Nida.az
Qarabağ üçün yeni format: ATƏT qəbul edəcəkmi?
ATƏT PA-nın Vyanada keçirilən sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev Dağlıq Qarabağ münaqişəsinin həllinə məsul olan Minsk qrupunun formatının dəyişməsi təklifi ilə çıxış etdi.
“Minsk qrupunun uğursuzluğu daha effektiv mexanizmlər və yeni
yanaşmalar axtarmağa vadar edir. Belə hesab edirəm ki, hər şeydən
öncə biz həmsədrlik institutunun tərkibini nəzərdən keçirməli və
formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə
genişləndirməliyik. Bu baxımdan, ən münasib ölkələrin Almaniya və
Türkiyə ola biləcəyini nəzərə alaraq hər iki dövlətin cəlb edilməsi
ilə biz Minsk qrupunun hazırkı həmsədrlik institutunu “5-lik
Sədrlər Şurası” ilə əvəzləyə bilərik. Niyə məhz Almaniya və
Türkiyə? Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir.
Bundan əlavə onun hazırkı üç həmsədr dövlət olan ABŞ, Rusiya və
Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa Birliyinin
potensial imkanları və resurslarından, xüsusilə də Azərbaycan və
Ermənistanın da üzv olduğu Şərq Tərəfdaşlıq proqramından effektiv
şəkildə istifadə imkanları var. Bu təşəbbüslə çıxış edərkən sizə
Almaniya kansleri xanım Angela Merkelin Ermənistan və Azərbaycan
arasında mövcud olan münaqişənin həllində öz ölkəsinin fəal rol
oynamasında maraqlı olduğu və buna hazır olması barədə bəyanatını
xatırlatmaq istəyirəm. Türkiyənin isə Qafqazda çoxəsrlik tarixi
əlaqələri və təsir imkanları var. Türkiyə bu imkanları yuxarıda
adları çəkilən digər 4 ölkənin resursları ilə birləşdirməklə
tərəflərin qısa müddət ərzində sülh sazişini imzalanmasına öz
töhfəsini verə bilər”, - deyə millət vəkilinin təklifində
deyilir.
Azərbaycanlı deputatın bu təklifi ATƏT rəhbərliyi tərəfindən
müzakirə olunmaq üçün qəbul edilib.
20 il ərzində fəaliyyətsizliyi ilə fəaliyyət göstərən Minsk
qrupunun formatında hər hansı yenilik münaqişənin həllinə töhfə
verə bilər. Lakin bu, prosedur olaraq mümkün olacaqmı?
Publika.az məsələnin mümkünlüyünü araşdırıb.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq
Natiq Miri bu təklifin xarakter etibarilə proseslərə dinamika
gətirə biləcəyini deyib: “Almaniyanın Dağlıq Qarabağ
məsələsinə yanaşmasını nəzərə alsaq, bu ölkənin Minsk qrupunda
təmsilçiliyi prosesə ədalət gətirə, beynəlxalq hüququn tətbiqi ilə
nəticələnə bilər. Bu məsələdə Türkiyə də maraqlıdır. Regionun
həlledici və daha güclü ölkələrindən olan Türkiyə qlobal səviyyədə
oynaya biləcək faktora çevrilir. Həm Avropada, həm də Avrasiyada
Ankaranın regional gücü münaqişənin həllinə impuls verə bilər.
Lakin bu məsələnin beynəlxalq situasiya baxımından praktiki olaraq
mümkünlüyü sual altındadır”.
Politoloqun fikrincə, Minsk qrupunun “5-Sədrlər Şurası”na
çevrilməsində tormozlayıcı faktorlar var: “Bu da Ermənistan və
Rusiya faktorudur. Ermənistan indiki şəraitdə Türkiyənin Dağlıq
Qarabağ probleminə spesifik yanaşmasına razılıq verməyəcək.
Həmçinin, Almaniyanın iştirakına qarşı çıxacaq. Minsk qrupu
formalaşarkən münaqişə tərəflərinin bilavasitə razılığına ehtiyac
var. ATƏT-də bütün məsələlər konsensus yolu ilə qəbul olunur. Hər
hansı ölkənin razılığı yoxdursa, bunun baş tutması mümkün
deyil”.
N. Miri Rusiya faktorunun da xüsusi önəm daşıdığını diqqətə
çatdırıb.
“Rusiya bu proseslərdə hələ də moderator kimi dominant rolunu heç
kimə təhvil vermək istəmir. Son zamanlar, məhz Rusiya problemin
həllində konkret addımlar atacağını vəd edir. Amma bu şərtlər
daxilində mümkündür. Yəni Azərbaycan Avrasiya İttifaqına daxil
olur, əvəzində Dağlıq Qarabağda müsbət irəliləyişlərə nail olunur.
Amma bu Azərbaycan üçün məqbul məsələ deyil”, - deyə o
bildirib.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, bu
təklifin səslənməsi əvvəldən razılaşdırılıb: “Azərbaycan Prezidenti
Almaniyaya səfəri zamanı güman ki, bu məsələlər müzakirə olunub.
Merkelin mətbuata bəyanatı da təsadüfi deyildi. Eyni müzakirələr
Türkiyə ilə də keçirilib və nəticədə bu təklif gündəmə gəlib. Bunun
münaqişənin həllində irəliləyişə səbəb olacağını hesab etmək olar.
Sadəcə olaraq, bundan sonra da daim üzərində işləmək lazımdır. ATƏT
rəhbərliyi məsələni müzakirə edəcəklərini açıqlayıb. Amma gərək
Azərbaycan tərəfi məsələnin üzərinə getsin”.
Politoloqun fikrincə, Ermənistanın güzəştə getməsi üçün Qərb
üzərinə gedilməlidir.
“Ukraynadan sonra post-sovet məkanındakı dondurulmuş münaqişələrə
Avropanın baxışı dəyişib. Bunun özü də müsbət yenilikdir. Belə
olduğu halda Qərb həqiqətən də münaqişənin həllini və regionda
sabitliyin bərqərar olmasını istəyirsə, İrəvana təzyiqlər
etməlidir”, - deyə o bildirib.
Rusiya faktoru fonunda İrəvana təzyiq mümkün olacaqmı?
Qərbin Ermənistanı sülhə məcbur etməsi şübhəli görünür. Hər halda
münaqişənin davam etdiyi uzun illər ərzində BMT qətnamələrinin
olmasına rəğmən, Ermənistana heç bir söz deyilməyib. Bu baxımdan
məsələ sual altındadır.
Tutaq ki, Ukrayna böhranı Qərbin gözünü açdı və eyni yanaşma Dağlıq Qarabağa da tətbiq olunacaq. Bunun özü də hələlik qaranlıq məsələdir. Çünki Rusiya-Qərb qarşıdurması müstəvisində ən aktual məsələ Ukraynadır. Hələlik Rusiyanın zəiflədiyi görünsə də, Ukraynadan kimin “sağ” çıxacağını demək çətindir. Digər tərəfdən, Kiyevdə “bataqlığa düşən” Moskva Cənubi Qafqazda əsas dayaq nöqtəsi Ermənistandan əl çəkəcəkmi? Azərbaycanlı deputatın bu təklifi olduqca təqdirəlayiqdir. Ən azından problemi beynəlxalq müstəvidə bir daha diqqətə çatdırmaq baxımından mühümdür. Lakin ümumi kontekstdə hələlik açıq qalan suallar var.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc
da məsələnin kifayət qədər mürəkkəb olduğunu hesab edir. Onun
sözlərinə görə, Azərbaycan tərəfinin təklifi beynəlxalq aləmdə
rəsmi Bakının münaqişəni güc yox, sülh yolu ilə həll edilməsi
mövqeyini bir daha sübut etdi: “Bunu avropalı siyasətçilər
görməlidir. Prosedura görə, Minsk qrupunun formatının dəyişməsi nə
qədər çətin olsa da, ən azından, təcavüzkar tərəfin tanıdılması
baxımından da bu təklif önəmli idi. İndi söz ATƏT-ə qalır. Qurumun
rəhbərliyi Ermənistanı razı sala biləcəkmi? Ermənistan rəhbərliyi
də öz növbəsində arxasındakı gücü razı salacaqmı? Bunlar cavabsız
suallardır”.
Asif Nərimanlı
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı