• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Razi Nurullayev AXCP-dən istefa verdi və sandığı açdı - “Əsrin etirafı”

  • Nida.az
  • 20 Fevral 2015 16:32
  • 1 779 Baxış
Razi Nurullayev AXCP-dən istefa verdi və sandığı açdı -  “Əsrin etirafı”

AXCP sədrini müavini Razi Nurullayev partiyada tutduğu vəzifədən kənarlaşdırılıb.


Publika.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sərəncam verib.


Ardınca Razi Nurullayev AXCP-dən istefa verdiyini bəyan edib.


R. Nurullayev “Facebook” səhifəsində istefasının səbəblərini də açıqlayıb.


“Çox təəssüf edirəm ki, yollarımız rəsmi olaraq ayrıldı. Amma heç zaman doğru bildiyim yoldan geri çəkilən deyiləm. Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdiyimi bəyan edirəm. Çünki sədrlə aramızda Himalay dağı boyda uçurum var. Bu uçurumu doldurmaq üçün partiyaya qoşulduğum zamandan çalışdım. AXCP-yə qoşulmamış Əli Kərimlini başqa cür tanıyırdım. Amma daha yaxın olduqca, gümanlarımın məni aldatmış olduğunu gördüm. O, göründüyü kimi deyilmiş.

Təəssüf edirəm. Əli Kərimliyə bir siyasətçi və insan kimi xoş münasibətimi saxlayıram və həmişə də saxlayacam. Amma siyasət aləmində onunla bir sırada getməyin mümkün olmadığını görürəm. Bu gün bir daha AXCP-də hökm sürən diktatura özünü göstərdi. İllərlə demokratiya uğrunda yorulmadan mübarizə aparmağımıza rəğmən, AXCP sədri hörmətli Əli Kərimlinin avtoritar düşüncəsi, nəinki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə deyil, hətta öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası bizim demokratiya uğrunda səmimi mübarizəmizi əngəlləyirdi və yenə əngəlləməkdə davam edir”, - deyə o bildirib.


R. Nurullayev əlavə edib ki, partiyada hörmətli Əli Kərimli daxili avtoritarizm yaradıb və heç bir daxili demokratiya yoxdur: “Partiyada azad söz də yoxdur. Təəssüf edirəm ki, hörmətli Əli bəyin tənqidə və fərqli fikrə də dözümü yoxdur. Partiya dediyimiz bir səhmdar təşkilat kimi qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Razıyam ki, birinin bir, o birinin iki, bəzilərinin isə 100 səhmi ola bilər. Amma 20 ildir ki, insanların səhmi əlində yanıb. Onlar bu səhmlərdən xeyir götürə bilməyiblər. Bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yastıq qoymalıyıq ki, gəlirik? Axı necə gəlirik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirik? Bunu qarşı oldum. Mən səhmimdən istifadə etmək istədim, səhmdar hüququmdan istifadə edib, dəyişiklik gətirmək istədim.

Buna razı olmadı. Səhmdar var, səhmlər yox dedi. Hər zaman daxili söhbətlərimiz olurdu ki, sədr şəxsiyyəti cəmiyyət tərəfindən qəbul edilən və sözünün çəkisi olan müavinlər və funksionerlər tərəfindən əhatə olunmalıdır. Ancaq hər şeyi özünün şəxsiyyəti ətrafında qurmaq və hər kəsi özünün təbliğatına cəlb etmək yanlış addımdır. Fərqli danışanı və sədrin şəxsi təbliğatında iştirak etməyənlər həmişə kənarlaşdırıldı və kənarlaşdırılmaqdadır. Niyə siz məni və yüzlərlə cəbhəçini məcbur etməlisiniz ki, bizi sizin razılaşmadığımız və əksinə olduğumuz fikir və düşüncələrinizi paylaşaq və təbliğ edək? Niyə hər zaman siz deyən düzdür? Sədr öz ətrafına potensial rəqibləri kimi baxırsa, bu fəlakətdir. Mən sənin müavinin idim və siz məni müavin təyin edəndən bir ay sonra şübhə ilə yanaşdınızsa, hətta səfirlərlə belə görüşü qadağan etməyə çalışdınızsa, o zaman biz necə yaxın ola və dərdlərimizi bölüşə bilərdik? Əgər mən 2013-cü ilin əvvəlindən bir dəfə üz-üzə oturub sizinlə danışa bilmədimsə, fikirlərimi, düşüncələrimi bölüşə bilmədimsə və siz hər zaman mənə ingilis dilindən çevirən tərcüməçi kimi yanaşdınızsa, mənim siyasi fikrilərimi və ideyalarımı dinləmək istəmədinizsə, günahkar kimdir? Mən yoxsa, siz? Hər zaman narazı qalmışam ki, biz Rəyasət Heyətində digər müxalifət partiyalarını müzakirə etməyək.

Bizim müxalifətdə birinci olmağımız fəlakət ola bilər. Bu baş verdi. Həmişə qlobal düşüncəyə sahib olmağın tərəfdarı olmuşam. Bu barədə yazmaq istədim, amma sadəcə bu “qlobal düşüncə” sözünə o qədər ikrah və laqeyd yanaşdınız ki, bunu yazmaqdan da vaz keçdim. İşim qruplarda sizin yazdıqlarınızı “like” etmək, paylaşmaq və şərh yazmaq oldu. Son zamanlar isə bundan tamamilə imtina etdim. Çünki sizin yazdıqlarınızla razı deyildim. İstəyirdim ki, böyük düşünək. Biz mübarizəni YAP ilə aparmalıydıq. Amma sözdə (yəni yazmaq, tənqid etmək, çıxış etmək və s.) hakimiyyətlə mübarizə apardıq, əməldə müxalifətlə. Niyə? Bu, o zaman labüd olardı ki, Azərbaycanda bərabər güclü partiyalar olsun və onların hakimiyyətə gəlmək üçün bərabər şansları olsun. Amma axı bizdə partiyalar sıradan çıxarılıb və gücsüz duruma düşüb. Elə bir müxalifət partiyası varmı ki, təkbaşına iqtidara gəlsin?”


R. Nurullayev Əli Kərimlinin xırdalıqlara getdiyini bildirib.


“Heç zaman ürəyimcə olmadı ki, bu qədər xırdalıqlara gedirsiniz. Siz daha böyük düşünməlisiniz. Daha böyük amallar uğrunda çarpışmalı idiniz. Amma vaxtınızın çoxu kim-kimi “like” edir, kim kimə “comment” yazır və kim-kimi paylaşıra gedir. Ən xırda detalları belə özünüz edirsiniz. O qədər xırda işlərlə məşğulsunuz ki, böyük işlərə zaman qalmır. Bu xasiyyətinizin bizi irəli apara biləcəyi düşüncəsində deyiləm. Xalq bizimlə deyil. Çox narahat oluram. Bu məsələləri çox müzakirə edirdik. Biz meydanlara da “sən öl, mən öl” ilə adam yığırdıq. Fədakar və saf cəbhəçilər axırıncı pullarını verib kontur alaraq daha çox adama zəng edirdilər. Əgər xalq bizimlə deyilsə, bizim çağırışımıza lal və kar qalırsa, o zaman bu günah sizdədir. Çünki siz xalqı inandırmalısınız, lider kimi sizi önə vermişdik, amma bəs bu inamı niyə qaytara bilmirsiniz? Xalqın inamı qırılıb, inanmır və buna görə xalqı qınaya bilmərik. Çünki ona çox yalan vədlər vermisiniz. Xalqa yeni simalar lazımdır. Daha intellektual, daha savadlı və dünyanın gəliş-gedişindən baş çıxaran.

Biz YAP-ı günahlandırırıq ki, niyə hakimiyyətdən getmirlər. Məgər siz müxalifət olmaqdan doydunuz? Fərqli fikir dedik, basqı yedik, cəbhəçilərlə görüşüb onların dərdini və sərini dinlədik, buna təhəmmül etmədiniz. Bu müxalifət kreslosu nə şirin oldu? Xalqın lideri olmaq lazımdır, xalqın. Amma siz heç cəbhəçilərə də düzgün atalıq edə bilmədiniz. Hər kəsə şübhə ilə yanaşdınız. Amma onu bilin cəbhəçilər də artıq ayılıb və yorulub. Onlar üçün kimin lider olması vacib deyil. Onlar üçün vacib olan fərqli və ədalətli Azərbaycandır. Bu yolu onlara kim göstərəcəksə, orada olacaqlar”, - deyə o bildirib.


R. Nurullayev Əli Kərimlini də istefaya çağırıb: “Mən partiyadan istefa verirəm. Sizi də sədrlikdən istefaya çağırıram. Yolumdan geri çəkilmirəm. Doğru bildiyim Azərbaycanda fərqli siyasətin qurulmasıdır. Şəxsiyyətə pərəstişə nifrət edirəm. Düşünmürəm ki, Əli Kərimli də elə siyasətçidir ki, onun ətəyində namaz qılmaq olar. Onsuz da kənardan hər zaman tənqid olunurduq, hər zaman kənar insanlar - xalq bizə nagüman yanaşırdı. Özüm daxil olmaqla, bütün müavinlər və öndə gedən cəbhəçi və Rəyasət Heyəti üzvləri nə siyasi proseslərdən, nə də perspektivdən yararlana bilmədi və AXCP-də hörmətli Əli Kərimli siyasəti hökm sürdükcə də olacağına ciddi şübhələrim var. Bu gün cibində 20 qəpik marşrut pulu olmayan çəbhəçinin istismarına qarşıyam. O cəbhəçi ki, həyatının ən gözəl bahar çağlarını hörmətli Əli Kərimlinin nəticə verməyən siyasətinə qurban verib. Hörmətli Əli bəyin mübarizəsinin şəxsi hisslər üzərində qurulduğunun inancındayam. İllərlə eyni pencək geyinən, eyni çəkmə geyinən, brend mağazadan paltar ala bilməyən, “tolkuçka”larda ən ucuz pal-paltar gəzən fədakar cəbhəçi ürəyimi parçalayır.

Biz cəbhəçilərin portağal kimi sıxıb suyunu çıxarmışıq. Sonra da bir küncə atıb, yeni bir cəbhəçi axtarışına çıxmışıq. Mən bu prosesin iştirakçısı olmaqdan imtina edirəm. Bütün cəbhəçilərə təşəkkür edirəm. Onlar yenə də mənim ən əziz dostlarımdır. Hərəkatçılar qədər saf qəlbli və təmiz insan görmədim. Amma əfsuslar olsun ki, bu saf və təmiz qəlbli cəbhəçilər icraçılardır. Onlar əmr və göstəriş alırlar. Onları o zaman arayırıq ki, onlar bizə mitinqə gəlmək üçün və “Facebook”-da “like” etmək, şərh yazmaq və paylaşmaq üçün lazımdır”.


R. Nurullayev bundan sonrakı planları haqda açıqlama verəcəyini deyib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR