Orxan Qafarlı: “Cənubi Qafqazda sərhədləri dəyişə biləcək güc Rusiyadır” – Müsahibə
Bizi izləyin

Nida.az

Orxan Qafarlı: “Cənubi Qafqazda sərhədləri dəyişə biləcək güc Rusiyadır” – Müsahibə

Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı Publika.az-a müsahibəsində son geosiyasi prosesləri şərh edir.


– Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərindən sonra Türkiyə mətbuatında viza məsələsi gündəmə gəldi. Siz dünən axşam “TRT Türk” telekanalında yayımlanan “Manşetdən” xəbər proqramında bu məsələ ilə bağlı danışdınız. Bu məsələ haqda nə deyə bilərsiniz?


Türkiyə vətəndaşları arasında Azərbaycanın vizanı qaldırmaması məsələsinə görə mənfi bir fikir formalaşmaqdadır. Türk insanında belə bir fikir var ki, biz Azərbaycana bu qədər kömək etdiyimiz halda Bakı bizim vətəndaşlara qarşı vizanı qaldırmır. Bu, əlbəttə, önəmli məsələdir. Sadə insana anlatmaq çətindir. Amma bizim İran qonşumuz var. Onların məkrli niyyətləri var. Əgər Türkiyə ilə viza rejimini qaldırsaq, gərək İranla da edək. Türkiyə mətbuatında bu mövzunun yaxın günlərdə gündəm olacağını hesab edirəm.


– ABŞ və Rusiyanın Ukraynadan sonra Cənubi Qafqazda maraqlarının toqquşması haqda fikirlər var. Təxminən bir neçə həftə öncə Vaşinqtonda Cənubi Qafqazla bağlı konfrans keçirildi və ABŞ-ın regiondakı maraqları vurğulandı. Daha sonra Dövlət katibinin köməkçisi Viktoriya Nuland regiona səfər etdi. Bu savaşı necə qiymətləndirirsiniz və region ölkələrinə təsiri necə olacaq?


Bəzən Azərbaycan mətbuatı bir toplantını, yaxud hansısa ABŞ nümayəndəsinin ziyarətini qlobal hadisə olaraq göstərir. Lakin reallıqda bu cür tədbirlər hər hansı ciddi əhəmiyyətli mesaj daşımır. Mən ABŞ-da keçirilən hər hansı tədbirlərin ABŞ xarici siyasətinə ciddi təsir edəcəyini düşünmürəm. Amerika xarici siyasətinin gələcək fəaliyyətindən xəbərdar olmaq üçün ABŞ Milli Təhlükəsizlik Strategiyası adlı sənədə baxmaq lazımdır. Bu sənəddə post-sovet məkanında yalnız Ukrayna qeyd olunub və yeddi dəfə Rusiya təcavüzkar ölkə olaraq ifadə edilib. On bir dəfə İŞİD məsələsinə toxunulub. Yəni bu deməyə əsas verir ki, ABŞ yaxın gələcəkdə Yaxın Şərqdə İŞİD-lə mübarizə və post-sovet coğrafiyasında Rusiya ilə rəqabət siyasəti apararaq Ukrayna böhranını həll etməyə, daha doğrusu Şərqi Avropada strateji mövqeyini təslim etməməyə çalışacaq.

Cənubu Qafqaz xeyli dərəcədə Transqafqaz regionunda önəmli ərazidir. Amerika bu regionda hələ ki, mövcud status-kvonun davam etməsində maraqlıdır. Azərbaycan və Gürcüstan bu gün Avropa enerji təhlükəsizliyi baxımından önəmli rol oynayır. Bu baxımdan, regionda hər hansı siyasi və iqtisadi böhran Cənubu Qaz Dəhlizini təhlükə altına sala bilər.

Viktoriya Nulandın Azərbaycana səfəri isə daha çox yerli siyasətçilərdən regiondakı vəziyyət haqda məlumat almaq xarakteri daşıyırdı.


– Siz bu günlərdə ABŞ-ın post-sovet məkanında nüfuzunu itirdiyi haqda danışdınız. Necə düşünürsünüz, bu “iflasın” qarşısını almaq üçün Vaşinqton hansı addımlara gedəcək?


Həqiqətən də, ABŞ və Avropa Birliyi 2008-ci ildə Gürcüstan-Rusiya arasından yaşanan yeddi günlük savaşdan sonra bir müttəfiq olaraq etibarını itirib. O zaman düşünürdük ki, Qərb siyasi mərkəzləri bu savaşdan dərs alacaq və daha uzun zamana dayanan strategiya formalaşdıracaq. Amma daha sonra bir daha gördük ki, Ukrayna hadisələrində Qərb yalnız sözdə müttəfiqdir. Əməldə yetərli qədər dost deyil. Nə Ukraynanın parçalanmasını saxlaya bildi, nə də zamanında Gürcüstanın. Bunun üçün Azərbaycan daxil olmaqla bütün post-sovet ölkələri Qərbə inanıb Rusiyaya qarşı getməyin ağılsızlıq olduğuna inandılar. Bu məsələdə ən uzaq görən iqtidar Azərbaycan oldu. Öz xarici siyasətinin Rusiyaya qarşı nə qədər real olduğunu göstərə bildi. Bu gün balanslı siyasəti tənqid edən də var. Mən bu insanlara demaqoq gözü ilə baxıram.


– Qərb – Rusiya qarşıdurması Cənubi Qafqaz regionundakı münaqişələrə, xüsusilə Dağlıq Qarabağa təsiri necə olacaq?


Ukraynada yaşanan savaşın Cənubu Qafqaza təsirini bərabər şəkildə dəyərləndirmək olar. Birincisi, bu savaş göstərdi ki, post-sovet məkanında Rusiya hələ də geopolitik kontekstdə şəkilləndirici gücdür. Qərb – Avropa Birliyi və ABŞ regionda yetərli qədər etibar olunacaq partnyor deyillər. Yəni bu ölkələrin regionda yalnız proseslərə təsir etmək gücləri var. Ölkələrin sərhədlərini dəyişə biləcək güc Rusiyadır. Bu geopolitik faktor Cənubu Qafqaz regionunda ölkələr üçün açıq şəkildə bəlli oldu.
İkincisi, Ukrayna hadisələri bir daha göstərdi ki, hər ölkə sağlam şəkildə ordusunu və iqtisadiyyatını qurmasa, o heç bir zaman öz haqlarını müdafiə edə bilməyəcək. Bu faktor xüsusilə Ukraynada həlledici rol oynadı. Bəlli oldu ki, Ukrayna ordusu son 20 ildə formalaşa bilməyib.


– Ermənistan – Azərbaycan cəbhə xəttində gərginlik mütəmadi olaraq davam edir. Siz Qarabağda müharibə ehtimalını necə görürsünüz?


Qarabağda yenidən savaşın alovlanması indiki beynəlxalq münasibətlərin konyukturunda mümkün görünmür. Bunun bir neçə səbəbi var. Böyük dövlətlər – AB, ABŞ və Rusiya yeni bir konflikt ocağının formalaşmasına imkan verməzlər. Bununla yanaşı, Azərbaycan prezidentinin hər zaman qeyd etdiyi kimi, bu problemin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ən son önəmli səbəb, bu gün Azərbaycanın Avropa enerji təhlükəsizliyində önəmli rolu olan ölkəyə çevrilməsidir. Bu o deməkdir ki, BTC, sonra Cənub Qaz Dəhlizi ilə gedəcək qaz Avropa enerji təhlükəsizliyində önəmli rol oynayır. Bu səbəbdən regionda başlayacaq hər hansı savaş Azərbaycanın enerji layihələrini və Avropanın enerji təhlükəsizliyini zərbə altına qoyacaq. Bunun üçün yaxın gələcəkdə müharibə ehtimalı sıfıra bərabərdir.


– Maraqlıdır ki, 24 apreldə ermənilərin qondarma “erməni soyqırımı”nın 100 illiyi günü Çanaqqalada anım mərasimi keçiriləcək. Ərdoğan Azərbaycan prezidentini də həmin mərasimə dəvət edib. Belə çıxır ki, Ankara və Bakı erməni məsələsinə qarşı birgə mübarizəyə qərar verib?


Türkiyə prezidentinin Azərbaycan səfərində daha bir önəmli açıqlama iki ölkənin 2015-ci ildə qondarma “erməni soyqırımı” iddialarına qarşı birlikdə mübarizə aparacaqları ilə bağlı idi. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə arasında 2015-ci ilə birlikdə hazırlıq planı olacaq. İki ölkə arasında belə bir razılığın əldə edilməsi önəmlidir. İkinci önəmli məsələ Türkiyənin bir daha Azərbaycan rəhbərliyinə Ermənistanla sərhədlərin açılmayacağı zəmanətinin verilməsi oldu. Bu gün iki ölkə arasında bu məsələ bir daha mövqelərin aydınlaşması baxımından önəmlidir. Xüsusilə son dönəm yaranmış inamsızlığın ortadan qaldırılması baxımından da bu addım çox mühüm idi.

Türkiyə və Ermənistan arasında sərhədlərin açılması isə düşünmürəm ki, hələ də Ankaranın gündəmində olan məsələsidir. Azərbaycan rəhbərliyi ilə bu məsələ ətrafında hər hansı anlaşmanın baş tutduğunu indiki məqamda demək tezdir. Azərbaycan rəhbərliyi Ermənistanla diplomatik münasibətlərin yenidən bərpa olunmasına istənilən halda mənfi baxacaq. Lakin eyni zamanda Türkiyənin regionda aktiv rol oynaması baxımından bu addım önəmli hesab olunur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm