• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Novruz Məmmədov: “Həmsədrlər heç bir prinsip ortaya qoymayıblar” – VİDEO

  • Nida.az
  • 27 Fevral 2015 12:56
  • 310 Baxış
Novruz Məmmədov: “Həmsədrlər heç bir prinsip ortaya qoymayıblar” – VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin "TRT AVAZ'' kanalının İctimai Televiziya ilə ortaq yayımlanan ''50 dəqiqə'' verilişinin qonağı olub.

Publika.az-ın məlumatına görə, PA rəsmisi verilişin aparıcısı Gökçen Oğanın Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycan-Türkiyə münasibətləri barədə suallarını cavablandırıb.

Prezident Administrasiyası rəhbərinin müavini deyib ki, Azərbaycan xarici siyasətində bütün dövlətlərlə qarşılıqlı surətdə faydalı dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə önəm verir.

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Novruz Məmmədov ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində fəaliyyətinin heç bir nəticə verməməsinin təəssüf doğurduğunu bildirib. Prezident Administrasiyasının rəsmisi deyib: ''Minsk qrupunun həmsədrləri heç bir prinsip ortaya qoymayıblar. İyirmi ildən artıqdır ki, onların əsas prinsipi budur: Siz özünüz barışın, özünüz razılığa gəlin, biz sizi dəstəkləyək. Onlar çox yaxşı bilirlər ki, belə şey mümkün deyil. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə yeddi rayonunu da işğal edib''.

Xocalı soyqırımından danışan Novruz Məmmədov Azərbaycan dövlətinin faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini davam etdirdiyini söyləyib.

Ermənistanın qonşularına qarşı münasibətinin, tarixi hadisələri siyasiləşdirməsinin düzgün olmadığını vurğulayan Prezident Administrasiyası rəhbərinin müavini rəsmi İrəvanın bununla heç nə əldə etməyəcəyini bildirib.

Şöbə müdiri tarixi hadisələrin ədalət prinsipi əsasında araşdırılmalı olduğunu bildirib və əlavə edib ki, bu hadisələrə alimlər, tarixçilər tərəfindən qiymət verilməlidir.

Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açan Novruz Məmmədov deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın, dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri olan iki dövlət tapmaq mümkün deyil.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR