• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya və ABŞ-ın Qarabağ savaşı: Vaşinqton nədən hərəkətə keçib? - TƏHLİL

  • Nida.az
  • 25 Fevral 2015 11:54
  • 1 541 Baxış
Rusiya və ABŞ-ın Qarabağ savaşı: Vaşinqton nədən hərəkətə keçib? - TƏHLİL

ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almaq uğrunda mübarizəyə başlayır.

Publika.az xəbər verir ki, İranın “İranian Diplomacy” nəşri Nulandın Bakı səfərini bir sıra proseslərlə paralelləşdirərək maraqlı detallara toxunub.


ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfir Robert Sekutanın Bakıya gəlişindən bir neçə gün sonra Nulandın səfəri bəzi məqamlar baxımından diqqət çəkir. Bunun İran xarici işlər nazirinin Bakı səfərindən dərhal sonra baş verməsi də maraqlı idi.


Nuland həmkarı Elmar Məmmədyarovla görüşəndən sonra Prezident İlham Əliyevlə danışıqlar apardı. İki ölkə arasında ticarət əlaqələri, investisiya qoyuluşu, enerji təhlükəsizliyi, kommunikasiya, Cənubi Qafqazda təhlükəsizlik və terrorizmlə mübarizə kimi məsələlər müzakirə edildi. Əfqanıstana tranzit məsələsindən tutmuş, Azərbaycanda demokratiya və insan haqları, Qarabağ münaqişəsinə qədər bir çox müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıldı.


Nuland Azərbaycan müxalifətinə ciddi diqqət göstərmədi. Yalnız jurnalist Elçin Şıxlı, Marşal Fonunun nümayəndəsi Mehriban Rəhimli, Müsavat Partiyası liderinin oğlu Turqut Qəmbərin iştirakı ilə 20 dəqiqəlik qısa görüş keçirdi.


Diqqət çəkən məqam ikitərəfli strateji əməkdaşlıq müqaviləsinin bəndlərindən biri olan insan haqları və demokratiyanın inkişafı haqda yeni mərhələyə başlanması idi. Halbuki bu müqaviləyə əsasən ikitərəfli müzakirələr sonuncu dəfə 2008-ci ildə keçirilmişdi. O vaxtdan bəri müzakirələrə ara verilmişdi. Buna səbəb münasibətlərdə yaranmış süstlük idi. Nulandın səfəri bu süstlüyü aradan qaldırılması məqsədi daşıyırdı.


Bakıda həmişə narahatlıqla qarşılanan bir fikir var: ABŞ Azərbaycanda rəngli inqilab etmək istəyir. Bu bir sıra post-sovet ölkəsində artıq reallaşıb. Lakin Nuland bunu qəti şəkildə təkzib etdi. O, “Biz güclü Azərbaycanın tərəfdarıyıq” deyərək məsələyə nöqtə qoydu.


“İranian Diplomacy” Nulandın səfərinə Dağlıq Qarabağ münaqişəsi kontekstində xüsusi diqqət çəkir. Nəşr Rusiyanın münaqişədə təşəbbüsü ələ almaq və beləliklə regiondakı gücünü sabit vəziyyətə gətirmək istəyində olduğunu qeyd edir.

Nulandın səfərindən bir neçə gün öncə Rusiya Federasiyası prezidentinin yanında İctimai Palatanın üzvü, Putinin yaxın ətrafı hesab olunan Sergey Markov Qarabağ münaqişəsinin həllində Moskvanın təşəbbüsləri ələ almaq istəyinə işarə vurdu.


“Rusiya ATƏT-in Minsk qrupu olmadan Qarabağ münaqişəsinin həlində tarixi rolunu oynayacaq. Amerika Minsk qrupu çərçivəsində hərəkətverici qüvvə olmağı çox istəyir. Lakin Azərbaycan və Rusiya arasında yaxşı münasibətləri nəzərə alaraq, Moskva Qarabağ münaqişəsinin həllində yeni təşəbbüslərlə çıxış edəcək və bu, əvvəllər olmayan qədər Bakının maraqlarına xidmət edəcək. Məsələ ondadır ki, Azərbaycan hazırda hərbi və iqtisadi inkişafını olduqca gücləndirib. Erməni xalqı isə Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlılığı, Rusiya ilə quru əlaqənin olmamasına görə iqtisadi blokadadan çox yorulub. Dağlıq Qarabağ ətrafında 7 rayonu azad edərək, Ermənistanı blokadadan çıxarmaq və cəbhədəki toqquşmaları azaltmaq mümkündür”, - deyə Kremlə yaxın politoloq bildirib.


Bir sıra analitiklərə görə, Ağ Evin öz diplomatını Bakıya göndərməsinə səbəb Qarabağ münaqişəsində təşəbbüsü Rusiyaya verməməkdir. Bu məsələdə ABŞ ictimaiyyəti də maraqlıdır. Misal üçün, ictimai rəyin öyrənilməsi ilə məşğul olan “Gellap” institutunun apardığı sorğuya görə, 18 faiz amerikalı Rusiyanı özünə düşmən hesab edir. Halbuki bu göstərici ötən il 9 faiz idi.

Vaşinqton Moskvanın Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olaraq Azərbaycanın rəğbətini qazanmasını istəmir.


Nulandın səfərindən bir gün öncə İran xarici işlər naziri Bakıda oldu. Bunun fonunda azərbaycanlı parlamentarilər ABŞ-ı Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edirdi.

Yaxın Şərqdə problemlər, Suriya və İraqda böhran, İŞİD təhlükəsi ilə mübarizə, Ukraynadakı çətin vəziyyət, Rusiya ilə qarşıdurma, Putinin Avrasiya İttifaqını yaradaraq keçmiş SSRİ-ni bərpa etmək planları, İranın nüvə problemi üzrə danışıqlar ABŞ-ın Cənubi Qafqaza lazımi diqqət ayırmasına imkan vermirdi. Bu baxımdan, Dövlət katibinin köməkçisinin son səfəri region ölkələri ilə münasibətlərə yenidən baxmaq və gücləndirmək üçün xüsusi əhəmiyyət daşıyır. Bu, xüsusilə Azərbaycana aiddir. Vaşinqton Bakıya xüsusi diqqət göstərir və verdiyi vədləri unutmadığını vurğulayır.


Azərbaycan hazırda diqqəti Ukraynaya görə Rusiyaya tətbiq olunan sanksiyalara yönəldir. Çünki onun ərazisinin 20 faizini işğal edən Ermənistan indiyə qədər heç bir təzyiqə məruz qalmayıb. Eləcə də 2008-ci ildə Gürcüstan separatizmlə üzləşib. Bakının qətiyyətindən cəsarətlənən Tiflis də Qərbin qarşısında eyni məsələni qaldırır.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR