“Ədalətsizliyə qarşı savaş” - İsrail dövləti Xocalı soyqırımını tanıyır
Bizi izləyin

Nida.az

“Ədalətsizliyə qarşı savaş” - İsrail dövləti Xocalı soyqırımını tanıyır

“Bu dünya ədalət və haqqın olduğu yer deyil”.

Vaxtilə Heydər Əliyevin söylədiyi bu sözlər dünya nizamını xarakterizə edən canlı foto idi. Lakin bu sözlərin müəllifi sona qədər haqsızlıq və ədalətsizliklə mübarizə apardı. Onun mübarizəsi bu gün də davam edir və illər keçdikcə haqlının haqsızlara qarşı mübarizəsi qalib gəlir.

Ədalətin olmadığı dünyada haqlı mübarizə

Təxminən 15 il öncə Avropanın hansısa dövlətində Ermənistanın Azərbaycana qarşı işğal siyasəti yürütdüyünü, Xocalıda XX əsrin sonuncu ən böyük soyqırımının törədildiyini deyəndə inanmırdılar. Erməni yalanı ayaq tutub yeriyirdi. Amma bu gün mənzərə dəyişib və ədalətin olmadığı bu dünyanın gözləri açılır.

“Xocalıya Ədalət!” 2008-ci ildə Heydər Əliyevin adını daşıyan Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünya çapında bir kampaniya başladı. “Xocalıya Ədalət!” kampaniyası Ermənistan ordusunun dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qəddar qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin bu faciəni soyqırımı aktı kimi tanıması üçün mühüm əhəmiyyətə malikdir. Kampaniyanın nəticəsi qısa zamanda özünü göstərdi və bu gün artıq dünyanın bir çox ölkəsi, beynəlxalq təşkilatlar və ştatlar səviyyəsində Xocalı soyqırımı olaraq tanınır.

Kimlər həqiqəti öz adı ilə çağırır?

2012-ci ilin 2 fevral tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırımı adlandırılıb.

2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib.

2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb. Həmin il İslam Əməkdaşlıq Təşkilatı Xocalını soyqırımı olaraq qəbul edib.

2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. Həmin ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

2013-cü ildə Peru, 2014-cü ildə Hondarus respublikası Xocalını rəsmən soyqırımı olaraq qəbul edib.

ABŞ Xocalı ilə bağlı ümumi olaraq mövqeyini qətiləşdirməsə də, onun 10-dan artıq ştatı soyqırım ilə bağlı qərar, qətnamə qəbul edib. Belə ki, 2010-cu ildə ABŞ-ın Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. 2011-ci ildə Texas və Nyu-Cersi ştatları Xocalı soyqırımını rəsmən tanıyıb. 2012-ci ilin 28 fevral tarixində Corciya ştatı, 23 mart tarixində isə Men ştatı Xocalı soyqırımını rəsmən tanıyıb. 2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko, 8 fevral tarixində Arkanzas ştatı, 25 fevral tarixində isə Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanıyıb. 2013-cü ilin 4 martında Oklahoma ştatı da Xocalı soyqırımını rəsmən tanıyıb. Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanıması barədə qətnamə qəbul edilib.

Həmin ilin 18 martında Tennessi, eləcə də Pensilvaniya ştatı Xocalı soyqırımını rəsmən tanıyıb. Aprelin 3-də isə West Virginia və Connecticut ştatı eyni addımı atıb. 2013-cü ilin 21 avqustunda Florida ştatı da Xocalı soyqırımını rəsmən tanıyıb.

Soyqırımın 23-cü ildönümündə Pensilvaniya ştatının Nümayəndələr Palatası xüsusi qətnamə qəbul edib. Bununla yanaşı, ABŞ-ın Arizona Ştat Senatı 2015-ci ilin fevralın 25-də Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edib.

İsrail dövləti Xocalı soyqırımını tanıyır

“Xocalıya Ədalət!” kampaniyası nəticəsində artıq İsrailin yüksək rəsmiləri Xocalıda baş verənləri soyqırım aktı kimi qiymətləndirir.

İsrail Prezidenti Reuven Rivlin BMT Baş Məclisinin Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anım Günündə çıxışı zamanı bu haqda deyib: “Bu gün biz özümüzə sual verməliyik: bizim, bu Assambleyanın bütün dünyada soyqırımına qarşı mübarizəsi səmərəlidirmi? Bizim mübarizəmiz Bosniyada kifayət qədər səmərəli oldumu? Bu, Xocalıda insanların faciəvi ölümün qarşısını alınmasında nəticə verdimi? Biz taliblərin əfqanları qətlə yetirməsinin qarşısını ala bildikmi? Bizim səylərimiz Sutirada səmərəlidirmi? Bəs Nigeriyada?”

Fevralın 26-da İsrailin Akko şəhərində “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində keçirilmiş anım mərasimində iştirak edən İsrailin xarici işlər naziri Aviqdor Liberman isə soyqırımılar haqda danışarkən İsrail və Azərbaycan təcrübələrini nümunə göstərib.

“Bəşəriyyət tarixində faciələr az deyil. Onları unutmaq olmaz, lakin təəssüf ki, heç də hamı onları xatırlamır və lazımi nəticə çıxarmır. Bu gün biz İsrail və Azərbaycanın kədərli təcrübəsini birləşdirməyə toplaşmışıq ki, gələcəkdə belə faciələrə yol verilməsin”, - deyə o qeyd edib.

İsrail parlamenti – Knessetdə Xocalı qətliamını soyqırım aktı kimi tanıyan sənəd qəbul olunmasa da, bu ölkənin birinci şəxsi və digər yüksək səviyyəli rəsmilərinin həqiqəti öz adı ilə çağırması diqqət çəkir. Bu, İsrail dövlətinin Xocalı qətliamını soyqırım olaraq tanıdığı deməkdir.

“Ermənistanın indiki rəhbərliyinin Xocalıda törətdiyi qəddarlıq XX əsrin ən qorxunc faciələrindəndir”

Beynəlxalq münasibətlər üzrə İsrail eksperti Arye Qut Publika.az-a açıqlamasında Ermənistanın indiki rəhbərliyinin Xocalıda törətdiyi qəddarlığın XX əsrin ən qorxunc faciələrindən biri olduğunu deyib: “Erməni silahlı birləşmələrinin Xocalıda heç kimə rəhm etmədiyi tarixi faktdır. Erməni vəhşilikləri nəticəsində Xocalıda 613 nəfər qətlə yetirildi, 487 nəfər şikəst edildi, qoca, uşaq və qadınlar da olmaqla 1275 nəfər əsir alındı, inanılmaz qəddarlıqlara, işgəncələrə məruz qaldı. Ermənistan dövləti təcavüzkardır və bu gün Dağlıq Qarabağ, eləcə də ətraf 7 rayon olmaqla Azərbaycanın 20 faiz torpağını işğal edib. Erməni işğalı və etnik təmizləmələri nəticəsində bu gün Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var. Ermənistan münaqişəli vəziyyət və Azərbaycan torpaqlarının işğalı Cənubi Qafqaz regionunda dünya təhlükəsizliyinə təhdiddir”.

“Ermənistan işğalı ilə bağlı İsrail hər zaman Azərbaycanın yanındadır”

A. Qut İsrail prezidentinin Xocalı soyqırımına yanaşmasını da şərh edib.

“Yarım il öncə seçilmiş İsrail prezidenti Reuven Rivlin “erməni soyqırımı”nın rəsmən tanınması ilə bağlı Ermənistanın çağırışına yox dedi. Rivlin “soyqırımı” tanımağa səsləyən petisiyanı imzalamamaq qərarına gəlib. İsrail prezidentinin administrasiya rəsmisi Rivlinin petisiyanı imzalamadığını təsdiqləyib. Eyni zamanda, İsrail XİN-in rəsmiləri prezidentin bu mövqeyini alqışlayıblar. Onu qeyd etmək istərdim ki, üç il öncə Rivlin Knesset spikeri olaraq bu məsələnin parlament tərəfindən qəbul etməsini dəstəkləyib. Rivlinin mövqeyini dəyişməsi petisiyaya məsul şəxsləri təəccübləndirib. Düşünürəm ki, Prezident Rivlin spiker Rivlindən strateji düşüncə tərzi ilə fərqlənir. Prezident Rivlin İsraillə Türkiyə münasibətlərinin daha da pisləşməsindən çox narahatdır. Eyni zamanda, burada Azərbaycan faktorunu da unutmaq olmaz. 22 il ərzində İsraillə Azərbaycan arasında çox ciddi strateji tərəfdaşlıq formalaşıb. Bu gün İsrailin iri şirkətlərinin böyük əksəriyyəti Azərbaycanda yüksək texnologiyalar, telekommunikasiya, neft-qaz sahəsi, tibb, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Ölkələr arasında mal dövriyyəsi təqribən 3,5 milyard dollara çatır. Təkcə son illər ərzində Azərbaycan dövləti öz hesabına yəhudi icması üçün iki ən müasir sinaqoq inşa edib, Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradıb. Bu bir daha Azərbaycan dövləti və rəhbərliyinin yəhudi xalqına və İsrail dövlətinə olan rəğbətini göstərir”, - deyə o bildirib.

Ekspert Ermənistanın işğalı ilə bağlı İsrailin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb: “İsrailin siyasi elitası, o cümlədən İsrailin 9-cu prezidenti Şimon Peres, İsrailin baş naziri Binyamin Netanyahu və XİN rəhbəri Aviqdor Liberman hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək veriblər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm