Razi Nurullayev: “Məni Əli Kərimli özü istefaya çağırdı” – YENİ DETALLAR
Bizi izləyin

Nida.az

Razi Nurullayev: “Məni Əli Kərimli özü istefaya çağırdı” – YENİ DETALLAR

Dünən AXCP-dən istefa verən Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev partiya rəhbərliyi ilə münasibətlərində yeni detallar açıqlayıb.


Publika.az xəbər verir ki, R. Nurullayev dünən Əli Kərimli ilə görüşdüyünü deyib: “Məni necə tanıyırsınızsa, necə görmüsünüzsə, elə də qalıram. Dünən Əli Kərimli məni evinə dəvət etdi. Müavinlikdən çıxardığını söylədi. Təklif etdi ki, partiyadan istefa verim. Fakt gətirmədən ümumi sözlər danışdı. O ümumi sözləri, hər kəs, hər gün deyir. Partiyada haqqında “satqın” damğası vurulan az adamlardan biri mən idim. Digərləri haqqında axtarış edin və görün ki, onlar haqqında nələr yazılmayıb. Əsas olmadan məni partiyadan çıxmağa məcbur etdi. Partiyadan öz xoşumla getmədim. Çünki mən içəridə mübarizə aparıb onu içindən dəyişmək istəyirdim. O isə partiyaya şirkəti kimi baxdığından buna dözmək istəmirdi”.


R. Nurullayev qeyd edib ki, Əli Kərimliyə ən yaxın olanlar zombiləşmiş, öz əqidəsi və düşüncəsi ilə hərəkət etməyənlərdir: “Rəyasət Heyətində ağıllı və müstəqil söz deyənləri qəbul etmirlər. O insanlar abır və həyasına bürünüb səslərini çıxarmırlar. Mən onların səsi olacağam. Onların ürəklərində saxladıqları və dilə gətirmədiklərini hər gün bir-bir açıqlayacağam. Gözəl Bayramlı, Həsən Kərimov, Natiq Ədilov və Fuad Qəhrəmanlı kimi qaragüruhla əhatə olunan sədr kənardan gələn sağlam düşüncəyə və müstəqil fikrə düşməndir. Qaragüruhun ən öndə olan hissəsi budur. Onlardan kiçikləri isə onlardan ilham alanlardır. Sədr də ancaq onları o yana, bu yana çəkib nəsə pıçı-pıçı qururdu.

Başa düşmürdü ki, Rəyasət Heyəti dediyi və onlarla adamı topladığı qurumda digərlərinin hissiyyatını və qürurunu təhqir edir. Rəyasət Heyəti və ondan aşağı qurumlarda özünə “İşverən”lər, “Yastı Salman”lar və “Yalıncıq”lar komandası düzəldib. Bunların əlindən heç kim göz aça bilmir. İndi AXCP-dən mən də getdim. Fərqli baxış və fərqli imic mən idim. İndi qaldı Əli Kərimli və onu əhatə edən qaragüruh zehniyyəti! Amma, mübarizəmiz davam edir. Partiyanı bu qaragüruh zehniyyətindən qurtarmaq üçün daha səylə işləyəcəyik”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm