“Sənin səsvermən qanunsuzdur”: ADR – Müsavat qarşıdurması
Bizi izləyin

Nida.az

“Sənin səsvermən qanunsuzdur”: ADR – Müsavat qarşıdurması

Azərbaycan Demokratiya və Rifah Hərəkatının fevralın 21-də keçirilən təsis konfransında Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu açıq səsvermədə səslərin əksəriyyətini qazanaraq sədr seçildi. Konfrans üzvlərinin 1-i bitərəf qalmaqla, qalanları Q. İbadoğluna səs veriblər. Konfransda ADR sədrliyinə namizədliyi irəli sürülmüş Vurğun Əyyub və Ellada Məmmədli namizədliklərini geri götürüblər.


“Təməli pozuntu ilə qoyulan hərəkatın gələcəyini görmürəm”


Müsavat Partiyasını Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova isə ADR-in sədr seçkinin qanun pozuntusu ilə müşahidə olunduğunu hesab edir.


S. Hüseynova Publika.az-a açıqlamasında hərəkatın ilk iclasında nizamnaməni pozduqlarını deyib: “ADR-də sədr seçkisi gizli səsvermə əvəzinə açıq səsvermə ilə keçirilib. Təməli pozuntu ilə qoyulan hərəkatın gələcəyini görmürəm. Müsavatın qurultayında səsverməyə iradları olan, səsvermədə hansısa pozuntuların olduğunu iddia edib ADR-ə yığışanlar indi özləri çox böyük pozuntu ilə səsvermə keçirdilər. Mən o təşkilatı ciddi qurum saymıram. Çünki yarandığı gündən iflasa uğrayıb. 150 nəfərlik hərəkatın nəyə qadir olduğunu təsəvvürümə gətirmirəm”.


ADR-dəki müsavatçıların məsələsinə MNTK-da baxılacaq


S. Hüseynova ADR-də təmsil olunan müsavatçıların məsələsinə də münasibət bildirib.


“Onlar Müsavat Partiyasının nizamnaməsini pozacaqsa, məsələyə MNTK-da baxılacaq. Hələlik hərəkatda iştirak eləmək Müsavatın nizamnamə pozuntusu hesab olunmur. Amma onlar partiyanın daxili nizamnaməsini pozacaqlarsa, cəza alacaqlar. Hərəkatın üzvüdürlər, üzv olsunlar da, görək hara qədər olacaqlar”, - deyə o qeyd edib.


“Əsas olan niyyətdir, səsvermənin açıq, yaxud gizli keçməsi deyil”


ADR İdarə Heyətinin üzvü Hüseyn Məlik isə Müsavat Partiyasının yetkilisinə sərt reaksiya verib.


ADR təmsilçisi Publika.az-a açıqlamasında Müsavat rəhbərliyinin hərəkatı ləkələmək üçün hər vasitəyə əl atdıqlarını deyib: “ADR-in nizamnaməsində səs vermə konfransın səlahiyyətindən asılıdır. Yəni konfrans iştirakçıları açıq, yaxud gizli səs vermə olması haqda qərar qəbul edirlər.

Təsis konfransında səsvermənin açıq keçməsinə səbəb isə vaxt azlığı idi. Ona görə də açıq səsvermə ilə seçki keçirildi. Misal üçün bu gün AXCP-də də səsvermə açıqdır. Vaxtilə Müsavatda da açıq idi, sonradan gizli oldu. Lakin hər kəs 27 sentyabr qurultayında Müsavatda gizli keçirilən seçkinin saxta olduğunu bilir. Əsas olan niyyətdir, səsvermənin açıq, yaxud gizli keçməsi deyil. ADR-in səs verməsində heç bir qanun pozuntusuna yol verilmədi. Say hesabı dəqiq oldu.

Çünki niyyət təmiz idi. Digər tərəfdən, əgər Müsavatdakı kimi pozuntu olsaydı, buna etiraz edən də olardı. Çünki ADR Müsavatdan fərqli olaraq demokratik mühitdir, burda hər kəsin söz azadlığı tanınır. Onsuz da bura toplaşanlar Müsavatda söz azadlığına təzyiqlərə etiraz edənlərdir. Bu insanlar heç bir pozuntuya razı olmaz. Amma Müsavatda pozuntu baş verdiyi üçün etiraz edənlər də oldu”.


“ADR gözdən salmaq üçün hər vasitəyə əl atırlar”


H. Məlik Müsavat rəhbərliyinin ADR-i ləkələmək istədiyini bildirib.


“Bir nəfər qonşusundan atını istəyir. Qonşusu verməmək üçün atın rənginin qara olduğunu əsas gətirir. Yəni verməmək üçün hər vasitəyə əl atır. Bunlar da ADR gözdən salmaq üçün hər vasitəyə əl atırlar”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm