Antalyada Azərbaycan Parkı açılacaq – FOTOLAR
Bizi izləyin

Nida.az

Antalyada Azərbaycan Parkı açılacaq – FOTOLAR

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalya valisi Muammer Türkerlə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Çingiz Qədimli, təşkilatın fəalları, Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər.

“Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli lider Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik” deyən millət vəkili vali ilə söhbət zamanı Dağlıq Qarabağ problemindən geniş danışıb: “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və bir milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq, əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.”

Millət vəkili qondarma erməni soyqırımı ilə bağlı yalanlarının qarşısının alınması və Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyib və bildirib ki, gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar.

Q.Paşayeva Türkiyəyə Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Antalya Türk Ocaqlarının dəvəti ilə səfər etdiyini və orada konfransda məruzə ilə çıxış edəcəyini vurğulayıb.

Bu cür konfransların önəminə toxunan Antalya valisi Muammer Türker öz növbəsində görüşdən məmnunluğunu bildirib. Q.Paşayevadan ölkəmizə dəvət təklifi alan Antalya valisi Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Antalyanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir. Antalya Azərbaycan Kültür və Danayaşma Dərnəyinin rəhbərliyi Antalyada 5 mindən çox azərbaycanlının yaşadığı barədə məlumatlar verdilər. Eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimiz təhsil alır. Burada Azərbaycan Kültür və Dayanışma Dərnəyinin fəaliyyəti də çox önəmlidir və artıq onların təşəbbüsü və dəstəyi ilə Antalyada Azərbaycan parkı salınır. Bu cür layihələr qardaşlığımızı daha da gücləndirir və inşallah onların sayı daha da artar”.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Antalya valisinə özünün müəllifi olduğu əsərlərlə yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm