• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Oqtay Əsədov: “Əminəm ki, qiymət artımı baş verməyəcək” - YENİLƏNİB

  • Nida.az
  • 24 Fevral 2015 13:05
  • 758 Baxış
Oqtay Əsədov: “Əminəm ki, qiymət artımı baş verməyəcək” - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən millət vəkili-iqtisadçı ekspert Vahid Əhmədov milli valyutanın müzakirəsi zamanı manatın devalvasiyası ilə bağlı fikirlərini açıqlayıb.

Publika.az-ın məlumatına görə, V.Əhmədov bəzi millət vəkillərini bu sahə ilə bağlı savadsız şərhlər verməkdə ittiham edib: “Mən çox təəssüf edirəm ki, bəzi millət vəkilləri iqtisadi əsasları bilmədən danışırlar. Azərbaycanda manatın devalvasiya uğraması gözlənilən, labüd idi. Lakin bunu yumşaq şəkildə etmək lazım idi, yollar var idi. Mən buna təəssüf edirəm. Mən Mərkəzi Bankın rəhbərliyi ilə mütəmadi əlaqədə olmuşam. Mənə deyiblər ki, uzağı 85-90 qəpiyə qədər devalvasiya olacaq. Ancaq onlar sözünün üzərində durmadı. İndi bölgələrdə qiymət artımı var və bu haqda məlumatlar alırıq. Bir sıra insanlar banklardan krediti manatla deyil, dollarla götürüb. Bəzi sahibkarlar isə milyonlarla kredit götürüblər. Bu kreditlərin geri qaytarılmasında problemlər yarana bilər. Buna dəstək vermək lazımdır. Hesab edirəm ki, anti-böhran proqramı hazırlanmalı və icra edilməlidir. İndi ən ciddi məsələ süni qiymət artımıdır. Devalvasiya labüd idi. Ancaq bunu sakit şəkildə aparmaq lazım idi. 2014-cü ildən buna gedilsəydi, indi biz bu vəziyyətə düşməzdik”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə deyib ki, dünya iqtisadiyyatında baş verən proseslər hamıya aydındır: “Neftin qiymətinin sürətlə aşağı düşməsi gərgin situasiya yaradır. Neftin qiyməti qalxsa büdcənin itkisi az olacaq. Manatın məzənnəsini saxlamaq üçün Mərkəzi Bank ildə 2 milyard manat itirir. Bu uzun dövr davam edə bilməz. İtirilən bu pullar Ermənistanın dövlət büdcəsi qədərdir. Azərbaycan iqtisadiyyatı son 10 ildə sürətli inkişaf yolu keçib. Bunun bir səbəbi də düzgün maliyyə-kredit siyasəti olub. Mən hesab edirəm ki, bunun üzərinə kölgə salmaq olmaz. Mərkəzi Bankın addımları son ildə iqtisadiyyata, sahibkarlıq mühitinə ciddi təsir edib. Manatın məzənnəsinin sürətlə dəyişməsi fonunda bu mümkün olmazdı”.

Komitə sədri deyib ki, manat dünyada ən güclü valyutalardan biridir: “Bu yaxınlarda 500-ə yaxın kiçik və orta müəssisələr yaradılacaq. Belə siyasətə ehtiyac var idi. Birmənalı şəkildə deyirəm ki, bu anti-böhran addımı deyildi. Bu sadəcə manatın devalvasiyası ilə bağlı idi. Azərbaycan dövləti güclüdür və mən əminəm ki, xalqımız bu vəziyyətdən çıxacaq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, ölkədə ciddi sabitlik mövcuddur: “Bizdə sabitlik olub. Uzun müddət bizdə problem olmayıb.

Ancaq bir şey olan kimi hamı danışır. Dünyanın ən güclü inkişaf edən dövlətlərindən biri Danimarkadır. Orada inflyasiya ən yüksək həddə qalxıb. Biz tələsməli deyilik. Qiymətlərin artmasına imkan verməməliyik. Mən dünən iqtisadi inkişaf naziri ilə görüşdüm. Süni qiymət artımının qarşısını almaq üçün sürətli işlər aparılır. Mən əminəm ki, qiymət artımı baş verməyəcək. Qarşıdan Azərbaycan hökumətinin hesabatı gəlir. Bu məsələ hesabat zamanı da müzakirə edilə bilər”.

***

“Mərkəzi Bank fevralın 21-də çıxardığı qərarı ilə əhalini aldadıb. Bu qərarla əhaliyə külli miqdarda ziyan dəyib”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili İqbal Ağazadə bildirib. Onun sözlərinə görə, ölkədə bazarı tənzimləyən qurumlar iş adamlarını süni qiymət artımına görə xəbərdar edirlər: “Ancaq necə olur ki, 34 faiz bahalaşma olur? Niyə əhalinin cibinə girirlər? Əhalinin banklarda olan 3 milyard manat əmanətinə zərər dəyib. Maaşlar indeksasiya edilməlidir və 34 faizlik bahalaşma hökumət tərəfindən kompensasiya edilməlidir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə İqbal Ağazadəyə cavab verib. Spiker bildirib ki, “əhalinin banklarda olan 3 milyard manatlıq əmanətlərinə ziyan dəyib” sözləri ilə razı deyil: “Dünyada gedən proseslərə baxın. Biz müharibə şəraitində yaşayırıq. Azərbaycanın valyuta ehtiyatları var. Biz bu ehtiyatların hamısını məzənnəyə görə itirə bilmərik. Mən razıyam ki, bəzi mağazalarda süni qiymət artımları baş verib. Amma bununla bağlı dövlət qurumları ciddi addımlar atırlar. Digər tərəfdən isə, bu məhsulların 70 faizi ölkə daxilində istehsal olunur. Nəyə görə, yerli istehsalda qiymət artımı olmalıdır?”

Deputat Zahid Oruc isə həmkarının çıxışının əksi olaraq atılan qərarı millətin mənafelərinə uyğun olduğunu deyib: “Maliyyə sabitliyinin saxlanılması üçün mühüm addımdır. Bu gün burada Mərkəzi Bankı mühakimə edən insanlar maksimum 1 ay sonra qərarı bizi kimi müdafiə edəcəklər. Dövləti qınayanlar nəzərə almalıdırlar ki, valyutanın ehtiyat hissəsi manatladır. Bu gün manat dünyada ən güclü valyuta olan dollarla rəqabət aparacaq səviyyədədir. Ona görə də qərarı müdafiə edirəm”.

YAP-çı deputat Siyavuş Novruzov da manatın ucuzlaşması ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, maaşların indeksasiya edilməsi fikri düzgün deyil: “Bunu bu cür yozmaq doğru deyil. Bu ancaq populizmdir. Bu məsələnin həlli iqtisadi faktorlara əsaslanır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR