“Səudiyyədəki dini mərkəzlər AXCP kimi partiyaları ələ almaq gücündədir”
Bizi izləyin

Nida.az

“Səudiyyədəki dini mərkəzlər AXCP kimi partiyaları ələ almaq gücündədir”

“Deməli, biz partiyanı bu il iki dəfə gücləndirməklə ikinci Xalq Cəbhəsi yaratmış oluruq. Belə bir hal ölkədəki bir çox ciddi problemlərin kökündən həlli üçün təsirli addım olar”-deyə o qeyd edib.


AXCP sədri Əli Kərimli yeni dini partiyanın anonsunu verdi( http://publika.az/p/6660) . Partiyanın Ali Məclisinin fevralın 16-da keçirilən sessiyasında çıxışı zamanı o, hədəfləri aşmaq üçün ikinci Xalq Cəbhəsi Partiyası yaratmağa nail olmağın vacibliyini diqqətə çatdırıb. “Düşünün ki, indi bizim vəziyyətimizdə, gücümüzdə olan ikinci bir qurum olsa, işlər necə rahat olar, hakimiyyət nə qədər narahat olar?” deyən Ə. Kərimli qeyd edib ki, bunu onlardan başqa yaradan olmayacaq.

“Deməli, biz partiyanı bu il iki dəfə gücləndirməklə ikinci Xalq Cəbhəsi yaratmış oluruq. Belə bir hal ölkədəki bir çox ciddi problemlərin kökündən həlli üçün təsirli addım olar”-deyə o qeyd edib.

İkinci Xalq Cəbhəsi: yeni qüvvə, yoxsa iqtidarın təcrübəsindən yararlanmaq?

AXCP sədrinin bu açıqlaması iki versiyanı ortaya qoydu. Birincisi, ikinci Xalq Cəbhəsi yaratmaqla AXCP öz dəstəkçilərini artırır ki, bu ehtimal kifayət qədər zəifdir. İkinci və ən böyük ehtimala görə isə AXCP-nin ikinci Xalq Cəbhəsi adı altında dini kəsimi ətrafında təmərküzləşdirmək istəyir. Ölkədə gedən dini müstəvidəki proseslər buna zəmin yaradır. Mənzərə belədir ki, zəif durumda olan qeyri-şiə icmaları özlərinə dayaq axtarırlar. Belə bir dayaq olmaq AXCP üçün əlavə elektorat, həm də ən azından ərəb ölkələrinin dəstəyini qazanmaq olardı.

Son iki ildə açıq şəkildə hiss olunur ki, islami qüvvələr yetərincə siyasi elektorata çevrilə biliblər. Təsadüfi deyil ki, İslam Partiyasının səsi uğrunda seçki qabağı Milli Şura - iqtidar arasına gizli mübarizə gedirdi və nəticə iqtidarın xeyrinə oldu. Güman ki, növbəti seçki dönəmlərində islamçılar, mənsub olduğu cərəyandan asılı olmayaraq yeni qüvvə kimi güclənəcək və seçkidə kifayət qədər rol oynaya biləcəklər. AXCP-nin belə bir addım atması isə sanki boş qalmış yerə hamıdan tez sahiblənmək gedişidir. Belə bir təcrübə 90-cı illərin sonlarında yaşanmışı. Məhz həmin vaxt böyük siyasi partiyalar dini elektorata birbaşa deyil, ikinci dərəcəli kiçik partiyalar vasitəsilə nüfuz etmək siyasətini aparırdılar. Ötən ilin seçkiləri öncəsi İslam Partiyasının “Vətən” blokuna qoşulması da belə təcrübədən yararlanıldığını göstərdi.

Ərəb şeyxlərinin güclü dəstəyi gündəmdədir

Hələ ötən əsrin sonlarında Səudiyyə, Küveyt, Qətər kimi ölkələrdəki müəyyən çevrələr Azərbaycanda dindarların birləşə biləcəyi təşkilat yaratmaq cəhdləri etdikləri haqqında məlumatlar var idi. Həm də bu məlumat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ozamankı sədri Rafiq Əliyevin dilindən də səslənmişdi. Həmin planların baş tutmaması, yaxud hələ də qüvvədə olması haqqında dəqiq informasiya yoxdur. Hesab etmək olar ki, bu çevrələr dəstəyini dindarların girəcəyi çətirə yönəldəcəklər və bu çətirin hansı qüvvə olacağını özləri deyil, istəyənlər müəyyənləşdirlməlidir.

“Səudiyyə, Türkiyə və İrandakı dini mərkəzlər AXCP kimi partiyaları ələ almaq gücündədirlər”

Hazırda mühacirətdə yaşayan jurnalist, özünü Mirzə Fətəli Axundov isrisnin davamçısı elan edən Rövşən Əliyev Publika.Az –a açıqlamasında bildirib ki, Əli Kərimlinin bu dedikləri anlaşılmaz və bir-birini təkzib edən fikirlərdir. Onun sözlərinə görə, istər birbaşa sitatdan, istər söhbətin kontekstindən aydın olmur ki, söhbət AXCP-nin genişləndirilməsindən gedir, yoxsa başa bir qurumun yaradılmasından: “ Partiyanın dindar qruplar hesabına genişlənəcəyi isə bir gümandır, bu güman barədə şərh vermək düz olmazdı”.

Lakin o, xarici ölkələrin dini mərkəzlərinin AXCP kimi partiyaları ələ almaq gücündə də olduğunu bildirib.“90-ci illərin əvvəllərində xarici dini mərkəzlər ölkəyə təzə-təzə ayaq açırdılar. Dini zəminə əsaslanan yerli siyasi qüvvələr isə, demək olar ki, yox idi. Səudiyyə, Türkiyə və İrandakı dini mərkəzlər Azərbaycanda o qədər iş görüblər ki, indi AXCP kimi partiyaları ələ almaq gücündədirlər. Xarici dini mərkəzlərin fəaliyyəti çoxşaxəlidir. Həm adi adamlar arasında təbliğat aparırlar, həm özləri üçün biznes qurumları yetişdirir, öz adamlarını bu biznes şəbəkəsində cəmləşdirirlər, paralel olaraq bu işlərə mane olmamaları üçün məmurları ələ alırlar. Bundan başqa siyasi partiyaların, mətbuatın ayrı-ayrı fəalları ilə fərdi işlər görürülər. Onların gördüyü işlə müqayisədə YAP, AXCP və Müsavat kimi partiyaların gördüyü iş çox xırda bir şeydir. Üstəlik, onların tam təsir altına saldıqları kiçik partiyalar da var. Misal üçün, Yaşıllar və Ədalət partiyaları”-deyə o qeyd edib.

“İş görənlər həmişə kiçikdən başlayır, iş böyüdükcə, planlar da böyüyür”

Onun fikrincə, Azərbaycanda sekulyarist, humanist qüvvələrin birliyi ölkəni uçuruma getməkdən qoruya bilər: “Artıq mübarizə 80-cı illərin sonlarındakı kimi moskvapərəstlərlə müstəqillik tərəfdarları arasında getmir. 90-cı illərin sonlarındakı kimi Qərb ölkələri ilə Rusiyanın təsir savaşı məsələsi də deyil”.

R. Əliyev əlavə edib ki, iş görənlər həmişə kiçikdən başlayırlar.“İş görənlər həmişə kiçikdən başlayırlar. İş böyüdükcə, planlar da böyüyür. Gözümüzün qabağında həmin xarici dini mərkəzlər çoxlu xırda işlər görüblər. Ortada nəticə var və təbii ki, plan da böyüməlidir. Dinin təbliği ağlasığmaz miqyas alıb və mənim də vaxtilə güvəndiyim, intellektinə bələd olduğum adamları yoluxdurub. Epidemiya ki, sağlam bədənə qalib gəldi, o bədənin başına nə desən gətirmək olar”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm