• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Bir sıra ali məktəblərdə biabırçı vəziyyət mövcuddur” - AÇIQLAMA

  • Nida.az
  • 17 Fevral 2014 18:23
  • 1 184 Baxış
"Bir sıra ali məktəblərdə biabırçı vəziyyət mövcuddur” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, fevralın 14-də keçirilən Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bəzi özəl ali məktəblərdə böyük korrupsiya hallarının olduğunu bildirib. O, qeyd edib ki, bir çox hallarda qrupda oxuyan 20 tələbədən 17-si imtahandan kəsilir: “Bu kəsirlərlə gəlib 4-cü kursa çatan tələbədən isə elə məbləğ istəyirlər ki, 4 il çəkdiyi xərc heç nə olur. Bu qədər tələbənin kəsilməsi normal hal deyil. Ya TQDK ilə araşdırılmalıdır ki, bu tələbələrin savadı yoxdursa, necə ali məktəbə qəbul olublar, ya da bir variant qalır ki, özəl ali məktəb özü aşağı səviyyədə tədris apararaq tələbələrin kəsilməsində maraqlıdır. Hər bir halda qanunsuzluq var və bu məsələlər araşdırılmalıdır”.

Deputat Q.Həsənquliyevin bu fikirləri həmkarı Bəxtiyar Əliyev tərəfindən təpki ilə qarşılanıb.Sözügedən mövzuya toxunan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Publika.Az-a açıqlamasında deyib ki, indi Azərbaycanın bir sıra ali məktəblərində biabırçı vəziyyət mövcuddur.

Onun sözlərinə görə, bununla müvafiq qurumlar ciddi formada məşğul olmalıdır: “Bir sıra ali məktəblərdə imtahanlar zamanı neqativ hallara yol verilir. Ayrı-ayrı tələbələrin dərsə münasibətində buraxdığı səhvlərə görə də neqativ hallar mövcuddur. Əgər tələbə ali məktəbi bitirmək ərəfəsində, 4-cü kursda ona düşünülmüş formada aşağı qiymət yazılırsa, kursda saxlanılırsa və bu vəziyyətdən su-istifadə edərək tələbədən əlavə pul alınırsa, artıq bu cinayətdir. Bu cür cinayətin qarşısı mütləq alınmalıdır. Mənə bu cür faktlar bəlli olmasa da, ancaq deputat həmkarlarım bu məsələni gündəmə gətiriblər. Burada sual olunur ki, əgər universitetin 4-cü kurs tələbəsinin savadı yoxdursa, o zaman o ali məktəbə necə qəbul olub? Yaxud da, əgər doğrudan da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) savadsız adamları qəbul edirsə, o zaman həmin tələbə 1-ci kursdan universitetdən xaric olunmalıdır. Əgər hər hansı savadsız tələbəni 4-cü kursa qədər gətirirlərsə, deməli həmin universitetlərin rəhbərliyi də TQDK qədər eyni məsuliyyəti daşıyır. Əgər tələbələr savadlıdırsa və öz bilikləri ilə gəlib 4-cü kursa çıxıblarsa, o zaman burada günah universitetin rəhbərliyindədir və məsuliyyəti də onlar daşıyır”.

F.Ağamalı bildirib ki, bu cür neqativ halları bütün ali məktəblərə şamil etmək olmaz: “İndi Azərbaycanda nümunəvi özəl ali məktəblər var. Bu universitetdə təhsilin səviyyəsi yüksəkdir, tədris prosesi şəffafdır və tələbələrə qarşı təmənnasız münasibət var. Xəzər, Qərb, Qafqaz universitetlərini buna nümunə gətirmək olar”.

Qeyd edək ki, Azərbaycanda təhsilin səviyyəsinin ürəkaçan olmadığı və universitetlərdə yaşanan korrupsiya halları ilə bağlı mətbuatda dəfələrlə yazılar dərc olunduğunu nəzərə alaraq, bu cür problemin millət vəkili səviyyəsində qaldırılması müsbət haldır. Lakin buna əks reaksiyalar anlaşılmazdır. Sözügedən problemin Milli Məclis səviyyəsində qaldırılması burada istər-istəməz diqqəti rektor-deputatlara yönəldir. Çünki Milli Məclisdə təmsil olunan bəzi deputatlar (Əhməd Vəliyev, Səməd Seyidov, Abel Məhərrəmov, Şəmsəddin Hacıyev və s.), eyni zamanda universitet rektorlarıdır.

Onu da bildirək ki, deputat Bəxtiyar Əliyev də vaxtı ilə universitet təsisçisi olub. O, 2007 -ci ildə fəaliyyəti məhkəmə tərəfindən dayandırılan Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialının təsisçisi olub və ona rəhbərlik edib. Bu universitet təhsil müəssisələrinin birində 2 otaqda fəaliyyət göstərib. Təxminən 7 il ərzində ancaq Azərbaycanın dövlət və özəl ali məktəblərinə 2 minə qədər tələbə “perevod” edib. Bu “ali məktəbin” əsas “müştəriləri” Səməd Seyidovun rəhbərlik etdiyi Xarici Dillər Universiteti, Şəmsəddin Hacıyevin rektor olduğu, Dövlət İqtisad Universiteti və Abel Məhərrəmovun rəhbərlik etdiyi Bakı Dövlət Universiteti olub.

Məlumdur ki, Azərbaycanda tələbə köçürülmələri hansı “qaydalarla” həyata keçirilib. 2007-ci ildə belə qaydalarla işləyən bir çox “məktəblər” o cümlədən Elşad Abdullayevin Azərbaycan Beynəlxalq Universiteti məhkəmə tərəfindən qapadılıb.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR