Azərbaycanlı general Ermənistana “ac Afrika ölkəsi” dedi
Bizi izləyin

Nida.az

Azərbaycanlı general Ermənistana “ac Afrika ölkəsi” dedi

Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycana qarşı bir sıra ittihamlarla çıxış edən erməni müdafiə naziri Seyran Ohaynanın bəyanatına cavab verib.

Deputat Ə.Hüseynov Publika.az-a açıqlamasında deyib ki, bu gün Ermənistan hakimiyyəti öz xalqını artıq saxlaya bilmir. Onun sözlərinə görə, bəzi kasıb ölkələr, o cümlədən Afrika ölkələri dillərini dinc saxlayaraq, güclü ölkələrdən yardım alırlar: “Ancaq Ermənistan dilini dinc saxlaya bilmir, işğalçılıq siyasətindən əl çəkmək istəmir. Ermənistanın ac Afrika ölkəsindən heç bir fərqi yoxdur. Amma ermənilər həyasızlıq edirlər. Bu gün dünyada artıq koloniya mövcud deyil, onun yerində “şərti koloniya” anlayışı var. Ermənistan anlamalıdır ki, “şərti koloniya”nın gücü kifayət qədər deyil. İndiyədək Ermənistanın arxasında Rusiya dayanırdı. Artıq ruslar da ermənilərin kim olduğunu tanıyır və arxasından çəkiliblər. Artıq bütün dünya ermənilərin kim olduğunu bilir”.

Ə.Hüseynov bildirib ki, öz xalqını heç cür saxlaya bilməyən Ermənistan hakimiyyətinin Azərbaycanla müharibə dili ilə danışması gülüş doğurur: “Rusiyanın keçmiş müdafiə naziri vaxtilə deyirdi ki, biz 24 saat ərzində Çeçenistanı yox edərik və sairə. Ancaq indiyədək neçə illərdir ki, Rusiya hələ də bəzi çeçen separatçıları təmizləyə bilmir. Ermənistan rəhbərliyinin sərsəm-sərsəm danışmasına fikir vermək doğru deyil. Bu gün Azərbaycan hörmətli Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə istənilən ölkəyə cavab verməyə qadirdir. Bizim güclü ordumuz, hər an öz əsgərinin yanında olan müdafiə nazirimiz, baş qərargah rəisimiz var. Bugünkü ordumuz 15 il əvvəlki ordu deyil. Ən əsası da heç bir ölkədən asılılığımız yoxdur. Bu gün hər bir insan işğal altında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir. Ancaq Ali Baş Komandan humanist olduğu və insanlığı yüksək qiymətləndirdiyi üçün müharibə əmri verib insan itkisinə yol vermək istəmir, ona görə də hələlik sülh danışıqlarını seçib.

Ona görə də cənab Prezident İlham Əliyev bütün gücü ilə çalışır ki, Ermənistan rəhbərliyi ağıllanıb sülh yolu ilə torpaqları azad etsin və yaxşı qonşu olsun. Ermənistan öyrənib ki, onun-bunun verdiyi pullarla dolanıb başını saxlasın. Ancaq bunun da sonu var. Axır bir gün deyəcəklər ki, gedin öz başınızı saxlayın. Müharibə etmək üçün də yaxşı pul lazımdır, o pul da ermənilərdə yoxdur. Pul bizdə var, amma biz müharibə istədiyimizi demirik”.

General həmçinin qeyd edib ki, bu gün dünya birliyi Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edir: “Əminəm ki, həmin dairələr bir gün də işğalçı Ermənistanın başına oyun açacaqlar. Bunu hər kəs gözəl bilsin. Ermənilər dolmamızı, mahnılarımızı, şeirlərimizi oğurlayır. Elə bilirlər ki, yaxşı nə varsa, hamısı bunlara məxsusdur. Hər şeyi oğurlaya-oğurlaya gəlirlər. İndi deyirlər ki, guya biz ermənilərə torpaq bağışlamışıq. Torpaqdan pay olmaz. Biz ermənilərə torpaq verməmişik, sadəcə qaçıb ölkəmizə gələn erməniləri qovamamışıq, onlara sığınacaq vermişik. Bu o demək deyil ki, həmin torpaqların onların olub. Bu gün ermənilər dünyanı aldadırlar. Onların heç bir sözünə inanmaq olmaz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm