• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ABŞ Konqresində Xocalı qətliamı anılıb

  • Nida.az
  • 26 Fevral 2015 10:44
  • 438 Baxış
ABŞ Konqresində Xocalı qətliamı anılıb

Azərbaycanda və həmvətənlərimizin məskunlaşdığı dünyanın müxtəlif məmləkətlərində olduğu kimi, Xocalı qətliamının qurbanlarının xatirəsini anmaq və bu faciə üçün ədalət tələb etmək məqsədilə, ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyası (Assembly of Friends of Azerbaijan - AFAZ) tərəfindən paytaxt Vaşinqtonda xüsusi mərasim təşkil edilmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Konqresin binasında baş tutmuş bu tədbirdə 16 ABŞ konqresmeni (Bill Shuster, Pete Olson, Henry Cuellar, Ryan Zinke, Xavier Becerra, Yvette Clarke, Paul Gosar, Al Green, Ted Deutch, Brian Babin, Randy Hultgren, Sheila Jackson Lee, Robert Aderholt, Charlie Dent, Mark Veasey, Doug Lamborn), Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva, Fransa Senatının üzvü Natalie Goulet, Konqres aparatının çoxsaylı əməkdaşları, yerli ictimaiyyət və eləcə də Azərbaycan və türk icmalarının nümayəndələri qatılmışlar.

Toplantıda açılış nitqi ilə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilk növbədə Xocalı qətliamının anım mərasimə qatılıb, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiklər üçün ABŞ Konqresinin üzvləri başda bütün qonaqlara təşəkkürünü ifadə etmişdir. Xocalı qətliamını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisəsi kimi xarakterizə edərək, bu qətliamın qurbanlarının xatirəsini anmaqda məqsədin qisasçılığı təbliğ etmək deyil, uzunmüddətli sülhün tezliklə əldə edilməsinin vacibliyini xatırlatmaq olduğunu bəyan etmişdir. Səfir məhz bu niyyətlə Azərbaycanın ən yaxın zamanda müfəssəl sülh sazişi üzrə danışıqlara başlamağa hazırlığını qeyd etmişdir. O, digər yandan Xocalı faciəsinin anılmasının gələcək qətliamların qarşını ala biləcəyini demiş və əlavə etmişdir ki, vaxtilə bu qətliama və Azərbaycanın üzləşdiyi işğala müvafiq diqqət yetirilmiş olsa idi, regionumuzdakı digər faciəvi hadisələr, o cümlədən Ukraynadakı insan tələfatının qarşısını almaq mümkün olardı. ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamına dair tədbirlərə qatılmaq üçün ABŞ-da səfərdə olan Azərbaycan Milli Məclisinin üzvlərini salamlamış səfir Süleymanov onların Vaşinqtona birbaşa olaraq Pensilvaniyadakı mərasimdən gəldiklərini qeyd etmiş və eyni gündə həmin ştatın Nümayəndələr Palatası tərəfindən Xocalı qətliamı barədə qətnamənin qəbul edildiyini söyləmişdir.

ABŞ Konqresində Azərbaycan üzrə dostluq qrupunun həmsədri olan Bil Şuster həmin qrupa rəhbərlik etməkdən şərəf duyduğunu söyləmiş, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı kimi xarakterizə etmiş və qarşılıqlı münasibətlərin əhəmiyyətini qeyd etmişdir. Konqresmen 11 sentyabr terror aktının ardınca Azərbaycanın ABŞ-a dəstəyini ifadə etmiş ilk ölkələr arasında olduğunu minnətdarlıqla xatırlamışdır. O, Konqresdə təşkil edilmiş bu tədbirə qatılmaqla Xocalıda qətlə yetirilmiş insanların xatirəsini anmaq istədiyini göstərmiş və Azərbaycanın səfirinin fikirlərinə şərik çıxdığını deyərək, regionda tezliklə sülhün bərqərar olmasını diləmişdir.

Texas ştatından Pete Olson emosiya dolu bir çıxış edərək, 23 il əvvəl Xocalıdan qaçıb, sığınacaq axtaran Azərbaycanlıların mühasirəyə alınaraq, qətlə yetirildiklərini qeyd etmiş və nəticədə 613 günahsız insanın həyatına ermənilər tərəfindən qəsd edildiyini xatırlatmışdır. O, daha sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın məlum bəyanatından sitat gətirərək, bildirmişdir ki, bu qətliama qədər azərbaycanlıların ermənilərin mülki şəxslərə əl qaldıra biləcəklərinə inanmırdılar, lakin Xocalıdan sonra onlar bu fikrin yanlış olduğunu sübut etdilər. Konqresmen Olson hər kəsi Xocalıda qətlə yetirilənlərin xatirəsini yaddan çıxarmamağa səsləmişdir.

Xavier Becerra Azərbaycana dostluğunu ifadə etmiş və Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi üzrə tezliklə yekun və davamlı sülhün əldə edilməsinə dair mövqeyə dəstəyini bildirmişdir. Konqresmenlər Henry Cuellar, Ryan Zinke, Paul Gosar, Al Green və Ted Deutch isə ABŞ-Azərbaycan tərəfdaşlığına toxunmuş və iki ölkə arasında münasibətlərin dərinləşməsinə dəstəklərini bəyan etmişlər. Henry Cuellar həmçinin ayrıca olaraq Xocalıda yüzlərlə günahsız azərbaycanlının tələf olduğunu vurğulamışdır. Yvette Clarke Xocalı qətliamı qurbanlarının xatirəsinın anıldığı bir vaxtda Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmiş və belə faciələrin heç zaman unudulmamalı olduğunu söyləmişdir.

Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva Xocalı qətliamının Azərbaycan cəmiyyətində buraxdığı dərin izlərdən söz açmış, xalqımızın bütöv bir nəslinin Ermənistanın Qarabağda apardığı etnik təmizləmənin qurbanı olduğu barədə məlumat vermiş və Azərbaycanın qisasçılıq deyil, ədalət axtarışında olduğunu bildirmişlər. A.Mollazadə 20-ci əsrdə baş vermiş digər qırğın və soyqırımlarla paralel apararaq, Xocalı faciəsini törədənlər üçün beynəlxalq məhkəmə tələb etmişdir. S.Fətəliyevə erməni işğalından əziyyət çəkən məcburi köçkünlərinə üzləşdiyi vəziyyəti önə çəkmiş və xüsusən köçkün uşaqların üzləşdiyi məhdudiyyətləri vurğulamışdır. Onlar beynəlxalq ictimaiyyəti və Azərbaycanın dostlarını ölkəmizin ədalət işinə dəstək verməyə səsləmişlər.

Tədbirdə çıxış etmiş Konqresin digər üzvləri və eləcə də fransalı senator Natalie Goulet Xocalı qurbanlarının xatirəsini anmış və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasının vacibliyi bəyan etmişlər.

Mərasimə qatılmış iştirakçılar həmçinin Xocalı qətliamına dair foto-sərgi ilə tanış olmuşlar və onlara “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanmış materiallar təqdim olunmuşdur. Bundan əlavə tədbir boyu toplantı zalındakı böyük ekranlar vasitəsilə qurbanların adları bir-bir xatırladılmışdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR