Novruz Məmmədov: “Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlar göz qabağındadır”
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: “Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlar göz qabağındadır”

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, birinci dərəcəli Dövlət müşaviri Novruz Məmmədov Prezident İlham Əliyevin Bolqarıstan səfəri və bu görüşün mühüm perspektivləri barədə Axar.az-a danışır.

- Martın 4-5-də Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri baş tutdu. Bu səfərin əsas məqsədi nədən ibarət idi?

- Hər şeydən öncə bu səfər bir daha göstərdi ki, Avropa ölkələri və ayrılıqda Avropa Birliyi Azərbaycanla əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə çox mühüm əhəmiyyət verir. Belə dövlətlərdən biri də Bolqarıstandır. Bolqarıstan prezidentinin dəvəti ilə İlham Əliyev martın 4-5-də bu ölkədə səfərdə oldu. İki ölkə arasındakı siyasi əlaqələr yüksək səviyyədədir. Bu səfərin məqsədi münasibətlərə yenidən baxaraq inkişaf potensialının nəzərdən keçirilməsi ilə münasibət və əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsidir. Hesab edirəm ki, səfər çərçivəsində bu məqsədə nail olundu. Cənab Prezident səfər zamanı Bolqarıstan prezidenti ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirərək ikitərəfli münasibətlərin bütün aspektləri, hazırkı vəziyyəti, gələcək perspektivlərinə toxundu və bununla bağlı tərəflər öz mövqeyini ortaya qoyaraq geniş fikir mübadiləsi apardı. Eyni zamanda, belə bir görüş Bolqarıstanın baş naziri ilə baş tutdu. Qeyd edim ki, hər iki görüşdə aparılan danışıqlar zamanı Bolqarıstan prezidenti ilə baş nazirinin mövqeləri üst-üstə düşürdü. Məlum olurdu ki, Bolqarıstan səmimi şəkildə Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm verir. Bu ölkə ilə tarixi yaxınlığımız var. Əlaqələr hələ 19-cu əsrdən formalaşıb. Bolqarıstan tərəfi əlaqələri daha da inkişaf etdirməyi qəti şəkildə qarşısına məqsəd qoyub. Aparılan danışıqlar zamanı siyasi, iqtisadi, ticari əlaqələr, enerji, mədəni və sərmayə qoyuluşu sahəsində, eyni zamanda, əczaçılıq sahəsində, ərzaq-yeyinti məhsullarının idxal-ixracı, turizm sahəsində, bank sektorunda, infrastruktur, nəqliyyat sahəsində əlaqələrin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Düşünürəm ki, səfərdən gözləntilər böyük olduğu üçün bu, özlüyündə münasibətlərin inkişafına mühüm təkan verəcək. Burada əsas müzakirə istiqamətlərindən biri də Azərbaycanla Avropa Birliyi arasında əlaqələr və bu əlaqələrdə Bolqarıstanın rolu məsələsi idi. Qarşı tərəf bu məsələdə Azərbaycanı AB ilə əməkdaşlıqda dəstəkləyəcəyi haqqında konkret müsbət mövqeyini bildirdi. Yekunda iki mühüm sənəd imzalandı. Xüsusilə də prezidentlər arasında ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığını özündə ehtiva edən “Strateji tərəfdaşlıq haqqında” birgə bəyannamə qəbul edildi. Starteji tərəfdaşlıq haqqında Avropa ölkələri ilə imzalanan sənədlər içərisində bu, 7-ci belə sənəddir. Bu, Bolqarıstan səfərinin böyük uğurudur. Hesab edirəm ki, bu səfərdən sonra iki ölkə arasında əlaqələr daha da genişlənəcək.

- Novruz müəllim, səfər çərçivəsində Prezident İlham Əliyevlə Bolqarıstanın Baş naziri Boyko Borisovun birgə mətbuat konfransında enerji sahəsində bir çox məsələlərə toxunuldu. Ancaq Bolqarıstan tərəfi xüsusilə “Nabukko Vest” layihəsinin üzərində dayanaraq onun yenidən bərpasına xüsusi önəm verdiklərini qeyd etdi. Məhz bu səfərdən sonra sözügedən layihə yenidən gündəmə gəldi. Necə düşünürsüz, “Nabukko Vest” yenidən reallaşa bilərmi?

- Heç kimə sirr deyil ki, Azərbaycan enerji sahəsində Avropa ölkələrinin böyük və etibarlı strateji tərəfdaşıdır. Bu istiqamətdə Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır. Son illərdəki planlarda Trans Anadolu - TANAP və Cənub Qafqaz dəhlizi də daxil olmaqla bu layihələrin həyata keçirilməsi yer alır. TANAP-dan sonra isə Azərbaycanın böyük rolu və payı olan TAP layihəsi cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi Azərbaycanın enerji sahəsində AB səviyyəsində həyata keçiriləcək ən böyük layihələrindən biridir. Bolqarıstan tərəfi bununla çox maraqlandı. Məsələn, Yunansıtanda TAP layihəsi həyata keçirilərkən bir qolun da ayrıca Bolqarıstandan keçməsi əsas müzakirə mövzusu oldu. Bolqarıstan rəhbərləri belə olacağı təqdirdə Rumınya və Macarıstana qədər davam edən qolun bu ölkələrin qazla təchizatında da böyük rol oynayacağını qeyd etdi. Bu fikirlər bir növ “Nabukko” layihəsinin bərpasına bənzəyir. Bununla bağlı tərəflər arasında hələlik fikir mübadiləsi aparılıb. Proseslərin bundan sonrakı davamı, Bolqarıstan və AB-nin məsələyə olan mövqeyi və maliyyə dəstəyi ilə bağlı işlər barədə hələlik dəqiq fikir söyləmək çətin olsa da, bu barədə danışıqların baş tutması danılmazdır. Azərbaycan heç kimlə rəqabətlə aparmadan enerji sahəsində dəstəyə ehtiyacı olan ölkələrə qarşlıqlı, etibarlı əməkdaşlıqla iş görməyə hazırdır.

- Artıq Avropanın enerji təhlükəsizliyində mühüm bir faktora çevrilən Azərbaycanın bu sahədəki əlaqələri durmadan genişlənir. Bu gün ölkəmiz bir çox qabaqcıl Avropa dövlətləri ilə starteji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edir. Bütün bu faktorlar yaxın gələcəkdə Azərbaycanın Avropa Birliyinə üzvlük məsələsini də gündəmə gətirə bilərmi?

- Azərbaycanın həyata keçirdiyi əsas siyasət real siyasi prinsiplər üzərində qurulub. Biz o məsələlər haqqında fikir mübadiləsi aparırıq ki, onların həyata keçirilməsində tam real imkanların olduğunu görürük. Son 10-15 ildə gedən prosesləri təhlil etsəniz, görərsiniz ki, Avropa Birliyinə üzvlükdə heç də həmişə bütün faktorların ədalətlə nəzərə alınmasını müşahidə etmirik. Bəzən geosiyasi iddialar ortaya çıxır. Buna görə də Avropa ölkələri ilə çox yaxşı əlaqələr və əməkdaşlıq həyata keçiririk. Ancaq Azərbaycanın hələ ki, Avropa Birliyinə üzvlüklə bağlı heç bir mövqeyi yoxdur. Əsas mövqeyimiz AB ilə strateji tərəfdaşlıq sənədi əsasında bərabərhüquqlu əməkdaşlığımızı davam etdirməkdir. Düşünürəm ki, Avropa ölkələrinin və AB-nin buna çox böyük ehtiyacı var. Əgər Avropanın və digər ölkələrin enerji təhlükəsizliyinə öz töhfəvimizi verə biləriksə, bunu da etməyə hazırıq.

- Boqlarıstan səfərinin ardından ölkə başçısı İtaliyaya - Vatikana səfər etdi. Siz də bu səfərdə yaxından iştirak etmisiniz. Vatikanda Roma Papası ilə Prezident İlham Əliyevin görüşü barədə nə deyə bilərsiz?

- Vatikanda Roma Papası və Vatikanın baş naziri ilə görüşlər oldu. Cənab Prezident bu görüşləri Mehriban xanımla bilrlikdə keçirdi. Ölkə başçısının Vatikanın dəvəti ilə bu ölkəyə səfər etməsi Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verilməsinin bariz nümunəsidir. Müəyyən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Səfər çərçivəsində Roma Papası və Vatikan baş nazirinin Azərbaycanla əlaqələrə çox böyük əhəmiyyət verdiklərinin şahidi oldum. Vatikan Azərbaycanda dini icmalar arasındakı anlaşma, qarşılıqlı əməkdaşlıq və pozitiv münasibətlərə çox yüksək qiymət verir. Digər tərəfdən isə Vatikan Azərbaycanın dinlərararsı əməkdaşlıq və əlaqələrə çox böyük töhfə verməsini yüksək qiymətləndirir. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, hazırkı proses və bunun gələcək perspektivləri hərtərəfli müzakirə olundu. Prezident Roma Papasını və baş naziri Qarabağ məsələsi ilə bağlı ətraflı şəkildə məlumatlandırdı. Çünki bu məsələdə Ermənistan tərəfinin vaxtı hər zaman uzatması və münaqişənin həllinə meylli olmaması ilə bağlı ətraflı məlumatın Vatikanın nəzərinə çatdırılmasının çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu, özlüyündə gələcək danışıqlar prosesinə müəyyən təsirlərini göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm