Razi Nurullayevdən daha bir ifşa - SAXTA PROFİLLƏR
Bizi izləyin

Nida.az

Razi Nurullayevdən daha bir ifşa - SAXTA PROFİLLƏR

AXCP sədrinin müavini vəzifəsindən istefa verən Razi Nurullayev öz “facebook” səhifəsində AXCP yetkililərinin sosial şəbəkələrdəki fəaliyyətindən yazıb.


Publika.az xəbər verir ki, R. Nurullayev partiyada bəzi sədr müavinlərinin bir neçə “facebook” profili vasitəsilə rəqiblərə qarşı mübarizə apardıqlarını deyib: “Saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna təəssüf edirəm. Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla hər biri onlarla saxta profil istifadə edir. Bu çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə necə uyğun görə bilər? Utanıram. Həm də yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki saxta profillər real adamların görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb, sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Bilirəm ki, bu həm də AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət? Siz necə özünüzə digər cəbhəçilərin iradəsini zorlamağı rəva görürsünüz?”


R. Nurullayev saxta profillərə konkret nümunə göstərib.


“Mənim də yaxşı tanıdığım Elçin Şükürlü var. Mən qəza keçirən zaman o da infarkt keçirmişdi. Bir neçə tanınmış cəbhəçi ilə onu ziyarət etdik və dəstək olmağa çalışdıq. Bilirəm ki, o, çətin vəziyyətdədir və “facebook”a girmək imkanları da yoxdur. Olsa belə, o internetdən istifadə etməyi bilmir. Bəs necə olur ki, “facebook”da məni söyür və hər bir statusun altında bülbül kimi ötür? Mən o təmiz qəlbli cəbhəçinin telefonunu mətbuata təqdim edə bilərəm. Bəs sonsuz hörmət bəslədiyim cəbhəçi Bəxtiyar Hüseyn. Onunla telefonla da danışdım və bu saf cəbhəçi dediklərimdən pis oldu. O, çətin vəziyyətə düşdü. Dedi ki, bəy, sənə qarşı yazılan şərhlərin heç biri mənə aid deyil. Mən “facebook”dan istifadə etmirəm. O dedi ki, istifadə edən şəxsi tanıyır və onunla ağır danışacaq. Budurmu sizin söz azadlığınız və insanların fərdi həyatına və sözünə hörmətiniz? Bəxtiyar bəyin də telefonunu mətbuat nümayəndələrinə təqdim edə bilərəm. Hər ikisinin profilini paylaşacam. Bu profilləri və onlarca digər profilləri işlədən Rəyasət Heyəti üzvünün adını bilirəm. Amma, sadəcə onun adını çəkmək mənə pis gəlir”, - deyə o qeyd edib.


Daha sonra R. Nurullayev digər bir məsələni qaldırıb: “Kamal İlhamoğlu mənim təşkilatımın mətbuat xidmətinin rəhbəridir. “Facebook”u sağına-soluna, eninə-uzununa ekspert kimi bilir. Onu, yəqin ki cəbhəçi gənclər də tanıyırlar. Bir sədr müavini - Fuad Qəhrəmanlı ona mesajı yazıb. Elə bilir ki, o, mənəm və Kamal da saxta profildir. Real profillə, özü də hansı ki, “Facebook”u professional işlədən birini saxta hesab edəsən, daha nə deyim? Budurmu sənin savadın və analizin? Təbii ki, hətta bu “screenshot”u paylaşmaq mənə ağır gəlir, amma bilirəm ki, ziyansızdır. Yoxsa, səni pis vəziyyətə qoymaq istəməzdim. İstəsəydim, mən də deyərim ki, əlimdə audio-video yazılar var. Ayıbdır belə şeylər. Təbii ki, mən belə hesab edirəm, amma sizlərin belə düşündüyü inancında deyiləm”.

R. Nurullayev qeyd edib ki, AXCP funksionerlərinin aktiv olan 200-ə qədər saxta profilləri var: “Qara gün üçün bu saxta profillər 500-700 arası dəyişə də bilər. Ayıbdır, saxtakarlıq etməyin. Xalq elə buna görə müxalifətdən üz döndərib. Çünki yalan və saxtadır hər şey”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm