Şahmat taxtasında Bakı gedişi: kim mat olacaq? - TƏHLİL
Bizi izləyin

Nida.az

Şahmat taxtasında Bakı gedişi: kim mat olacaq? - TƏHLİL

Bolqarıstanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin daha sonra İtaliyaya səfəri gözlənilir.

Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi layihəsinin keçəcəyi marşrut baxımından bu ölkələr önəmlidir. Belə ki, Azərbaycandan başlayan marşrut Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan keçməklə mavi yanacağı Avropa bazarına çıxaracaq.


Azərbaycan liderinin qaz marşrutu üzrə səfəri ərəfəsində Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Ankarada türkmənistanlı həmkarını qəbul etdi.


Türkiyə lideri Qurbanqulu Berdiməhəmmədovla görüşündə “Türkmənistan Mərkəzi Asiyadan Avropa bazarına qazın nəqli üçün əsas ölkədir” deyə vurğuladı.

R. T. Ərdoğan regionun lider ölkələri olan Azərbaycan, Türkmənistan və Türkiyənin bu məsələ üzərində işlədiyini bildirdi. Onun sözlərinə görə, üç ölkənin dövlət başçıları bu il Aşqabadda müzakirələr aparacaq.


İki qardaş ölkə Azərbaycan və Türkiyənin liderlərinin manevrləri dünyanın enerji xəritəsinin yenidən şəkilləndirilməsi prosesində diqqət çəkir. Azərbaycan lideri Cənub Qaz Dəhlizi layihəsinin marşrutu olan ölkələrlə məsələyə yenidən baxır, müzakirələr aparır. Türkiyə lideri isə layihə üçün əsas əlavə mənbə olan Aşqabadla danışıqları aparır.


Bu həm də Avropa Komissiyasının energetika məsələləri üzrə komissarının köməkçisi, avropalıların enerji təchizatı danışıqlarında əsas rol oynayan Maroş Şevçovikin son açıqlaması fonunda maraq doğurur. Şevçokiv Avropanın qaz təchizatında Rusiya təsirinin azaldılması qərarına gəlindiyini deyib. O, Türkmənistan qazının Bakı qazına qoşulmasına ümid etdiklərini, bunun üçün Transxəzər boru kəmərinin tikintisi istiqamətində danışıqlar aparıldığını bəyan etdi.

Şevçovik Brüsseldə Türkmənistan səfiri ilə bu mövzu ətrafında müzakirələr apardığını da qeyd edib.


“Nabucco” layihəsindən imtina edildikdən sonra Bakı və Ankaranın təşəbbüsü ilə Cənub Qaz Dəhlizi meydana gəldi. Hələ o vaxtdan Türkmənistan qazının bu layihəyə qoşulması məsələsi var idi. Bu istiqamətdə Bakı və Ankara birgə səylər göstərir, Aşqabadı razı salmağa çalışırdı. Belə ki, Xəzər dənizinin dibi ilə Türkmənistan sahillərindən Azərbaycan sahillərinə qədər boru kəməri çəkilir, türkmən qazı bu kəmərlə TANAP qoşulur, Bakı qazı ilə birgə TAP-a vurularaq Avropa bazarına çıxarılır. Olduqca mürəkkəb görünsə də, Avropa, həmçinin region ölkələri üçün unikal variantdır. Lakin Aşqabad bir sıra məsələlərə, xüsusilə Rusiya faktoruna görə tərəddüd edirdi. Son görüşlər isə Türkmənistanın razı olduğunu deməyə əsas verir. Burda əsas problem kimi Xəzərin status məsələsi gündəmə gətirilir. Amma Aşqabad və Bakı arasında dənizin dibi ilə boru kəmərinin çəkilməsində ciddi hüquqi maneə yoxdur. Çünki Xəzər sahillərindəki digər ölkələrdən fərqli olaraq Azərbaycan və Türkmənistan arasında dəniz sərhədi var.


Aşqabadın tərəddüdlərinin aradan qaldırılmasına səbəb olan bir neçə amil var. Birincisi, Rusiyada iqtisadi böhrandan sonra “Qazprom” Türkmənistandan aldığı 4 milyard kubmetr qazın həcmini azaldıb. Bu Aşqabad üçün mavi yanacağın satış bazarının zəifləməsi deməkdir. Çünki türkmən qazının Əfqanıstan və Hindistan bazarına çıxaracaq TAPİ layihəsi üzərində hələ ki danışıqlar gedir. Rusiya bazarında maneələrlə qarşılaşan Türkmənistan üçün yeganə Çin bazarı qalır. Pekin isə bu məsələdə alıcıdan çox, qiymət müəyyənləşdirən tərəf kimi çıxış edir. Yəni Çin türkmən qazını özünün istədiyi ucuz qiymətə alır. Bu baxımdan, dünyada dördüncü qaz ehtiyatlarına malik olan Türkmənistan üçün Avropa bazarına çıxış mütləq hal alıb.


Bu arada Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı bu ölkənin yerli mediası prezidentlər arasında “Nabucco” layihəsinin yenidən dirildilməsi məsələsinin müzakirə edildiyinə dair xəbər yayıldı. Söhbət Nabucco”nun qısaldımış forması olan “Nabucco West” layihəsindən gedir.


Bu barədə danışan Bolqarıstan baş naziri Boyko Borisov Azərbaycan prezidenti ilə “Nabucco”nun bərpasına dair layihəni tezliklə Avropa Komissiyasına göndərəcəklərini açıqlayıb. Onun sözlərinə görə, kəmərin ən azından Bolqarıstandan keçən hissəsinin bərpası nəzərdə tutulur: “İndiki situasiyada şans var ki, Azərbaycan qazı tranzit olaraq bizim ölkənin ərazisindən qonşu ölkələrə - Rumıniya və Macarıstana nəql edilsin. Bu, kiməsə qarşı yönəlməyib, Bolqarıstanın milli maraqlarına xidmət edir, çünki bizim qaz nəqli sistemimiz dolu olacaq. Nəticədə biz qaz tranzitinə görə haqq ala biləcəyik”.


Azərbaycan prezidenti İlham Əliyev isə bildirib ki, Bolqarıstan Yunanıstanla birləşdirici element-kəmər tikə bilər və nəticədə Azərbaycan qazını öz ərazisindən Rumıniya və Macarıstana nəql etmək imkanı qazanar.


“Hesab edirik ki, biz TAP və “Nabucco” kəmərlərini birləşdirə bilərik. Vacib deyil ki, siz bu marşrutun adını nə qoyacaqsınız. Bizim əsas məqsədimiz odur ki, Avropaya nəql olunacaq Azərbaycan qazının həcmi daha çox olsun. Nə qədər çox Aİ ölkəsi bizim qazı alsa hamı üçün daha yaxşı olar”, - deyə Azərbaycan lideri vurğulayıb.


Nəticə etibarilə, Transxəzər boru kəməri reallaşarsa, hazırkı TANAP + TAP kəmərləri “Nabucco”nun əsas bazası ola bilər.


Rəsmi Bakının daim dəyişən mürəkkəb enerji xəritəsindəki manevrləri yarana biləcək təhlükələrə qarşı peyvənd rolunu oynayır. Hansı ki, Afinada hakimiyyətə gələn solçular TAP layihəsinə yenidən baxılması məsələsini gündəmə gətirmişdi. Göründüyü kimi, Azərbaycan lideri öz çoxgedişli addımları ilə sonda Azərbaycanı oyundan qalib çıxarmağı bacarır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm