• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Xocalılılarla görüş keçirilib – Gəncədə – FOTOLAR

  • Nida.az
  • 26 Fevral 2015 16:53
  • 327 Baxış
Xocalılılarla görüş keçirilib – Gəncədə – FOTOLAR

Bu gün Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə Xocalı sakinlərinin məskunlaşdığı yeni qəsəbədə Xocalı Soyqırımına həsr olunmuş anım mərasimi keçirilib. TədbirdəGəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Xocalıdan vədigər işğal altında olan ərazilərdən Gəncədə məskunlaşmış qaçqın və məcburi köçkün ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından 23 il keçir. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin MDB-nin Xankəndində yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı Soyqırımı və ermənilərin məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İcra Başçısı Elmar Vəliyev sözünə davam edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Elmar Vəliyev Xocalı faciəsinin qurbanlarına və ərazi bütövlüyümüz uğrunda həlak olanlara rəhmətlər diləyib.

Tədbirdə Xocalı İcra Hakimiyyətinin məsul işçisi Vaqif Ağayev, sakinlərdən Zülfü Quliyev, Səmayə Mirzəyeva və başqaları çıxış edərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildiriblər. Xocalı qətliamının dəhşətlərindən bəhs edən ədəbi-bədii kompozisiya göstərilib. Tədbir iştirakçıları daha sonra Xocalı faciəsini əks etdirən kitablara və rəsm sərgisinə baxıblar.

Gəncə alimləri tərəfindən hazırlanmış Xocalı qətliamından bəhs edən yeni kitablar hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Xocalı sakinləri ilə səmimi söhbət edib, onların arzu və təkliflərini dinləyib, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib. Sonda Xocalı qurbanlarının xatirəsini yad etmək üçün ehsan süfrələri açılıb, onların ruhuna dualar oxunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR