Xocalını unutmayaq..!
Bizi izləyin

Nida.az

Xocalını unutmayaq..!

Bu gün Xocalı soyqırımının 23-cü ildönümüdür.


Düz 23 il öncə tarixin bu günü gecədən keçmiş Xocalıya hücum olacaqdı. Yerli əhali buna inanmasa da, həmin gecə XX əsrin sonunda bəşəriyyət daha bir, əsrin sonuncu soyqırımını tarixinə yazdı.

Bəşəriyyətin sonuncu qanlı tarixi

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci ilin 28 yanvarında enir. Şuşa səmasında mülki vertolyotun vurulması, 40 azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsilir. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücum fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılıb. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlanır. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olur. Tezliklə aydın olur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilir və onlar gülləborana tutulurlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilir.

Həmin gecə Ermənistan silahlı qüvvələr Xankəndidə yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü qətliamın qurbanı oldu. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. 1 aprel 1992-ci il hesablamalarına görə, dövlətin və əhalinin əmlakına 5 milyard rubl dəyərində ziyan vuruldu.

Düzənlik cəsədlərlə dolu idi

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildi. Gördükləri mənzərə hamını dəhşətə gətirmişdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilib.

Xocalı soyqırımının arxasındakı plan

7 min əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran - Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.

Xocalı həm də Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Burda qədim tarixi abidələr indiyə qədər qalır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılıb. Həmçinin burada arxitektur abidələr – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) var. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılıb. Tapılmış muncuq dənələrindən birində Assuriya Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılıb.

Məqsəd həm də Azərbaycanın tarixini silmək olub.

Sonralar erməni tərəfi etiraf edir ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran -Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi.

Qətliam, soyqırım, yoxsa döyüş?

Xocalıda törədilənlər bu gün müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır.
Azərbaycanda və qardaş Türkiyədə “Xocalı qətliamı”, “Xocalı soyqırımı” kimi anılır. Qərb və dünya mətbuatı “Xocalı qətliamı” (ingiliscə “Khojaly Massacre”, fr. Massacre de Khodjaly) terminindən istifadə etməyə üstünlük verir. Ermənilərsə tam əksinə: onlar üçün bu soyqırımı, insanların gözlərinin çıxarılması, başlarının kəsilməsi və dilə gətirilə bilməyəcək işgəncələr bir döyüş, qəhrəmanlıq idi. Onlar üçün bu, “Xocalı döyüşü”, “Xocalı hadisəsi”dir. Həm də azərbaycanlılara verilən bir dərs.

Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Bu sözləri hazırda Ermənistan prezidenti olan, Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Serj Sarkisyana məxsusdur.

Dünya isə qətllərə və işğallara, zülmlərə və işgəncələrə rəğmən hələ də susur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm