Amerikadakı nüfuzlu yəhudi təşkilatından Azərbaycanla bağlı MÜZAKİRƏ – FOTO
Bizi izləyin

Nida.az

Amerikadakı nüfuzlu yəhudi təşkilatından Azərbaycanla bağlı MÜZAKİRƏ – FOTO

Vaşinqtonda Amerikadakı ən nüfuzlu yəhudi diaspora təşkilatı olan Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2015-ci il üçün siyasi konfransı keçirilib.

Publika.az-ın məlumatına görə, illik əsasda təşkil edilən konfrans çərçivəsində Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” adı altında xüsusi seminar təşkil edilib.

Seminarda çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov dünyanın bir çox bölgələrində radikalizm meyillərinin gücləndiyi bir zamanda Azərbaycanın tolerantlıq ənənələri ilə gündəmə gəldiyini, ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb.

Diplomat xalqlar arasındakı uzun əsrlərdən bəri davam edən dostluq münasibətlərinə söykənən Azərbaycan-İsrail münasibətlərinin tərəfdaşlıq xarakteri daşıdığını və ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində son illər bu münasibətlərin daha da sürətlə inkişaf etdiyini qeyd edib. O, Azərbaycanın İsrailin enerji təhlükəsizliyinə töhfəsi, habelə tərəflər arasında qabaqcıl texnologiyalar, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın mövcudluğu barədə danışıb.

Diplomat, həmçinin hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edərək, bəzi hallarda Azərbaycan kimi tərəfdaşların regionda sülh və təhlükəsizliyə töhfələrinin lazımınca qiymətləndirilmədiyi və ölkəmizə qarşı ikili standartların tətbiq edildiyini təəssüflə qeyd edib. Səfir bununla əlaqədar, ikili standartların mövcudluğu və strateji yanaşmanın olmamasının nə ABŞ-ın, nə də onun tərəfdaşlarının maraqlarına cavab vermədiyi xüsusilə bildirib.

Hayfa Universitetinin professoru, hazırda ABŞ-ın məşhur Corctaun universitetinin araşdırmaçısı Brenda Şaferin moderatorluğu ilə keçən seminarda “Amerika Xarici Siyasət Şurası” analitik mərkəzinin vitse-prezidenti, təhlükəsizlik məsələləri üzrə nüfuzlu mütəxəssis İlan Berman və Milli Məclisin deputatı Asim Mollazadə də çıxış edib.

Bu gün yekunlaşması nəzərdə tutulan AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən 16000-dən çox nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin 300-dən çox üzvü, habelə bir sıra yüksək vəzifəli rəsmilər iştirak edir.

Qeyd edək ki, Amerikada olduqca nüfuzlu siyasi tədbir olan AIPAC konfranslarında başlıca olaraq ABŞ və İsraillə əlaqədar müzakirələr təşkil edilir və nadir hallarda digər dövlətlərlə bağlı tədbirlərə yer verilir. Buna baxmayaraq, son illər ərzində AIPAC siyasi konfranslarında Azərbaycan və İsrail arasında münasibətlərə dair xüsusi tədbirin keçirilməsi artıq bir ənənəyə çevrilib və bu da bir daha ölkəmizin artan strateji əhəmiyyətinə dəlalət edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm