• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Tehranda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə qəbul edilə bilər

  • Nida.az
  • 17 Fevral 2014 16:04
  • 464 Baxış
Tehranda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə qəbul edilə bilər

Fevralın 18-19-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının 9-cu sessiyasında iştirak etmək üçün İranda səfərdə olacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər: "Tehranda keçiriləcək İƏT Parlament İttifaqının növbəti sessiyasında qurumun daimi komitələrinin qətnamələri təsdiq olunacaq, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın hazırkı səviyyəsi və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyada parlament nümayəndə heyətləri başçılarının çıxışları, o cümlədən spiker Oqtay Əsədovun çıxışı nəzərdə tutulub".

A.Təvəkküloğlu qeyd edib ki, səfər zamanı Milli Məclisin sədri O.Əsədov İran parlamentinin sədri Əli Laricani, eləcə də sessiyada iştirak edən digər nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.

Tədbir çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin 3-cü konfransı və Fələstinə dair daimi komitənin növbəti iclası keçiriləcək.

Sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, sədrliyin Sudandan İran İslam Respublikasına keçməsi və digər məsələlər daxildir.

Sessiyanın sonunda müzakirələrin yekunu olaraq Tehran Bəyannaməsi qəbul ediləcək.

Qeyd edək ki, təşkilatın daimi komitələri artıq fevralın 15-dən öz işinə başlayıb. Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı bu tədbirlərdə iştirak edirlər. Komitələrin iclaslarında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi, Fələstin, Kipr və Kəşmirdə vəziyyət, üzv dövlətlər arasında ticarətin genişləndirilməsi, təbii fəlakətlər nəticəsində yaranmış iqtisadi gərginliyin aradan qaldırılması, Avropada müsəlman miqrant ailələrin sığınacaq problemləri, İslam dünyasında uşaq və gənclərin müdafiəsi, qeyri-müsəlman ölkələrində İslam mədəni irsinin qorunması və digər məsələlər ətrafında müzakirələr aparacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR