"Əli Kərimli heç vaxt böyük siyasətdə ola bilməyəcək"
Bizi izləyin

Nida.az

"Əli Kərimli heç vaxt böyük siyasətdə ola bilməyəcək"

Fazil Mustafa: “AXCP-də baş verənlər Əli Kərimlinin xarakterinə görə özünə qayıdan cavablardır"

- Ölkəmizdə baş verən son ictimai-siyasi hadisələri necə qiymətləndirirsiniz?

- Azərbaycanda sön dövrlərdə partiyalararası dialoqdan başqa ciddi ictimai-siyasi hadisə yoxdur. Partiyalararası dialoqdan başqa hasısa partiyanın daxilində ayrı-ayrı şəxslərin bir-biriylə mübarizəsindən söhbət gedirsə, bu, o qədər effektli bir dəyişimədən xəbər vermir. Eviçi qeybət, dedi-qodudan o yana getmir. Fundamental, prinsipial fikir hərəkatı, yaxud da fikir dəyişimi baş vermir.

- AXCP-də baş verən son olaylar və partiya üzvləri arasındakı çəkişmələr Əli Kərimlinin sıradan çıxarılmasına səbəb ola bilər?

- Burada söhbət birini siradan çıxarmaqdan getmir. Söhbət ondan gedir ki, siyasət həm də bədəl ödəməkdir. Siyasət həm də bumeranq xüsusiyyəti daşıyır. Bütün bunlar mənə 16-18 il əvvəli xatırlatdı. Xatırlayıram ki, rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, Əli Kərimli müəyyən qüvvələrdən sifariş alaraq, ona qarşı iyrənc vasitələrdən istifadə edib. Onun mövqeyini zəiflətmək istəyir. Ümumiyyətlə, onun siyasətdə olmasına müəyyən dərəcədə maneəçiliklər yaratmaq istəyir. Onun hər hansı şəkildə yenidən dirçəlməsinə imkan verməmək barədə müəyyən öhdəlikləri var. Bütün işlərini də buna döğru yönəldib.

Taleyin cilvəsinə baxın ki, 17-18 il sonra Əli Kərimlinin etdiyi namərdlik bumeranq kimi özünə doğru geri qayıdır. İndi o, başqalarını hakimiyyətə işləməkdə, hakimiyyətdən sifariş almaqda ittiham edir. İstənilən sahədə dürüst, haqqı tanıyan xarakterdə olmadınsa, bu nankorluğun cavabı özünə qayıdacaq. Əslində, bu gün AXCP-də baş verənlər Əli Kərimlinin xarakterinə görə özünə qayıdan cavablardır. Bu cavablarda söhbət hakimiyyətə müxaliflikdən getmir, ayrılıqda xarakterdən, dürüstlükdən, insani dəyərlərə sayğıdan gedir. Siyasət o demək deyil ki, insani dəyərlərə qarşı siyasət naminə istənilən addımı ata bilərsən. Amma elə bir zaman gəlir ki, məhz qiymətləndirilən meyar insani dəyərlər olur. Ona görə də AXCP-də baş verənləri əvvəllər edilmiş nankorluğun başqa formada qayıdışı kimi qiymətləndirirəm. Ola bilsin ki, Əbülfəz Elçibəyin hansısa xüsusiyyətləri var idi ki, kimisə qane eləmirdi, lakin Elçibəy həm də bizlərə - 25-27 yaşlarındakı gənclərə siyasətdə qısqanmadan, narahat olmadan düz yolu təqdim edən, verən insan idi. Bu gün mən də hansısa fikirlərini tənqid edə bilirəm, amma bir şeyi tənqid edə bilmirəm, o, heç vaxt özündən fərqli fikir deyən, yaxın çevrəsi olmayanları rəqib bilməyən adam idi. Paxıllıq duyğusu olmadan yaşamaq, siyasətdə mövcud olmaq böyük xüsusiyyətdir. Bu adamlar isə belə duyğuya sahib olmadıqlarına görə, özlərinin nə vaxtsa elədikləri qeyri-insani davranışların cavabını alırlar.

- Yəni qazana atılan qaşığa çıxır...

- Əlbəttə. Məsələn, kimisə təşkilatdan vaxtilə ədalətsiz çıxarmısan, kiminsə əleyhinə yazı yazdırmısan, kiminsə əleyhinə gizli şəkildə nələrisə etmisən... Bizi də siyasətdə sevməyən, mövqeyimizi bəyənməyən insanlar ola bilər. Amma bir adam da deyə bilməz ki, Fazil Mustafa kiminsə əleyhinə nə isə yazdırıb. Əksinə, özü yazıb, özü deyib. Heç vaxt ikiüzli, kiməsə qarşı arxa planda savaşmayıb. Hamı hər kəsi sevə bilməz ki... Amma namərdliyi insanlar sevmir. Əli Kərimlinin həyat yolunda dostlara, yaxınlara qarşı ortaya qoyduğu namərdlik həmişə onu təqib edəcək. Məhz, buna görə də Kərimli heç vaxt böyük siyasətdə ola bilməyəcək. Azərbaycan siyasətinin tarixində də kənar faktorun dəstəyi ilə həmişə movcud olacaq. Daxili resurslarla Azərbaycan cəmiyyətinə fayda verəcək obraza heç vaxt çevrilməyəcək.

- Zərifə Məhəddinova partiyadan uzaqlaşdırıldıqdan sonra iddia edir ki, Əli Kərimli və tərəfdarları onu şəxsi həyatını görüntüləməklə hədələyib, şantaj edirlər. Az əvvəl AXCP-nin sıralarında olmasa da, təəssübkeşi sayılan Xadicə İsmayıla edilən bu yönlü şantajı pisləyən birilərinin belə yola əl atması nə ilə bağlı ola bilər?

- Bu şantaj təkcə bir qadınla bağlı deyil ki... Onlarla insana qarşı belə şantaj elementləri ortadadır. Ayrı-ayrı siyasətçilərə, siyasətdə tanınmış insanlara qarşı müəyyən kaset, filan, başqa təhdidlər də edilib. Maraqlıdır ki, Azərbaycan siyasətində çox az adamlara qarşı hakimiyyət tərəfindən müəyyən sərt addımlar atılır. Bu, elə-belə, səbəbsiz deyil. Diqqət edirsinizsə, eyni addımlar İsa Qəmbərə qarşı atılmır. Ona görə yox ki, İsa Qəmbər hakimiyyətə müxalifət deyil. Müxalifətdir və özünə görə də səhv-doğru mübarizəsini aparır. Amma elə yanaşmalar var ki, burada hakimiyyəti dəstəkləyən qüvvələr tərəfindən hər hansı əxlaqi ölçüləri aşacaq çox az addımlar atılır. Lakin Əli Kərimli yeganə adamdır ki, ona qarşı hər kəs, hər cür addımlar atmağı özünə rəva bilir. Çünki o, özü başqalarına qarşı bu addımları atıb. Bu baxımdan da, gərək həmişə şüşə evdə yaşayan başqasına daş atmasın. Ona görə də hansı peşədə olursan ol, insan dəyərlərini arxa planda saxlamaq, haqqı pozmaq olmaz. Bu gün Əli Kərimli pozulmuş haqqların cavabını verməli olur. Məsələ budur. Ona görə də bu təşkilatda baş verənləri fikir, ideya mübarizəsi kimi qiymətləndirmək olmaz. Buna əvvəllər törədilən hərəkətlərin cavabı kimi baxmaq lazımdır.

"Hürriyyət"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm