• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Adil Qeybulla: “ADR-in elektoratı Müsavat üzvlərindən iki dəfə çoxdur”

  • Nida.az
  • 11 Mart 2015 10:34
  • 866 Baxış
Adil Qeybulla: “ADR-in elektoratı Müsavat üzvlərindən iki dəfə çoxdur”

“Vurğun Əyyubun deputatlığa namizədliyini irəli sürən Suraxanı rayon təşkilatı Müsavat Partiyası rəhbərliyinə bununla bağlı müraciət edibsə, bu yetərlidir. Prosedur həmişə belə olub. Sadəcə olaraq, hazırkı rəhbərlik süni surətdə bürokratiya yaradır”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının İdarə Heyətinin üzvü, professor Adil Qeybulla deyib.


“Namizədlik haqda danışmaq hələ tezdir”


Onun sözlərinə görə, Müsavat rəhbərliyi legitimliyini qəbul etdirmək üçün bütün yollara əl atır.


A. Qeybulla özünün deputatlığa namizəd olacağı haqda qərar vermədiyini bildirib: “Mən situasiyaya baxacağam. Hələlik bu haqda qərarım yoxdur. Digər tərəfdən, namizədlik barədə danışmaq hələ tezdir. Ola bilsin, müəyyən dəyişikliklər olsun, seçki sistemində yeniliklər baş versin. Vəziyyətə uyğun addımlar atacam”.


“Partiya rəhbərliyi icra mexanizmlərindən istifadə edərək legitimliyini qəbul etdirmək istəyir


ADR təmsilçisi Qubad İbadoğlunun Müsavatdan çıxarılması haqda müraciətlərinə hələ də cavab ala bilmədiklərini qeyd edib: “Neytral insanların, xalq hərəkatında tanınmış şəxslərin, hüquqşünasların olduğu 11 nəfərdən ibarət qrup tərəfindən bununla bağlı müraciət olundu. Lakin hələ də cavab verilməyib. Müsavat rəhbərliyi müraciətin rəsmi şəkildə partiya strukturlarına daxil olmadığını bəhanə edir. Lakin hər kəs bunun bəhanə olduğunu yaxşı bilir. Partiyaya üzv olmaq, yaxud istefa vermək mətbuatda ictimailəşdiriləndə bu, yetərli sayılır. Bu müraciətin mətbuatda yayımlanması da yetərli olmalıdır. Hesab edirəm ki, bu addım da partiya rəhbərliyinin icra mexanizmlərindən istifadə edərək öz legitimliyini qəbul etdirmək cəhdidir”.


“Müsavatın əksər rayon təşkilatı iflic vəziyyətindədir”


A. Qeybulla hazırda ADR elektoratının Müsavat Partiyası üzvlərindən ikiqat çox olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Müsavat rəhbərliyinin hərəkat üzvlərinin sayının az olması haqda səsləndirdiyi iddialar qərəzdən irəli gəlir.


“Bu yanaşma onların nə qədər qərəzli olduğunu göstərir. ADR-in gücünü hər şeydən əvvəl təsis konfransı göstərdi. Buna əsasən əminliklə demək olar ki, bu gün ADR sıralarında olan şəxslərin sayı Müsavatın rəsmi struktur üzvlərinin sayından iki dəfə çoxdur. Çünki partiyanın əksər rayon təşkilatları iflic vəziyyətindədir. Çoxlarının da yalnız adı qeydiyyatdadır, özləri yoxdur. Ümumi görüntünün başqa olduğunu göstərməyə çalışsalar da, real vəziyyət fərqlidir. ADR isə süst siyasi durumda böyük ruh yüksəkliyi ilə təsis edildi, insanlar bura həvəslə qoşuldular. Hazırda 35 rayonda təsis toplantısı olub. Hərəkatın bütün strukturları formalaşandan sonra ortaya yeni, güclü bir təşkilat çıxacaq. Ortaya qoyulan intellektual məhsul və təkliflər paketi də yeni dövrə uyğundur”, - deyə o vurğulayıb.


“Biz bunları Müsavatda həyata keçirmək istəyirdik, imkan vermədilər”


A. Qeybulla hazırda ADR-in imicinin Müsavatın imicindən xeyli yaxşı olduğunu bildirib. Onun sözlərinə görə, hərəkatın qarşıya qoyduğu hədəf yeni dövrdə Azərbaycan reallıqlarını nəzərə alaraq, tam demokratik keçidə optimal resept hazırlamaqdır: “Biz bunu Müsavatda həyata keçirmək istəyirdik, lakin orda imkan vermədilər. Köhnə qaydaların, mitinq və aksiya üslubunun daha məqbul olduğunu hesab etdilər. Halbuki bu xəttin heç bir perspektvi yoxdur. Son dövrlər aksiya iştirakçılarının sayı da azalan tendensiya ilə gedir”.


“Tutulan yanlış xətt, köhnə zehniyyət Müsavatı zəiflətdi”


ADR təmsilçisi Müsavat daxilindəki narazılığın kökünün xeyli əvvəllərə gedib çıxdığını bildirib.


“Bu cür fikir ayrılıqları 2005-ci ildən başlayıb. Biz qurultayı gözləyirdik. Hesab edirdik ki, problemlər həll olunar və Müsavatı cəmiyyətə yeni formada təqdim edə bilərik. Çünki bu təşkilatın adında ən azı Müsavat var və tarixi köklərə malikdir. Bu gün tutulan yanlış xətt, köhnə zehniyyət Müsavatı zəiflətdi. ADR isə hələlik ictimai təşkilatdır. Biz beynəlxalq reallıqları, Azərbaycanın geopolitik mövqeyini nəzərə alaraq yeni proqram, yeni yol xəritəsi hazırlayacağıq və bu hədəflərə nail olmaq niyyətindəyik”, - deyə A. Qeybulla diqqətə çatdırıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR