Müsavatla və AzDP arasında üzv qalmaqalı: təxribat, yoxsa reallıq - QARŞIDURMA
Bizi izləyin

Nida.az

Müsavatla və AzDP arasında üzv qalmaqalı: təxribat, yoxsa reallıq - QARŞIDURMA

“Müsavat Partiyasından 70 nəfərin istefa verməsi haqda məlumatlar doğru deyil və təxribat xarakteri daşıyır”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının Təşkilat Şöbəsinin sədri Razim Əmiraslanov deyib.


Onun sözlərinə görə, Beyləqan rayon təşkilatından Müsavatın rəsmi üzvü olan 2 nəfər partiyadan istefa verib Azad Demokratlar Partiyasına keçib: “Ümumiyyətlə, heç bir rayon təşkilatında o cür kütləvi istefa ola bilməz. Onlar öz qohum-tanışlarının adını yazaraq belə siyahı hazırlayıblar. Bu siyahının Müsavata aidiyyəti yoxdur”.


Müsavat rəsmisi partiyanın Tovuz rayon təşkilatının özünü buraxdığı barədə xəbərlərə də aydınlıq gətirib. O, 200 keçmiş müsavatçının AXCP-yə keçdiyi barədə informasiyaları rəsmi şəkildə təkzib etdiklərini bildirib.


“Tovuz rayon təşkilatından 200 nəfərin AXCP-yə keçməsi tamamilə yanlışdır. O rayonda 200 müsavatçı, ümumiyyətlə olmayıb. Rəsmi olaraq 3 nəfər – Tofiq Hüseynli, Əsəd Məmmədli və Miryaqub bəy istefa verib. Onlardan ikisi AXCP-yə keçib. Tovuz rayon təşkilatı qurultaydan əvvəl yalnız 17 nəfərin iştirakı ilə güclə toplaşıb qurultaya nümayəndəyə seçiblər. Bu, həm də ona görə əsassız məlumatdır ki, 2013-cü il prezident seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin xeyrinə heç 40 imza da toplaya bilmədilər. O təşkilatdan 1 nəfər də məntəqədə olmayıb. Yəni üzvləri olmayıb. Deyilənlər saxta rəqəmdir, özlərindən uydurublar”, - deyə o bildirib.


Təşkilat Şöbəsinin sədri bu tipli informasiyaları Müsavat qarşı təxribat adlandırıb: “Görünür, müəyyən qüvvələr qurultaydan sonra Müsavatdan sanki qisas alırlar. Onlar belə dezinformasiyalarla Müsavata qarşı mübarizə aparırlar. Bizim açıqladığımız faktlar və rəqəmlər rəsmidir”.


Qeyd edək ki, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər 70 müsavatçının onların partiyasına keçdiyini bildirmişdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm