"Əli Kərimlinin partiyasından yeni istefalar olacaq”
Bizi izləyin

Nida.az

"Əli Kərimlinin partiyasından yeni istefalar olacaq”

Ötən həftə daxili siyasətdə baş verən və kifayət qədər müzakirə mövzusu olan məsələlərdən biri də Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini postundan istefa verməsi oldu.

Düzdür, cəbhəçilər R.Nurullayevi xəyanətdə ittiham etsələr də, o, "facebook" sosial şəbəkəsi vasitəsilə AXCP-dən nə üçün istefa verdiyini və sözügedən partiyada nələrin baş verdiyini cəmiyyətə çatdırmış oldu. Bəs görəsən, doğurdanmı AXCP və onun sədri Əli Kərimlinini yeni “sürpirizlər” gözləyir? Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı məbuata verdiyi müsahibədə AXCP-də bundan sonra baş verəcək mümkün proseslərdən danışıb. O, Əli Kərimlinin yanından yeni istefaların olacağını da istisna etməyib.

- Razi Nurullayevin istefası AXCP üçün nə dərəcədə ağır itki olacaq?

- Əvvəla, onu qeyd edim ki, son 6 ayda Əli Kərimlinin ikinci müavinidir ki, ondan imtina edir. Razi Nurullayevdən əvvəl Asəf Quliyev də Əli Kərimlinin müavini kimi istefa vermişdi. Bir neçə müşaviri - Rəsul Mirhəşimli, Şakir Abbasov, Zərifə Məhəddinova da bu yaxınlarda Əli Kərimlidən imtina edənlərdir. Bir məqama diqqətinizi cəlb etmək istəyirəm. Əli Kərimli Azərbaycan siyasi çevrəsində yeganə adamdır ki, onunla uzun müddət yol getmək olmur. Bu adam, öz tələbə yoldaşlarına, birgə yaratdığı təşkilatın təsisçilərinə, partiyada birgə çalışdığı insanlara, ona çox böyük dəstək olmuş AXCP-nin sədri mərhum Əbülfəz Elçibəyə və nəhayət, özünün müavinlərinə də xəyanət etməyi bacaran bir insandır. Siyasətlə məşğul olan hər kəs bilir ki, Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur. Tarixə nəzər yetirin. Əbülfəz Elçibəy dünyasını dəyişən kimi partiyanın ali orqanında təmsil olunan 19 nəfərlik AXCP Rəyasət Heyətinin bir nəfər üzvü belə onun yanında qalmadı. Kimlər idi bunlar? Novella Cəfəroğlu, Akif İslamzadə, İbrahim Vəliyev, Asim Mollazadə, Mirmahmud Mirəlioğlu, Bahəddin Həziyev, Qüdrət Həsənquliyev, Fuad Mustafayev, Əliməmməd Nuriyev, Arif Paşa, Xaləddin İbrahimli, Qulamhüseyn Əlibəyli, Əli Məsimli və s. Əbülfəz Elçibəyin bütün müavinlərindən, müşavirlərindən biri belə Əli Kərimli ilə yolunu davam etdirmədi. Heç bir partiyada bu qədər istefa verən olmayıb. Və sədrə qarşı bu qədər etimadsızlıq göstərilməyib. İndi baxın görün kimlər var onun yanında? Motellərdə videosu çəkilən Natiq Ədilov Əli Kərimlinin Rəyasət Heyətinin üzvü, söz sahibi olub. Razı Nurullayev çox sonralar Əli Kərimlinin yanına gedənlərdəndir. Nəinki köhnə hərəkatçılar, cəbhəçilər Əli Kərimlidən imtina edir, ona sonradan qoşulan şəxslər də onun əsl simasını görəndən sonra dərhal istefa verib, uzaqlaşırlar. Məncə, bu məsələdə ən çox Razi Nurullayev qazandı. Necə deyərlər, ziyanın yarısından da geri qayıtmaq xeyirdir.

- Bu istefa digər cəbhəçilərin də partiyadan ayrılmasına səbəb ola bilərmi?

- Mətbuatdan Razi Nurullayevin istefa verməsinin səbəblərini oxudum. Demək olar ki, Əli Kərimlinin yanından gedən adamların hər birinin dediklərini deyib. Bütün bunları Əli Kərimlinin 5 il müavini işləmiş Razi Nurullayev deyir. Sosial şəbəkədə təzə səhifə açan 15-16 yaşlı gənclər ilk əvvəl xoşlayır ki, dostları bunun paylaşımlarını "like" eləsin. Bax, bu gün Əli Kərimli həmin gənclər kimi "like" sevinənlərdəndir. Razı bəyin digər dediyi fakt odur ki, facebook-a saxta profilləri gətirən adam Əli Kərimlidir. Deyilənə görə, özü də daxil olmaqla ətrafında olan 5-10 nəfərin hərəsinə 200-300 saxta profillər açdırb və bununla özünə "like" topladır. Buna birmənalı şəkildə inanıram. Bilirsiniz ki, şəxsən mən "facebook"da Azərbaycanın ən böyük 300 000-lik qrupunun yaradıcılarındanam və sosial şəbəkədən geniş istifadə edirəm. Hər zaman da görmüşəm ki, saxta profillərlə insanları təhqir edən şəxslər hər yerdə Əli Kərimlinin təbliğatını aparır. Bu da o deməkdir ki, bütün bunların göstərişini Əli Kərimli verir. Bu faktı Razi Nurullayev də təsdiq edib və yazıb. Razı bəydən sonra kimlərin istefa verəcəyinə gəldikdə isə artıq cəmiyyət bilir ki, Əli Kərimlidən imtina etmək təbii bir prosesdir və gözlətilərim də var. Yaxın zamanlarda cəmiyyət yeni istefanın şahidi olacaq.
Artıq onlar bilir ki, bir nəfər də Əli Kərimlinin əsl simasını ortaya qoyub, hər kəs onun üçün çalışmalıdır. Əks fikir bildirən şəxs dərhal cəzalanacaq. Neçə deyərlər Əli Kərimli əsl bolşevikdir. Bu adamlar heç biri Əli Kərimli ilə çox gedə bilməyəcəklər və bilirlər ki, istər cəmiyyət arasında, istərsə də partiyalarda Əli Kərimliyə qarşı münasibət olduqca mənfidir. Bu qədər adamın hamısı yalan danışa bilər? Bu fikirləri tək Niyaməddin Orduxanlı demir axı. Onunla 5 il bir yerdə çörək kəsən müavinlər də deyir.

- Ümumiyyətlə, AXCP və Əli Kərimlinin bundan sonrakı taleyini nə gözləyir?

- Mən heç vaxt Əli Kərimlinin təşkilatına AXCP deməmişəm və deməyəcəm də. Bunu demək ən azından Əbülfəz Elçibəyin ruhuna hörmətsizlikdir. Elçibəyə ən böyük xəyanəti edən adam heç vaxt AXCP sədri ola bilməz. Bu adamın ətrafında olan bir-iki nəfər istisna olmaqla , əksəriyyəti özünün Saatlı və Sabirabaddan olan yerliləri və qohumlarıdır. Bu qohum "partiyanın" Azərbaycan siyasətində heç bir uğurunu görmürəm. Və bunu zaman da təsdiq edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm