Cənubi Qafqazda ikinci Ukrayna: “Kremlin əlinə oynamaq...”
Bizi izləyin

Nida.az

Cənubi Qafqazda ikinci Ukrayna: “Kremlin əlinə oynamaq...”

“Rusiyanın qonşuluğunda olan və inkişaf etmək istəyən hər bir ölkə Ukraynadakı vəziyyətlə qarşılaşa bilər”.


Bunu Publika.az-a açıqlamasında Gürcüstan parlamentinin keçmiş deputatı Ramin Bayramov deyib.


Rusiya və Qərbin Ukraynadakı qarşıdurma müstəvisinin Cənubi Qafqaza keçməsi ehtimallarını şərh edən R. Bayramov qeyd edib ki, post-sovet məkanında Kremlin iştirakı olmadan heç bir münaqişə baş vermir: “Sabitlik və gələcək nəsillərin xeyrinə olaraq dövlətin inkişafı üçün tək çıxış yolu Kremlin təsir orbitindən maksimum çıxmağa çalışmaqdır. Bunun üçün hətta Avropaya doğru kiçik qayıqda da üzmək olar”.


R. Bayramov son vaxtlar Tiflis-Moskva münasibətlərində güzəştlərin müşahidə olunması və bunun İrəvana xeyrindən də danışıb.


“Gürcüstan hakimiyyətinin Qafqazda Rusiya maraqlarına loyallıq göstərdiyi reallıqdır. Hesab edirəm ki, bütün bu güzəştlər nə Tiflisə, nə də Cənubi Qafqaza yaxşı heç nə gətirməyəcək. Azərbaycanla strateji əməkdaşlıq fonunda Gürcüstan hakimiyyəti ilk illərdə Bakının hərbi münaqişədə olduğu Ermənistanla münasibətlərin möhkəmləndirilməsinə cəhdlər etdi. Əlbəttə, Gürcüstan bütün qonşuları ilə əməkdaşlıq etməlidir. Amma burda söhbət noxud boyda ölkədən gedir. Hansı ki, o, Gürcüstan ərazisinin 20 faizini işğal edən Rusiyanın sadiq partnyoru və Azərbaycanın 20 faiz torpağını işğal edən ölkədir”, - deyə o bildirib.


Keçmiş deputat qeyd edib ki, rəsmi Tiflisin öz ərazisində Kreml üçün strateji əhəmiyyət kəsb edən layihələri həyata keçirməsi ictimaiyyət tərəfindən sərt qarşılanır: “Lakin bütün risklərə baxmayaraq, bu sərt münasibətin hakimiyyətin hərəkətlərini dayandıra bilməyəcəyindən qorxuram. Biz Avropada ən nüfuzlu strukturların fikirləri ilə hesablaşmayan, ABŞ və onun partnyorları Türkiyə və Azərbaycanın maraqlarını nəzərə almayan hakimiyyətdən danışırıq. Bu templərlə bizə dost olan qonşularımızı itirə bilərik. Hakimiyyətin bundan nə dərəcədə geri çəkiləcəyini demək çətindir. Bölgədə Rusiyanın planlarının uğurla həyata keçirilməsi üçün Tiflisin Kremlin əlinə oynaması qəbuledilməzdir. Gürcüstan iqtisadi nöqteyi-nəzərdən Rusiyanın partnyoru olaraq qalacaq. Lakin bu iqtisadiyyat problem və böhran içindədir. Çətinliklər getdikcə inanılmaz dərəcədə artacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm