“Diktə ilə danışsalar...” - Moskva Xəzərdən hücuma keçdi
Bizi izləyin

Nida.az

“Diktə ilə danışsalar...” - Moskva Xəzərdən hücuma keçdi

Avropa Birliyinin energetika tərəfdaşları siyahısına Rusiyanı daxil etməməsi Moskvanı hərəkətə keçirdib.


Publika.az xəbər verir ki, rusiyalı politoloqlar Xəzər əməkdaşlığı məsələlərini müzakirə edərək dənizdə reallaşacaq layihələrdə sahil ölkələrinin razılığının vacibliyini vurğulayıblar. Ümumi xətlə keçən bu fikir əslində hələ ki ideya olan Transxəzər boru kəmərinə qarşıdır.


“Əgər Qərb ölkələri birləşib öz siyasətlərini yeritmək istəsə...”


Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev Xəzəryanı ölkələr üçün bu gün mehriban münasibətlərin iqtisadi maraqlardan daha önəmli olduğunu bildirib: “Ümumi maraqlar axtarışı həmişə olub. Hər bir ölkənin özü üçün iqtisadi maraqları da mövcuddur. Lakin hər şey bununla bitmir. Mehribanlıq daha çox vacibdir, nəinki hansısa iqtisadi və ticarət maraqları. Bizdə rəqabət var, lakin bu rəqabəti geosiyasi maraqlarla qarşı-qarşıya qoymaq olmaz. Əgər Qərb ölkələri birləşib öz siyasətlərini yeritmək istəsə, diktə ilə danışsa, biz də birləşərək buna qarşı çıxa bilərik”.


“Xəzəryanı ölkələrin Avropa bazarları üçün rəqabət aparması doğru deyil”


Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın öyrənilməsi Mərkəzinin eksperti Stanislav Pritçin Xəzəryanı ölkələrin Avropa bazarları uğrunda süni rəqabət aparmasını doğru hesab etmir: “Avropa Birliyinə biz kömək edirik. Deyək ki, Azərbaycan Avropa Birliyinin enerji təminatına xüsusi rola malikdir. Lakin unutmaq lazım deyil ki, Polşada mayeləşdirilmiş qaz istehsalına az qalır və güman ki, ümumi bazarda rəqabət artacaq. Bunu nəzərə almamaq mümkün deyil. Bəli, bu gün Xəzər beşliyinin bir sıra məsələlərdə fikir ayrılığı var. Misal üçün, Xəzərin bölünməsi, ekologiya, təhlükəsizlik iqtisadi sahədə əməkdaşlıq və s. sahələrdə ziddiyyətlər nəzərə çarpır. Lakin biz bunları müzakirə etməli və elə fikir ayrılıqlarımızın ətrafında birləşməliyik”.


Beynəlxalq hüquq üzrə Qazaxıstan eksperti Miras Daulenov hesab edir ki, ortaq mövqe olmadan Xəzər dənizinin bölünməsi mümkün olmayacaq: “Xəzərin statusu məsələsində əsas suallar cavabsız qalır. Biz bunun fonunda digər problemləri də həll etməliyik. Astana forumunda bunlara aydınlıq gətiriləcəyinə ümid etmək olar. Lakin hər şeydən öncə Xəzəryanı ölkələr ümumi dil tapmalıdır”.

Avropa Rusiya qazından imtina etdi, Moskva hərəkətə keçdi


Qeyd edək ki, rusiyalı politoloqların Xəzər məsələsini gündəmə gətirməsi Avropa Birliyinin ötən həftə strateji enerji tərəfdaşlarının siyahısını açıqlaması fonunda diqqət çəkir. Siyahıda Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan və Yaxın Şərq ölkələrinin adı var. Buna qədər Avropanın ən böyük qaz təchizatçısı Rusiyanın adı siyahıya salınmayıb.


“Avropa gələcəkdə İran və İraqdan qazın çatdırılmasına ümid edir. Bununla yanaşı, bu il Türkmənistan və Azərbaycan arasında Transxəzər boru xəttinin tikintisi haqda üçtərəfli memorandumun imzalamağa hazırlaşırıq. Biz Cənub Qaz Dəhlizi layihəsinə böyük ümidlər bəsləyirik.

Cənub-Şərqi Avropaya qaz çatdıracaq TAP bu şəbəkənin son parçası olacaq. 2020-ci ildə 10 milyard kubmetr Azərbaycan qazı Avropaya çatdırılacaq. Lakin Avropa Birliyi bütün siyasi gücünü işə salaraq bunun 2019-cu ilin sonuna qədər reallaşmasına çalışacaq”, - deyə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarının müavini Maroş Şevçovik bildirib.


Şevçovik qeyd edib ki, Cənub Qaz Dəhlizinə əlavə mənbə tapacaqlarına ümid edirlər. Onun sözlərinə görə, Türkmənistanla təmas qurulub, bazar ertəsi Brüsseldə bu ölkənin səfiri ilə görüş keçirilib. Tezliklə ilkin razılaşmaların olacağı gözlənilir.


Kreml politoloqların dili ilə nəyə işarə edir?


Rusiyanın mövqeyinə görə, bütün sahil ölkələrinin (dolayısı ilə onun) razılığı olmadan Xəzərdə hər-hansı layihə reallaşmamalıdır. Bunu Aşqabad da artıq qəbul edib. Türkmənistan hökuməti Avropa bazarı üçün nəzərdə tutulan qaz ehtiyatı saxlasa da, onun daşınması üçün infrastruktur yoxdur. Rəsmi Aşqabad bu məsələdə Moskvanın maraqlarını tapdamayacağını açıqlayıb. Lakin görünür Brüssel sürətli fəaliyyətə başlayıb və birbaşa təmaslar qurur. Bu baxımdan, rusiyalı politoloqların Xəzər beşliyinin münasibətlərindən danışaraq dənizdə ümumi razılıq olmadan hansısa layihənin mümkünsüzlüyünü dilə gətirməsi diqqət çəkir. Moskva siyasi təhlilçilərin dili ilə Brüsselə mesajını göndərir.


“Rusiya nəyin bahasına olursa-olsun...”


Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bunu təbii refleks adlandırır: “Rusiyanın vəziyyəti o qədər də ürəkaçan deyil. Bu ölkə həmişə Avropaya qarşı qaz rıçaqından istifadə edib. Amma Avropa bazarı Rusiya üçün həm də əsas gəlir mənbəyi olub. Avropanın bu qazdan birdən-birə imtina etməsi iqtisadi baxımdan Rusiyaya zərbədir. Avropa Transxəzər kəməri ilə türkmən qazının Cənub Qaz Dəhlizinə qoşulmasına ümid edir və bu istiqamətdə iş aparır. Lakin Rusiyanın nəyin bahasına olursa-olsun, buna icazə verməyəcəyi aydındır. Kimin qalib gələcəyini isə zaman göstərəcək”.


Asif Nərimanlı




Oxumağa davam et
Reklam
Reklam

Gündəm