“Telekanalların səviyyəsi vətəndaşların mədəniyyətinə uyğundur” – komitə sədrindən ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Telekanalların səviyyəsi vətəndaşların mədəniyyətinə uyğundur” – komitə sədrindən ŞOK AÇIQLAMA

Bu gündən etibarən Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətləri artırılır.

Publika.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Televiziya və radio yayımı haqqında” qanuna edilən dəyişikliklər müzakirə olunub. Dəyişikliyə uyğun olaraq Azərbaycan Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

Belə ki, Qanunun 16.11-ci maddəsində “məhkəmə qarşısında iddia qaldıra bilər” sözləri “teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir” sözləri ilə əvəz edilir. Mövcud qanunvericiliyə əsasən, məhkəməyə müraciət daha çox olurdu. Lakin indi təklif olunan varianta əsasən, məhkəmə qarşısında iddia qaldırmaq məsələsi götürülür, teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət olunur. Yəni, mövcud qanunvericiliyə görə, teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəyə bilmirdisə, onda müvafiq icra hakimiyyəti orqanı xüsusi razılığın qüvvəsini istifadə haqqı ödənilənə qədər dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıra bilirdi. İndi dəyişiklikdə təklif olunur ki, məhkəmə qarşısında iddia qaldırılmasın və xüsusi razılığın qüvvəsinin istifadə haqqı ödənilənə qədər onun dayandırılması teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanı qarşısında qaldırılsın. 23.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Hazırda qüvvədə olan maddəyə görə isə teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər. Dəyişikliklərdə bir sıra digər məsələlərdə də teleradio yayımçılarının xüsusi razılığının ləğv edilməsi səlahiyyəti teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanına, yəni Milli Televiziya və Radio Şurasına verilir.

Sözügedən qanunla bağlı çıxış edən millət vəkili deyib ki, dövlətin ideologiyasına qarşı və ya anti-bəşəri ideaları yaymağa cəhd edilməsi zamanı yayımçını məsuliyyət gözləyir: “Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətlərinin artırılması olduqca önəmlidir. Amma diqqəti bir məsələyə yönəltmək istəyirəm. Milli, mənəvi dəyərlərin qorunması da Televiziya və Radio Şurasının üzərinə düşür. Lakin Milli Televiziya və Radio Şurası öz işinin öhdəsindən gələ bilmir. Ölkə telekanallarında şou xarakterli verilişlər çoxalıb. AZTV, İTV və ANS-i çıxmaq şərti ilə digər televiziyalarda daha çox şit, ucuz, bayağı verilişlər verilir. Cəmiyyət da bundan narazıdır”.

Elmira Axundova əlavə edib ki, telekanallarda sosial reklamlar yoxdur. Millət vəkili diqqətə çatdırıb ki, yerli serialların çəkilməsi üçün ayrılan pullar təyinatı üzrə xərclənmir:

“Milli ruhda, vətənpərvər ruhda seriallar, filmlər çəkilmir. Yalnız Vahid Mustafayev bu sahədə işlər görür. O, Xocalı soyqırımı və 20 yanvar faciələri ilə ilə bağlı filmlər çəkib”. Elmira Axundova söyləyib ki, ölkə kanallarında şadlıq saraylarının reklamları qadağan edilməlidir: “Hesab edirəm ki, MTRŞ üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir. Kanallarda şadlıq saraylarının reklamları və şou proqramlar üstünlük təşkil edir. Bizim milli qəhrəmanlarımız haqqında verilişlər olmalıdır. Azərbaycanın keçmişi və xalqımızın başına gələnlərlə bağlı filmlər çəkilməlidir. Ümumiyyətlə şadlıq sarayları ilə bağlı reklamlar ləğv edilməlidir. Bunun əvəzinə isə sosial reklamlar çəkilməli və kanallarda təbliğ edilməlidir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə deputat həmkarı E.Axundovaya cavab verib. Bildirib ki, bəzi telekanallardakı problemlərə görə bütövlükdə MTRŞ-nı ittiham etmək doğru deyil: “Ölkə telekanallarının səviyyəsi onun vətəndaşlarının mədəniyyət səviyyəsinə uyğundur. Həqiqətən də televiziya məkanında ciddi problemlər var. Amma bütün bunları MTRŞ-nın üzərinə atmaq və onun fəaliyyətsizlikdə ittiham etmək doğru deyil. Mən bununla razı deyiləm”.

Daha sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm