Azay Quliyevin ATƏT-də tarixi çıxışı: “Minsk qrupu əvəz olunsun”
Bizi izləyin

Nida.az

Azay Quliyevin ATƏT-də tarixi çıxışı: “Minsk qrupu əvəz olunsun”

Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev ATƏT PA-da Almaniya və Türkiyənin Minsk qrupu həmsədrliyinə gətirilməsi ilə bağlı təkliflə çıxış edib.


Publika.az xəbər verir ki, millət vəkili Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini deyib.


“Diqqətinizi 20 ildən artıq müddətdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış, lakin ötən dövr ərzində heç bir uğurlu nəticə əldə etməmiş Minsk qrupunun həmsədrləri ilə bağlı irəli sürmək istədiyim bir təklifə çəkmək istəyirəm”, - deyə o, ATƏT PA-nın üzvlərinə müraciət edib.


A. Quliyev qeyd edib ki, Minsk qrupunun uğursuzluğu daha effektiv mexanizmlər və yeni yanaşmalar axtarmağa vadar edir: “Belə hesab edirəm ki, hər şeydən öncə biz həmsədrlik institutunun tərkibini nəzərdən keçirməli və formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə genişləndirməliyik. Bu baxımdan, ən münasib ölkələrin Almaniya və Türkiyə ola biləcəyini nəzərə alaraq hər iki dövlətin cəlb edilməsi ilə biz Minsk qrupunun hazırkı həmsədrlik institutunu “5-lik Sədrlər Şurası” ilə əvəzləyə bilərik”.


Millət vəkili bu təklifini arqumentlərlə əsaslandırıb.


“Niyə məhz Almaniya və Türkiyə? Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir. Bundan əlavə onun hazırkı üç həmsədr dövlət olan ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa Birliyinin potensial imkanları və resurslarından, xüsusilə də Azərbaycan və Ermənistanın da üzv olduğu Şərq Tərəfdaşlıq proqramından effektiv şəkildə istifadə imkanları vardır. Bu təşəbbüslə çıxış edərkən sizə Almaniya kansleri xanım Angela Merkelin Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişənin həllində öz ölkəsinin fəal rol oynamasında maraqlı olduğu və buna hazır olması barədə bəyanatını xatırlatmaq istəyirəm. Türkiyənin isə Qafqazda çoxəsrlik tarixi əlaqələri və təsir imkanları var. Türkiyə bu imkanları yuxarıda adları çəkilən digər 4 ölkənin resursları ilə birləşdirməklə tərəflərin qısa müddət ərzində sülh sazişini imzalamasına öz töhfəsini verə bilər.

Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və əlaqələrinin yenidən qurulması istiqamətindəki danışıqlarını, Türkiyənin isə bu normallaşma prosesinin Dağlıq Qarabağ probleminin həllindən asılı olması ilə bağlı mövqeyini buna əlavə etsək, Türkiyənin həmsədrliyi bu baxımdan məntiqi və müsbət hesab edilə bilər. Ona görə də ATƏT-in hazırkı sədri, Serbiyanın xarici işlər naziri cənab Ivica Dacicdən, eləcə də ATƏT Nazirlər Şurasından xahiş edirəm ki, bu təklifimi mövcud qaydalar çərçivəsində nəzərə alsınlar”, - deyə millət vəkili qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm