YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin III Hesabat-Seçki Konfransı keçirilib
Bizi izləyin

Nida.az

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin III Hesabat-Seçki Konfransı keçirilib

Bu gün YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin III hesabat-seçki konfransı keçirilib. Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, AMEA Gəncə Bölməsinin sədri,akademik Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, ziyalılar, fəal gənclər, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, konfrans iştirakçılarını salamlayıb, tədbirdə 599 nəfər nümayəndədən 590 nəfərinin iştirak etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Tədbir iştirakçılarının canlı ifası ilə Dövlət Himni səsləndirilib.

Naqif Həmzəyev konfransın mühüm tarixi bir dövrə təsadüf etdiyini, gəncəlilərin son 4 ilin möhtəşəm nailiyyətlərinin sevinci ilə yaşadığını, Azərbaycan Respublikasının Prezidenti, gənclərin hər zaman hamisi və dostu cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə sonsuz diqqət və qayğı göstərdiyini, dövlət rəhbərinin şəhərə tarixi səfərlərinin , 2014-cü ilin yanvar, oktyabr və noyabr aylarında Gəncəyə gəlişinin hər bir şəhər sakininə böyük qürur hissi bəxş etdiyini, əldə olunan qələbələrin başlıca stimulu olduğunu bildirib.Cənab İlham Əliyevin bütün göstəriş və tapşırıqlarının qədim Gəncədə şəhər rəhbərliyinin yüksək təşkilatçılığı ilə yerinə yetirildiyini diqqətə çatdırıb, şəhərin inkişaf və tərəqqisində gənclərin geniş fəallığına xüsusi önəm verildiyini vurğulayıb.

Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev hesabat verərək ,Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışıb.Diqqətə çatdırıb ki, YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyi 1996 –cı il 28 oktyabrda təsis olunub. Bu gün Şəhər Partiya Təşkilatının 32200 üzvündən, 18136 nəfəri gənclərdir. Hesabat dövründə partiya sıralarına 4530 nəfər gənc qəbul edilib. 157 ərazi partiya təşkilatında Gənclər Birliyinin özək təşkilatları yaradılıb. Gənclər şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, bütün sahələrdə, həmçinin elmdə,təhsildə böyük uğurlar qazanırlar. Fəaliyyət dövrü ərzində 16 təlim, 8 aksiya, 21 layihə, 25 tədbir, 20 görüş, 32 dəfə “Cinema Club”un görüşü keçirilib, 13 seminar, 6 kurs təşkil edilib, 5 videoçarx hazırlanıb.

Bu gün Gəncə 2016-ci il üçün Avropanın Gənclər paytaxtıdır. Bu nailiyyət Gəncənin hər bir gəncinin fəallığının, təşəbbüskarlığının göstəricisidir.

Gənclər adından çıxış edən Elnur Həsənov, Sevda Abdullayeva, Elyar Qasımov və başqaları Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən qayğı və diqqəti əməli işlərində layiqincə doğruldacaqlarını, 4000 illik yaşı olan qədim Gəncənin tərəqqisi və çiçəklənməsi naminə var qüvvələrini əsirgəməyəcəklərini bəyan ediblər.

Konfrans iştirakçıları YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Konfransın qətnaməsi və qərarı qəbul olunub.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri seçiliblər.Gənclərin yekdil rəyi ilə Fərid Dünyamalıyev yenidən YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri seçilib. Həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP-ın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, “Səs“ İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev çıxış edərək, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin yeni heyətini təbrik edib, gələcək işlərində nailiyyətlər arzulayıblar.Gəncə gənclərinin daim dövlətçiliyimizə , Ulu Öndərə sədaqətli olduqlarını, bundan sonra da yeni zəfərlərə imza atacaqlarına əmin olduqlarını bildiriblər.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm