"Bu döyüşün bizə böyük təsiri olacaq" - Vəfa Quluzadə
Bizi izləyin

Nida.az

"Bu döyüşün bizə böyük təsiri olacaq" - Vəfa Quluzadə

Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popovun (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin regiona səfəri başa çatıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən həmsədrlərin açıqlamaları müəyyən ehtimallar irəli sürməyə imkan verir. Məsələn, Azərbaycan tərəfi Böyük Sülh Müqaviləsinin müddəaları üzərində işə başlamağa hazır olduğunu bəyan etsə də, Ermənistan bundan yayınır. Bu ölkənin xarici işlər naziri Eduard Nalbəndyan deyib ki, Ermənistan və Qarabağ razılıq verərsə, Böyük Sülh Müqaviləsi üzrə işə başlamaq mümkün olacaq. Bu isə o deməkdir ki, Ermənistan separatçıları danışıqlar prosesinə cəlb etmək istəyir və deməli, bu günə qədər razılaşdırılan prinsiplərin üzərindən xətt çəkir və danışıqların sıfırdan başlanılmasına çalışır. Politoloq Vəfa Quluzadə həmsədrlərin regiona səfərinin yekunları ilə bağlı fikirlərini Teleqraf.com-a açıqlayıb.

- Vəfa müəllim, həmsədrlərin son səfəri ilə bağlı təəssüratlarınızı necədir. Bu səfər nə ilə yadda qaldı?
- Səfərlərin olması müsbət haldır. Deməli, münaqişəyə biganə deyillər. Eyni zamanda deməliyəm ki, həmsədrlər guya bu gün-sabah Qarabağ münaqişəsi həll olunacaq görüntüsünü yaratmaq istəyirlər. Bu cür bəyanatlarla onlar tərəflərə təsir göstərmək istəyirlər ki, cəbhədə qızğın döyüşlərdən əl çəksinlər. Şəxsən mən sülhün bərqərar olmasını real saymıram. Yenə də köhnə mahnılar ifa olunur. Deyirlər ki, gərək tərəflər razılığa gəlsinlər. Tərəflər razılığa gələ bilsəydilər, bunu çoxdan etmişdilər və bu vaxta qədər sülh əldə olunmuşdu. Biz erməni millətçiliyini götürsək, görərik ki, onlar Dağlıq Qarabağa azadlıq tələb edirlər və ikinci erməni dövlətinin yaradılmasını istəyirlər. Həmçinin onlar işğal olunmuş torpaqları "azad olunmuş erməni torpaqları" adlandırırlar. Bu cür vəziyyətlə Azərbaycan necə razı ola bilər? Bunun pərdəarxası ondan ibarətdir ki, Ermənistan müstəqil dövlət deyil. Ermənistan millətçiliyi də Rusiya tərəfindən formalaşdırılır. Moskva millətçiləri ona görə elə formalıaşdırır ki, Ermənistanla Azərbaycan arasında heç vaxt sülh olmasın. Vəziyyət belədir. Mən bilmirəm ki, həmsədrlərin bəyanatlarını kim ciddi hesab edir? Bunlar boş söhbətlərdir. Nuland gəldi bura, sonra ora getdi və dedi ki, bir neçə aydan sonra sülh razılaşması olacaq. Bunlar boş söhbətlərdir. Heç kəs inanmır ki, bir neçə aydan sonra tərəflər arasında sülh olsun. Azərbaycan silahlanıb, Ermənistan da Rusiya tərəfindən silahlandırılıb və Moskva tərəfindən komanda gözləyir. Nə vaxt Kremldən komanda gəlsə, böyük müharibə başlayacaq. Qarabağ müharibəsinin başlanması Rusiyanın strategiyasından asılıdır. Bilirsiniz, Rusiya Cənubi Qafqazda nüfuzunu itirməkdə davam edir. Rusiya Gürcüstanla əlaqələrini itirib. Diplomatik əlaqələr yoxdur. Azərbaycan müstəqil dövlətdir, xarici siyasətdə balans qorunur. Ona görə də Azərbaycanı Rusiyadan tam asılı ölkə hesab etmək olmaz. Rusiyanın əsas əlaltısı olan Ermənistanda hazırda Rusiya əleyhinə böyük aksiya keçirilir. Niyə görə? Çünki onlar Rusiyadan narazıdır. Ermənilər müharibənin nəticəsini görmək istəyirlər. İstəyirlər ki, onları qalib kimi təbrik etsinlər, əllərini sıxsınlar və Dağlıq Qarabağın müstəqilliyi elan olunsun. Ermənistan hər hansı bir sülhə hazırdır, amma Moskva qoymur. Ermənistan da, Azərbaycan da Rusiyadan narazıdır. Ona görə də ruslar Cənubi Qafqazda münaqişə ocaqlarının qalmasında maraqlıdır. Həqiqətən də Rusiya buradakı münaqişələri həll edə bilər. Qarabağa qoşun yeridər, vəziyyəti nəzarəti altına alar. Dağlıq Qarabağı ermənilərə, 7 rayonu isə Azərbaycana verə bilər. Onda 1920-ci ildə olduğu kimi Rusiya öz siyasətini diktə edəcək. Bunlar ola bilər və mən bundan çox şübhəliyəm. Amerika və Avropa buna fikir verməlidir. Bilməlidilər ki, Rusiyanın Cənubi Qafqazla bağlı planı nədən ibarətdir. İndi mən bilmirəm ki, Qərbin Rusiyanı cilovlamaq imkanı var, ya yox. Ukraynada bu cəhdləri edirlər. Burada da etməlidirlər.

- Siz bütün məsuliyyəti Rusiyanın üzərinə atırsız. Amma Qərb Ermənistana işğal olunmuş əraziləri boşaltmaq üçün təziyiq etmir. Əksinə Ermənistanla çox yumuşaq tərzdə danışırlar və işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymurlar. Bunu necə izah etmək olar?
- Bəli, düz deyirsiniz. Qərb ona görə təzyiq göstərmir ki, Ermənistan küsüb Rusiyaya daha da yaxınlaşa, onun qucağında yerini bərkidə bilər. Onlar istəyirlər ki, Ermənistan müstəqil olsun və ABŞ, Avropa onun arxasındadır. Bu halda Ermənistan Rusiyadan uzaqlaşa bilər. Bizdə bunu düzgün qiymətləndirmirlər. Çoxları düşünür ki, ABŞ və Avropa Ermənistana dəstək verirsə, deməli, Azərbaycanın düşmənidir. Əgər Ermənistan müstəqil dövlət olsa, Azərbaycanla sülh müqaviləsi imzalayacaq. Bu isə Rusiyaya sərf etmir. Bir çox sadəlövh jurnalistlər yapışıblar ki, Amerika Dağlıq Qarabağa yardım edir və s. ABŞ-ın yardımları silaha xərclənmir, hümanitar xarakterlidir. ABŞ-ın yardımlar Ermənistanda belə bir fikir yaradır ki, onların yolu Qərb olmalıdır. Bu, bizim xeyrimizədir. Ona görə də hesab edirəm ki, ABŞ və Avropanın Ermənistan siyasəti bizim əleyhimizə yox, lehimizədir. Arzu edərdim ki, sizin saytınız vasitəsi ilə bunu digər jurnalistlər də bilsin.

- Azərbaycan rəsmiləri hesab edirlər ki, Qərb Ukraynadakı separatçılarda Dağlıq Qarabağdakı separatçılar arasında fərq qoyur. Birinə sanksiyalar tətbiq etdiyi halda, digərinə yardım edir. Bu ayrı-seçkiliyi necə izah edərdiz?
- Məsələyə başqa prizmadan yanaşmaq lazımdır. Ukrayna açıq şəkildə Qərbə inteqrasiya yolunu tutub. Amma Ermənistan hələ də tərəddüd içərisindədir. 1993-cü ildə BMT 822 saylı qətnaməni qəbul edəndə Ermənistana sanksiya nəzərdə tutulmuşdu. Amma Rusiya buna imkan vermədi. Sovet imperiyası çökəndən sonra ilk dəfə olaraq ABŞ Ukrayna məsələsində Rusiya ilə baş-başa gəldi. Bu döyüşün bizə çox böyük təsirləri olacaq. Əgər Amerika Rusiyanı Ukraynada cilovlaya, yerində oturda, sanksiyalar bu ölkənin silahlanmasının qarşısını ala bilsə, Azərbaycan bu stuasiyadan faydalana biləcək. Məsələ budur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm