• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Üç il öncənin və bu günün təkrarlanan ssenarisi: Bakıya qarşı təzyiq və məşhur “hüquq müdafiəçiləri”...

  • Nida.az
  • 5 Mart 2015 18:44
  • 456 Baxış
Üç il öncənin və bu günün təkrarlanan ssenarisi: Bakıya qarşı təzyiq və məşhur “hüquq müdafiəçiləri”...

Üç il öncə, 2012-ci il... “Eurovision-2012” mahnı müsabiqəsinə Bakı ev sahibliyi edir.


Həmin dövrün mənzərəsi, yəqin ki, çoxlarının yadındadır. Avropanın QHT səviyyəli bir sıra qurumları Azərbaycana qarşı kampaniyaya başlamışdı.


“Qanunsuz söküntülər”, “heyvanlara qarşı qəddar münasibət”, saxta “siyasi məhbus” siyahıları... mayasında qərəz olan bu kampaniyaların əsas motivləri bunlar idi.


Bu təşkilatlara “qulluq edən” bir sıra xarici və yerli media orqanı bu tipli manşetlər atır, sadə azərbaycanlının həyatına dair özünü də təəccübləndirən “faktlar” tirajlayırdı. Lakin müsabiqə keçirildi, özü də avropalı mütəxəssislərin özlərinin dili ilə desək, yarışma tarixinə qızıl hərflərlə yazılan bir müsabiqə kimi.


Bakı bu ssenariləri izlədi, şəhərin ən sadə sakinləri, siyasətə qarışmayan vətəndaşlar belə bu cür qərəzli filmlərə tamaşa etdi...


“Eurovision-2012”-dən 3 il ötür və kompromatçılar üçün Azərbaycanı qaralamaqdan ötrü yeni imkan tapılıb.


Tarixdə ilk dəfə I Avropa Oyunları keçirilir. Müxtəlif namizədlər arasında gərgin keçən seçim turunda Azərbaycan bir çox üstünlüklərə görə yarışmaya ev sahibliyi etmək hüququnu əldə etdi. Hazırda oyunların Təşkilat Komitəsi gərgin iş rejimində çalışır və hazırlıq işləri aparılır. Oyunların keçiriləcəyi məkanlar son tamamlanma işlərini yekunlaşdırır, loqonun hazırlanması və bir sıra işlər başa çatdırılıb.

Belə bir beynəlxalq idman yarışının Bakıda keçirilməsi Azərbaycanın təbliği və dünya ictimai rəyində mühüm yer tutması baxımından önəmlidir.


Lakin təəssüf ki, bu ölkəni sevməyənlər hər zaman startda dayanıb. Onlar üçün kiçik bir məqam lazımdır ki, Azərbaycan haqda bu ölkənin vətəndaşlarının “bilmədiyi faktları” ortaya çıxarsınlar.


Yenə üç il öncəki ssenari gündəmdədir: “Qanunsuz söküntülər”, “heyvanlara qarşı qəddar münasibət”, saxta “siyasi məhbus” siyahıları, “azadlıqların boğulması”, insanlar haqları və uzun bir siyahı.


Bu işin mayasında qərəzin olması ilk baxışdan diqqət çəkir. Ən azından sual yaranır: bu sadalanan problemlər Azərbaycanda var idisə, onu dilə gətirən təşkilatlar indiyə qədər niyə susurdu? Nə üçün məhz I Avropa Oyunları ərəfəsində və dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda bu “problemlər” qabardılır?


“Problemlərdən” danışan təşkilatların adı Azərbaycan insanı üçün çox şey deyir.


“Amnesty İnternational” təşkilat: İnsan haqları məsələsini özünə bayraq edən bu təşkilat məsələ Azərbaycanın üzərinə gələndə əvvəldən hazırladığı “hesabatı” işə salır. Bu hesabatların heç birində fikir balansı qorunmur, yalnız birtərəfli şəkildə təqdim olunur və onun istinad etdiyi mənbələrin kimliyi Azərbaycan insanı üçün məlumdur. Bu baxımdan, “Amnesty İnternational” Azərbaycanla bağlı açıqladığı fikirləri imtahana girən şagirdin “şparqalkası” hesab etmək olar. Təşkilat ev tapşırığına uyğun olaraq I Avropa Oyunlarının Bakıda keçirilməsini boykot etməyə çağırır.


Milli Məclisin üzvü Aydın Mirzəzadə Publika.az-a açıqlamasında adıçəkilən təşkilatın Azərbaycana qarşı münasibətinin heç vaxt yaxşı olmadığını deyib: “Bu münasibət daim obyektivlikdən uzaq, hansısa qərəzlərə söykənən münasibət olub. Bunu hər zaman görmüşük. Vaxtilə “Eurovision-2012” mahnı müsabiqəsində bu təşkilatın tutduğu mövqeyə hər kəs şahid oldu. Görünür, Avropa Oyunlarının Bakıda keçirilməsi təşkilat rəhbərliyi və onların dolayısı yolla erməni lobbisinə çıxan bağlantıları üçün əsl məqamdır. Maraqlıdır ki, belə təşkilatlar heç vaxt sadə insanın problemini düşünərək addım atmır, yaxud buna uyğun fikirlər səsləndirmir. Onlar müəyyən qüvvələrə xidmət edən təşkilat olaraq tapşırıqlar nəticəsində belə bir “məhsul” ortaya qoyurlar. Əvəzində isə özlərinə lazım olan maliyyəni əldə etməyə çalışırlar”.


Millət vəkili qeyd edib ki, burada Azərbaycanı istəməyən qüvvələrin rolu açıq şəkildə özünü göstərir.


“Azərbaycanın güclənməsini, artan gücünü qəbul edə bilməyən qüvvələr var. Avropa oyunları kimi möhtəşəm tədbirin Bakıda keçirilməsi də ölkəmizə verilən qiymətdir. “Amnesty İnternational” ölkəmizin imicini korlamağa, nüfuzuna xələl gətirməyə çalışaraq dezinformasiyalara əsaslanan açıqlamalar verir. Lakin hər şeyə rəğmən Azərbaycan həmişə olduğu kimi bu möhtəşəm tədbirə də layiqincə ev sahibliyi edəcək”, - deyə o bildirib.


“Amnesty İnternational”la bir medalyonun iki üzü olan “Human Rights Watch” təşkilatı da boykot çağırışlarına qoşulub və Azərbaycanı ittihamlar “yağışına” tutub.


Milli Məclisin üzvü Asim Mollazadə Publika.az-a açıqlamasında “Human Rights Watch” kimi təşkilatların qərəzli açıqlamalarına əhəmiyyət verməməyi tövsiyə edir. Onun sözlərinə görə, bu tipli təşkilatların Azərbaycana qarşı münasibəti təəccüblü deyil.


“Onların müəyyən dairələrə bağlı olduğu və onların fikirlərini ifadə etdiyi bəlli məsələdir. Hesab edirəm ki, buna əhəmiyyət vermək lazım deyil. Vaxtilə “Eurovision” müsabiqəsi zamanı Azərbaycanı ləkələmək üçün hər şey etdilər. Amma nəticə fərqli oldu. İndi də bu cür addımlar atacaqlar. Amma əsas odur ki, Azərbaycan bu tədbiri də möhtəşəm şəkildə keçirəcək. Çünki bizim təcrübəmiz var”, - deyə o bildirib.


Bu təşkilatların Azərbaycanda təbliğini həyata keçirən media orqanlarının olması da təəccüblü deyil. Hansı ki, biz zaman-zaman media prinsiplərini pozan “Azadlıq” radiosu, “Azadlıq” qəzeti, Meydan TV kimi yerli KİV-lərin tutduğu yolun şahidi olmuşuq. Çünki bu media orqanları və onların fikirlərini təbliğ etdiyi təşkilatlar eyni mənbələrə bağlıdır. Onların fəaliyyəti də eyni mənbələrdən maliyyələşir.


Lakin tarixi təcrübə göstərir ki, bütün qərəzli kampaniyalara, saxta ittihamlara rəğmən, Azərbaycan I Avropa Oyunlarını dünyaya nümunə olacaq formada keçirəcək.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR