Siyavuş Novruzov: “Əli Kərimli bahalı maşınından imtina etsin”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Əli Kərimli bahalı maşınından imtina etsin”

“Cəmiyyətin mitinqlərə münasibəti bəllidir və Milli Şuranın keçirmək istədiyi mitinqə heç kim gəlməyəcək”.


Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.


Onun sözlərinə görə, Milli Şuranın mitinqində orada təmsil olunanlar və yaxın qohumları iştirak edəcək: “Əslində Milli Şurada olanların hamısı 5-10 nəfərin qohum-əqrəbası, tanışları, yaxınlarıdır”.


S. Novruzov hesab edir ki, martın 15-də təyin olunan mitinqin sifarişi xaricdən gəlib: “Azərbaycanda mitinq üçün sosial sifariş yoxdur. Bunu hər kəs bilir. Lakin hazırkı situasiyada Milli Şuranın xarici havadarları belə bir sifarişlə çıxış ediblər. Ona görə də mitinq təyin olunub. Bu mitinqin keçirilməsi Milli Şuraya gündəmə gəlmək üçün lazımdır. Çünki bu, ölmüş qurumun rəhbərliyi ətrafındakı 5-10 nəfəri saxlamaq üçün vədlər verir. Arada belə bir mitinq keçirməklə də guya fəaliyyət göstərdiklərini nümayiş etdirirlər”.


YAP rəsmisi manatın məzənnəsi ilə bağlı təyin olunan mitinqin heç bir əsası olmadığını da vurğulayıb.


“Bu məsələ haqda cəmiyyətə kifayət qədər informasiya verildi. Azərbaycan cəmiyyəti ağıllı insanlardan ibarətdir və əksəriyyət ağılla düşünərək bunun zəruri tərəflərini anlayır. Lakin Milli Şuraya toplaşmış paslanmış insanlar özlərindən iddialar uydururlar. Bəhanələr gətirir, guya filan yerə filan qədər pul xərcləndi, filan addımlar atıldı. Bunlar absurd yanaşmalardır. Bu iddiaların arxasında dayanan Əli Kərimli nə üçün firavan yaşayışından, bahalı maşından imtina etmir? Nə üçün hansısa sıravi cəbhəçiyə bir manat da yardım etmir? Əksinə, cəbhəçilərdən pul toplayıb özünə bahalı maşınlar alır. Bunu biz demirik. Bütün bunlardan bezib istefa verən cəbhəçilər deyirlər. Hesab edirəm ki, bu cür gülünc iddialarla Azərbaycan cəmiyyətində dəstək qazanmaq qeyri-mümkündür. Ona görə də mitinqə heç kim gəlməyəcək”, - deyə S. Novruzov bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm