkili Sinan Oğan çıxış edərək türk xalqına və Türkiyə hökumətinə müraciət edib. Millət vəkili deyib ki, Xocalı faciəsi haqqında Türkiyənin hər yerində məlumatlandırma aparılmasına ehtiyac vardır. O, Xocalı haqqında tədqiqatlar aparmağın, kitablar yazılması və nəşrinin, həmçinin insanların informasiya ilə təmin edilməsinin əhəmiyyətini vurğulayıb. Sinan Oğan bildirib ki, “ Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandelyesinde” kimi kitablar gərək Türkiyədəki universitetlərə, məktəblərə və kitabxanalara paylansın.

Millət vəkili deyib: “Bu faciə sadəcə azərbaycanlılara qarşı yönəlmiş bir qətliam deyil. Bu, bütünlükdə türk xalqlarına qarşı yönəlmiş soyqırımıdır”.

Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov çıxışında bildirib ki, “Xocalıda baş vermiş ədalətsizliyə göz yummaq olmaz. Ədalətə nail olunmalı və bu, həyata keçirilməlidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təşkil edilən “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə uğurla irəliləməkdədir”.

Tədbirdə çıxış edən Xocalı faciəsinin şahidi Valeh Hüseynov şəxsən özünün başına gələnlərdən - həyat yoldaşını necə itirməsindən, soyqırımı həyata keçirən Ermənistan hərbçilərinin ona və digər əsirlərə verdiyi işgəncələrdən danışıb. O, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası təşəbbüsü ilə çıxış etdiyi üçün Leyla xanım Əliyevaya öz minnətdarlığını bildirib: “Dünya ictimaiyyəti bu faciədən xəbərdar olmalıdır. Çoxlarının görməzliyə vurduğu, insanlıq əleyhinə törədilmiş bu faciədən hamı xəbərdar olmalıdır!”

Valeh Hüseynov deyib ki, beynəlxalq ictimaiyyət bu soyqırımı tanımalı və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır. O, tədbir iştirakçılarına xatırladıb ki, Azərbaycan Cənubi Qafqazda ən inkişaf etmiş ölkə və işğal olunmuş ərazilərini hər vasitə ilə qaytarmağa qadir olmasına baxmayaraq münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Həm “Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandelyesinde” kitabı, həm də “Sonsuz dəhliz” filmi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm