Xocalı qurbanları Brüsseldə yad edildi - FOTOLAR
Bizi izləyin

Nida.az

Xocalı qurbanları Brüsseldə yad edildi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə müvəfəqiyyətlə həyata keçirilən “Xocalıya ədalət !” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa və Türkiyədə keçirilən silsilə tədbirlər davam edir. Belə ki, fevralın 19-da Belçikanın paytaxtı Brüssel şəhərində “Bozar” incəsənət mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş möhtəşəm konsertə 400-dən artıq qonaq – diplomatlar, ictimaiyyət nümayəndələri, Belçikada fəaliyyət göstərən Avropa İttifaqı qurumlarının təmsilçiləri və media mənsubları qatılıblar.

Publika.az-ın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin Belçikadakı nümayəndəliyinin rəhbəri Mark Vervilghen öz çıxışında bildirib ki, tədbir 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil edilib. Kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın yüz ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Vervilghen qeyd edib ki, Azərbaycanın əzəli torpaqlarının Ermənistanın işğalı altında olması faktı üzündən azərbaycanlı məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaq iqtidarında deyil. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə və ATƏT-in Minsk qrupunun 21 ildən artıq vasitəçilik missiyasını həyata keçirməsinə rəğmən danışıqlarda heç bir irəliləyiş yoxdur.

Flandriyanın mədəniyyət naziri Sven Gatz öz çıxışında qeyd edib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində anım konsertinin təşkil edilməsi biz avropalılara Dağlıq Qarabağda, xüsusilə də Xocalıda baş verən dəhşətli hadisələri xatırlamağa kömək edir.

Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov vurğulayıb ki, Xocalı faciəsi 1992-ci ilin fevralında baş vermiş qorxunc vəhşilik idi. Eyni vəhşilik sonradan Balkanlarda da baş verdi. Azərbaycan unikal, müasir, dünyəvi və inkişaf etmiş ölkədir. Davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə rəğmən Azərbaycan öz stabilliyini saxlamağa, inkişaf etməyə və regionun mühüm lideri olmağa nail olmuşdur: “Təəssüf ki, ərazilərimizin təxminən 20 faizi hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır və müntəzəm olaraq ölkəmizə qarşı bir sıra zorakılıqlar və təxribatlar aparılır. Bununla belə, biz münaqişənin sülh yolu ilə həllinə inanırıq və ümid edirik ki, Avropa və beynəlxalq ictimaiyyət bu həll yolunda öz köməyini əsirgəməyək. Bu axşam biz Azərbaycan xalqını, Dağlıq Qarabağı xatırlayırıq və xüsusilə də Xocalıda həlak olanların ruhunu yad edirik”, - deyə səfir vurğulayıb.

Konsert proqramında fransız bəstəkarı Pyer Tiloyun “Xocalı 613” əsərinin Belçika premyerası da keçirilib. Musiqiçilər isə Sabina Rakçeyeva (skripka), Annaliza Klement (klarnet) və Maqma Strinq kvartetindən ibarət idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm