Nida.az
Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Martın 4-də Sofiyada Bolqarıstan Respublikasının
Prezidenti Rosen Plevneliyevin adından Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət
verilib.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirildi.
Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxış edərək dedi:
“Prezident İlham Əliyevi və onun rəhbərlik etdiyi nümayəndə
heyətini Sofiyada salamlamaq mənim üçün şərəfdir. Səfəriniz
Prezident Jelyu Jelev və Prezident Heydər Əliyev tərəfindən
Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında
dostluq münasibətləri və əməkdaşlıq haqqında Sazişin imzalanmasının
20-ci ildönümünə təsadüf edir. Hər iki dövlət başçısı
münasibətlərimizin əsas prinsiplərini - xalqlarımızın rifahı və
çiçəklənməsi naminə qarşılıqlı hörmət və anlaşmanı bizə miras
qoyublar.
Biz ötən 20 ildə konkret layihələri icra etməklə tarixi
əlaqələrimizi inkişaf etdirərək münasibətlərimizi praqmatizmlə
zənginləşdirmişik”.
Prezident deyib ki, bu gün Azərbaycan Bolqarıstanın çox dəyərli və
etibarlı tərəfdaşıdır: “Ən yüksək siyasi səviyyədə keçirilən
müntəzəm görüşlər yeni əməkdaşlıq formalarını müəyyən etmək üçün
iradəmizin mövcudluğunu sübut etmişdir. Bu gün Bolqarıstan
Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış Birgə
Bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək
yeni mərhələnin başlanğıcını qoymuşdur”.
Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxışında 2014-cü ilin
sentyabrında Bakıya etdiyi səfər zamanı “Cənub” qaz dəhlizinin
təməlqoyma mərasimində iştirakını xatırladı. Azərbaycanın iqtisadi
baxımdan inkişaf etdiyini, beynəlxalq aləmdə rolunun artdığını,
regionda aparıcı ölkəyə, neft və qaz sahəsində beynəlxalq ticarətdə
mühüm amilə çevrildiyini diqqətə çatdıran Bolqarıstan dövlətinin
başçısı dedi: “Son illərdə Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin gücləndirilməsi sahəsində Avropa İttifaqının əsas
tərəfdaşına çevrilmişdir. “Cənub” qaz dəhlizinin uğurla həyata
keçirilməsi Bolqarıstanın yeganə boru xəttindən və təchizatçıdan
uzunmüddətli asılılığına son qoyacaqdır. Keçən ilin sentyabr ayında
Bakıda rəsmi mərasimdə yüksək səviyyədə təmsil olunmağımız da
Bolqarıstan Respublikasının Avropa üçün strateji əhəmiyyət daşıyan
bu infrastruktur layihəsinə verdiyi önəmin ifadəsidir. Bolqarıstan
və Azərbaycan arasında enerji əməkdaşlığının təməlində hər il 1
milyard kubmetr qazın təchizi üzrə artıq imzalanmış müqavilə,
habelə əlavə həcmlərin müzakirə olunması imkanı durur. Lakin biz
daha yaxşı nəticələr də əldə edə bilərik. Biz Bolqarıstanda və
Cənub-Şərqi Avropa regionunda mənzillərin qazla təmin olunması, qaz
anbarları və qaz tranziti infrastrukturunun inşası sahəsində
Azərbaycan ilə müştərək layihələrin həyata keçirilməsi imkanlarının
araşdırılmasında maraqlıyıq”.
Rəsmi ziyafətdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
“İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz
qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Fürsətdən
istifadə edərək, Bolqarıstan xalqını milli bayramı – 3 mart Azadlıq
Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Zəngin tarixi və mədəniyyəti ilə seçilən Bolqarıstanı yenidən
ziyarət etməyimdən çox məmnunam. Mən Sizin ölkənizə üçüncü səfərimi
edirəm. Bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə
olduğunun bariz nümunəsidir. Səfərimin yekunlarını müsbət
qiymətləndirirəm. Apardığımız danışıqlar və fikir mübadiləsi,
imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası və
Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında
Birgə Bəyannamə” bizi əmin edir ki, nəticələr uğurlu olacaq,
strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan və Bolqarıstan xalqları
arasında münasibətlərin qədim tarixi var: “Bizim mədəniyyət,
incəsənət, elm sahəsində də əlaqələrimizi sübut edən çoxlu faktlar
mövcuddur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri isə
hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir.
Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar
xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının
klassikləri – İvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevi və bir
çox başqalarını bu gün də Azərbaycanda sevərək oxuyurlar.
İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var.
Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq
maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos
İqtisadi Forumu Azərbaycanı iqtisadi sahədə rəqabət
qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da
ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu,
şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün
yaxşı şəraitin olduğunu göstərir.
Eyni zamanda, enerji sahəsində əməkdaşlıq əlaqələrinin
perspektivləri genişdir. Zəngin karbohidrogen ehtiyatlarına malik
ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.
Hazırda Azərbaycandan enerji resurslarını müxtəlif istiqamətlərə
nəql edən 7 neft və qaz kəməri mövcuddur. Azərbaycan TANAP
layihəsinin əsas səhmdarıdır, TAP və “Şahdəniz” layihələrində isə
böyük paya malikdir. Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi ilə
bərabər bu layihələr hazırda Avropada inşa edilən ən böyük, dəyəri
ən azı 45 milyard dollar olan infrastruktur layihəsidir”.
Prezident qeyd edib ki, Azərbaycan yalnız enerji sektorunun
inkişafı ilə kifayətlənmir: “Biz regional əməkdaşlığa töhfə verən
digər layihələrə də böyük sərmayələr qoyuruq. Bu il Xəzər dənizində
ən böyük Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və
Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatacaqdır. Bununla da
Asiya ilə Avropanı birləşdirəcək ən rahat və qısa dəmir yolu
istifadəyə veriləcəkdir.
Azərbaycan öz nəqliyyat infrastrukturunun imkanlarını tərəfdaşları
ilə bölüşməyə hazırdır. Ölkələrimiz arasında humanitar sahədə
münasibətlərin uğurla inkişaf etdirilməsi üçün də geniş imkanlar
mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi,
mədəniyyəti tədris edilir. 2004-cü ildən isə Bolqar Dili və
Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Müqəddəs
Kliment Oxridski adına Sofiya Universitetində bolqar gənclərini
Azərbaycanın mədəniyyəti, dili və ədəbiyyatı ilə yaxından tanış
etmək məqsədilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi
yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan
multikulturalizmi fənni tədris olunur.
Bolqarıstan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan
əməkdaşlığımız da məmnunluq doğurur. Azərbaycan artıq neçə illərdir
ki, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Belə
tədbirlərdən biri də cari ilin iyununda ilk dəfə Bakıda keçiriləcək
birinci Avropa Oyunlarıdır. Yüksək səviyyədə təşkil edəcəyimiz bu
yarışlarda iştirak edəcək bolqarıstanlı atletlərə uğurlar
arzulayıram.
Azərbaycan, eyni zamanda, yerləşdiyi regionda təhlükəsizliyin və
sabitliyin qorunmasında, inkişafın və beynəlxalq əməkdaşlığın
təşviqində mühüm rol oynayır. Bununla belə, əfsuslar olsun ki,
regionun ən ağrılı problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi hələ də həll olunmamışdır. Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan
Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, bu ərazilərdə
etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq
soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT
Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi var ki,
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan
qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT, NATO, Avropa
Parlamenti, AŞPA, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və
digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr
qəbul etmişlər. Bir daha qeyd etmək istəyirəm ki, bu gün imzalanmış
“Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında
strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də vurğulandığı kimi,
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi
və sərhədlərin toxunulmazlığı çərçivəsində nizamlanmalıdır. Belə
ədalətli mövqeyə görə Bolqarıstan tərəfinə minnətdarlığımı
bildirirəm”.
-
Nida Xəbər 19:50
Azərbaycanın İrandakı səfirliyi yenidən fəaliyyətə başlayacaq - IRNA
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR