“Seçkilərə hələ çox var. Hamı dramatik hadisələr gözləyir” - Proqnoz
Bizi izləyin

Nida.az

“Seçkilərə hələ çox var. Hamı dramatik hadisələr gözləyir” - Proqnoz

Ərdoğan hazırda CXP-yə də, MHP-yə də yalvarır ki, sizlərə də kasetlər vasitəsilə tələ qurublar, gəlin hamımız buna qarşı mübarizə aparaq. Məqsəd heç də hüquqi dövlətin qurulması deyil, özünü vəziyyətdən çıxarmaqdır.

Türkiyədə 30 Mart tarixində keçiriləcək bələdiyyət seçkilərinə bir aydan bir qədər çox vaxt qalıb. Seçkilər yaxınlaşdıqca siyasi qüvvələr arasında mübarizə daha da güclənir.Publika.Az –a müsahibəsində politoloq Elxan Mehdiyev seçkiqabağı vəziyyəti və siyasi qüvvələrin uğur qazanma şanslarını qiymətləndirib.

-Hazırkı situsiyanı nəzərə alaraq, bələdiyyə seçkilərində siyasi qüvvələrin şanslarını necə qiymətlənmdirirsiniz?

-17 dekabr əməliyyatı və ondan sonra cərəyan hadisələr göstərdi ki, heç də bizim əvvəllər düşündüyümüz demokratik Türkiyə yoxdur. Rəcəb Təyyib Ərdoğan və onun hökuməti Türkiyədə olan-qalan hüquq sistemini də darmadağın etmiş, Türkiyəni qanunsuz bir ölkəyə çevirmişdir. Hüquq işləmir, hüquq sistemi bütünlüklə Ərdoğanın ixtiyarına keçib. Sosioloji sorğular keçirilsə də, kimin hansı reytinqə malik olduğunu demək çətindir. Ərdoğan tərəfi bir neçə sosioloji sorğu keçirib və son hadisələrin onların mövqelərinə təsir etmədiyi barədə hesabatlar verilir. Bu sorğular hazırkı vəziyyətə heç də uyğun olmayan sorğulardır. Bölgələrdə seçkilərin Ərdoğan hökuməti tərəfindən saxtalaşdırılmayacağına da heç kim zəmanət verə bilmir. Çünki bu cür sui-istifadə və rüşvəti ört-basdır etməyə çalışan baş nazirin seçki saxtakarlığı da etməsi kiçik bir işdir. Türkiyədə artıq azad seçkidən keçirmək də çətin məsələdir. Ərdoğan yalan çıxışlarla əvvəlki seçicilərini saxlamağa çalışır.

-Ərdoğanın keçirdiyi sosioloji sorğulara toxundunuz. Qarşı tərəfin bu cür soğuları hansı vəziyyəti ortaya qoyur?

-Televiziyalar Ərdoğanın nəzarətində olduğundan qarşı tərəfin keçirdiyi sorğular da ora çıxa bilmir. Türkiyə artıq dünyada Əhmədinejad İranının imicindədir. Həsən Ruhaninin rəhbərlik etdiyi indiki İran tamamilə başqa bir İrandır, bütün dünyanın diqqətini də yaxşı mənada özünə çəkib. Türkiyə isə Ərdoğanın timsalında dünyada biabır olub. Türkiyə artıq Ərdoğanın timsalında ciddi qəbul edilmir. Ərdoğanın hakimiyyətdə qaldığı hər gün Türkiyəyə zərbədir.

-Belə başa düşdüm ki, siz Ərdoğanın söylədiyi “xarici qaynaqlı güclər” faktorunu qəbul etmirsiniz...

-Bunu heç kim qəbul etmir. Onun ən gözəl tərifini də CXP-nin sədri Kamal Kılıcdaroğlu verdi. Oğrunu evin içində tutublar, Ərdoğan oğrunu tutmaq əvəzində deyir ki, oğrunun görünməsi üçün lampanı kim yandırdı? Ərdoğan lampanı yandıranları tutur. Xaricilər nazirlərə və onların oğullarına pulmu verir? Ərdoğan hərəkətləri ilə sübut etdi ki, özü də bu işin içindədir.

-Bu gün yayılan məlumata görə, Millətçi Hərəkat Partiyasından 30-a qədər üzvü istefa verib. Ümumiyyətlə, əsas müxalif güclər olan CXP və MHP-nin seçkilər öncəsi şanslarını necə qiymətləndirirsiniz?

-Bu istefalar bələdiyyə seçkilərinə namizədlərin verilməsi ilə bağlıdır. Təbii ki, hər partiyanın bələdiyyə seçkiləri ilə bağlı namizədlər siyahısı var. Adını namizədlər arasında görməyənlər isə narazı qalır. Həm CXP, həm də MHP-nin illər boyu AKP ilə bağlı söylədikləri nəhayət ki, sübut olundu. Xalqın tərəddüd edən hissəsi də çox güman ki, bu iki partiya arasında seçim edəcək. İndiyə kimi AKP-nin əsas aparıcı qüvvəsi Gülən camaatı idi. Onlar da yəqin ki, Ərdoğan hökumətinə səs verməyəcəklər, başqalarına səs verəcəklər.

-Türkiyədəki son hadisələr heç bir siyasi qüvvənin sahiblənmədiyi narazı elektoratın seçiminə necə təsir edə bilər?

-Təbii ki, bütün ölkələrdə olduğu kimi Türkiyədə də narazı olan, tərəddüd edən belə bir kütlə var. Siyasi qüvvələr də onların rəğbətini qazanmaq üçün hər zaman mübarizə aparırlar. İndiki halda isə partiyaların bu istiqamətdə fəaliyyəti daha çox hiss olunacaq. Çünki, sui-istifadə və rüşvət hadisələrini görən heç kim tərəddüd edə bilməz.

-17 Dekabr hadisələri ərəfəsində CXP sədri Kamal Kılıcdaroğlu ABŞ-a səfər etmişdi. Partiyaya Vaşinqtonun verəcəyi hansısa dəstəkdən danışmaq mümkündürmü?

-Bu məsələlər adətən Azərbaycanda şişirdilir, yəni, Avropa, ABŞ və yaxud Rusiya kimin tərəfini tutacağı geniş müzakirə edilir. Türkiyədə seçkilərdə Avropa və ABŞ-ın təsiri olmur. Məsələn, Ərdoğan hakimiyyətə gələndə onları heç kim tanımırdı. AKP xalqın dəstəyi və böyük üstünlüklə seçkiləri qazandılar. Onlara Avropa, ya da ABŞ kömək etmirdi. Əksinə, digər partiyaların həm Avropa və ABŞ-la sıx bağlılığı var idi. ABŞ-ın seçicilərə təsiri haqqında danışmaq yersizdir.

-Az öncə, bələdiyyət seçkilərinin saxtalaşdırılması ehtimalını dilə gətirdiniz. Şəffaf seçkilər seçkilərin nəticəsi olaraq hansı cədvəli ortaya qoya bilər?

-Hazırkı vəziyyət Ərdoğanın partiyasını məğlubiyyətini əks etdirən bir durumdur.

-Bir müddət əvvəl Fəthullah Gülənlə bağlı səs qeydləri yayılmışdı. Səs qeydlərində diqqətçəkən məqam isə seçkilər öncəsi AKP-dən olan 70 millət vəkilinin istefası ilə bağlı idi. Belə bir perspektiv gözlənilirmi?

-Təbii ki, Gülən camaatının AKP-də bu qədər nümayəndəsi var. Gülən camaatının özü də AKP iqtidarından bəhrələnib. İndi bunlar arasında dava düşüb. Ərdoğan hazırda CXP-yə də, MHP-yə də yalvarır ki, sizlərə də kasetlər vasitəsilə tələ qurublar, gəlin hamımız buna qarşı mübarizə aparaq. Məqsəd heç də hüquqi dövlətin qurulması deyil, özünü vəziyyətdən çıxarmaqdır. AKP də Ərdoğan səviyyəsində hökumətdə olan camaat üzvləri ilə danışıqlar aparır, onları dilə tutur, müxtəlif vədlər verir. Seçkilərə hələ çox var. Hamı dramatik hadisələrin olacağını gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm