• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Azərbaycanın ürəyində açıq yara” – italiyalı professordan mühüm açıqlama

  • Nida.az
  • 3 Mart 2015 13:20
  • 534 Baxış
“Azərbaycanın ürəyində açıq yara” – italiyalı professordan mühüm açıqlama

“Dağlıq Qarabağ müharibəsi zamanı Xocalı soyqırımı azərbaycanlılara qarşı ən dəhşətli terror aktı idi. Keçmiş prezident Heydər Əliyev Xocalını tarixin ən dəhşətli və faciəli səhifələrindən biri adlandırıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərində Azərbaycan mənşəli vətəndaşları vəhşicəsinə qətlə yetirdi”.


Publika.az xəbər verir ki, bu barədə italiyalı türkoloq, “Vox Populi” beyin mərkəzinin rəhbəri, “İL Nodo di Gordio” araşdırmalar mərkəzinin idarə heyətinin üzvü Ermanno Visintainer İtaliya mediasında dərc olunan “Xocalı – Azərbaycanın ürəyində açıq yara” adlı məqaləsində deyib.


Onun sözlərinə görə, Azərbaycanda Xocalıda baş verənlər soyqırım olaraq qəbul edilir: “Ermənilərsə bunu Sumqayıt hadisələrinə cavab olduğunu iddia edirlər. Lakin 2000-ci ildə o zaman müdafiə naziri vəzifəsini icra edən indiki prezident Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Valla müsahibəsində dedikləri hər şeyin mahiyyətini açıqlayır. “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi, ermənilərin dinc əhaliyə əl qaldırmayacağını düşünürdülər. Biz bu stereotipi qırmağı bacardıq”, - deyə Sarkisyan bildirirdi. Ermənilər 613 azərbaycanlını qətlə yetirdi, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. 500 nəfərə qədər insan yaralandı. 130 uşaq valideynlərindən birini, 25-i hər ikisini itirdi.

8 ailə tamamilə məhv edildi. 1275 insan girov götürüldü, indiyə qədər 150 insanın taleyi məlum deyil. Bu Ermənistan – Azərbaycan münaqişəsində ən böyük qırğın idi. Xocalı soyqırımının qaranlıq tərəfləri var. Əslində erməni ordusu şəhərdən sağ insan buraxmayacaqdı. Qətlə yetirə bildiklərini isə vəhşicəsinə öldürmüşdülər. Meyitlərin orqanları başqa-başqa yerlərdən tapılırdı. Ötən ilin 12 fevralında Romada İnsan hüquqları üzrə Helsinki Komitəsi və İtaliya Hüquqşünaslar Liqası tərəfindən “Xocalı işi: münaqişələr dövründə mülki əhalinin qorunması” adlı beynəlxalq konfrans keçirildi.

Bu faktları beynəlxalq hüquq baxımından təhlil etmək və İtaliya ictimaiyyətini məlumatlandırmaq məqsədi daşıyırdı. Xocalının tanıdılması üçün bundan əvvəl də iş aparılıb. 2012-ci ildə İtaliya parlamentinin deputatı tərəfindən göndərilən məktubdan sonra YAP-ın sədr müavini Əli Əhmədovla keçmiş baş nazir Berluskoni arasında Milan görüşü keçirildi. İtaliya parlamentinin bir qrup deputatı Xocalı faciəsinin tanıdılması üçün hərəkata keçib”.


Müəllif Türkiyədə yaşayan politoloq Toğrul İsmayılın fikirlərinə də yer verib.


“Mən bir müddət əvvəl ABŞ Konqresinin bəzi üzvlərinin Xocalı soyqırımını çatdırmağa başladım. 2010-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası, Konqresin Bill Suater, Solomon Ortiz və digər üzvləri bu prosesə qoşulub. Azərbaycan müstəqilliyini bərpa etsə də, 20 faiz ərazisi erməni işğalındadır. Təəssüf ki, beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupunun fəaliyyətində nəticə yoxdur. Biz hesab edirik ki, Avropa İttifaqı məsələni ciddiyə alaraq mümkün olan hər şeyi etməlidir. BMT, AŞPA və digər nüfuzlu təşkilatların etiraf etdiyi kimi, Ermənistan Azərbaycana təcavüz edib.

Bundan başqa, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi üçün BMT-nin çoxsaylı qətnamələri var. Lakin Ermənistan bu qətnamələrə əməl etmir. Biz Xocalının soyqırım olaraq tanınması üçün əlimizdən gələni edirik. Dost xalq kimi İtaliya Azərbaycana dəstək verməli, Ermənistan tərəfindən işğal olunmuş 20 faiz ərazimizin azad olunması üçün addımlar atmalıdır. Biz bütün gücümüzü münaqişənin həlli üçün səfərbər etməliyik”, - deyə T. İsmayıl vurğulayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR