• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fransa səfiri Elşad Abdullayev barəsində: “Doğrusu...” – MÜSAHİBƏ/FOTOLAR

  • Nida.az
  • 11 Mart 2015 16:54
  • 657 Baxış
Fransa səfiri Elşad Abdullayev barəsində: “Doğrusu...” – MÜSAHİBƏ/FOTOLAR

Fransanın Azərbaycandakı səfiri Paskal Meunierin Publika.az-a müsahibəsi:

“Azərbaycanın Avropa Oyunlarını uğurla keçirəcəyinə inanıram”

– Bildiyiniz kimi, 3 aydan sonra Bakı şəhəri ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu yarışlara Fransa komandası necə hazırlaşır?

– Düşünürəm ki, idman insanları bir araya gətirir və ölkələr arasında dostluq əlaqələrinin yaradılmasına zəmin yaradır. Bildiyiniz kimi, tarixdə olimpiya oyunlari ilk dəfə Yunanistanda keçirilib. İndi isə gözəl paytaxt şəhər olan Bakı da dünyaca tanınan bir yarışa ev sahibliyi edəcək, bir çox ölkələrin talantlı idmançıları yarışmaq üçün bu regiona toplaşacaq. Bu cür yarışlar həm də ölkələr arasında ədavəti aradan qaldırır.

Çox yaxşı haldır ki, Bakıda keçiriləcək beynəlxalq idman yarışında Ermənistan da iştirak edəcək. Bu, Azərbaycanın sülhsevər olduğunu nümayiş etdirir. Digər tərəfdən, idman oyunları siyasətdən və müharibədən uzaqdır.

Fransa olaraq biz bu oyunlarda mümkün qədər çox komandaların iştirak edəcəyini gözləyirik. İnanıram ki, Azərbaycan bu yarışmanı uğurla keçirəcək.

“Girovların və sivil insanların azad olunması gərginliyin azalmasına gətirib çıxarır”

– Sizin də dediyiniz kimi, Azərbaycan sülhsevər dövlətdir. Ancaq çox təəssüf ki, regionda qonşumuz olan işğalçı Ermənistan uzun müddətdir 2 azərbaycanlı girova qarşı qondarma məhkəmə prosesi qurub, onların başına təsvir edilməsi mümkün olmayan müsibətlər açır. Halbuki Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ata yurdlarına baş çəkmək üçün gedərkən Ermənistan ordusu tərəfindən girov götürülüblər...

– Hər iki tərəf girovların qaytarılması ilə bağlı vaxtı öz aralarında müəyyən etməlidir. Həm Azərbaycan, həm də Ermənistan tərəfi girovları qaytarmaqla gərginliyin azaldılmasına çalışmalıdır. Hesab edirəm ki, girovların və sivil insanların azad olunması gərginliyin azalmasına gətirib çıxarır və münasibətlərin yaxşılaşmasına imkan yaradır.

– Bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri gözlənilir?

– Həmsədrlərin regiona nə vaxt gələcəyi barədə dəqiq məlumatım yoxdur. Bilirsiniz ki, ATƏT-in Minsk qrupu həmsədrləri bu yaxınlarda regionda səfərdə olublar. Onların bir aya və ya bir neçə gündən sonra gəlib-gəlməyəcəyini indidən dəqiq deyə bilmərəm.

“Həmsədrlik institutunun indiki formatı daha məqsədəuyğundur”

– ATƏT-in Minsk qrupunun həmsədrlər institutuna Almaniya və Türkiyənin də qoşulması təkliflər gündəmə gəlib. Fransa olaraq sizin buna münasibətiniz necədir?

– Düşünürəm ki, ATƏT-in Minsk qrupu həmsədrlik institutunun indiki formatı daha məqsədəuyğundur. Doğrudur, burada yeni ölkələr yeni ideya gətirə bilər. Ancaq mənə elə gəlir ki, Minsk qrupunun həmsədrləri ilə bağlı indiki formatının dəyişdirilməsi münaqişənin həllinə müsbət nəsə gətirməyəcək, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə indikindən yaxşı kömək etməyəcək. Çünki bu danışıqların müsbət həlli ilk növbədə Azərbaycan və Ermənistan prezidentlərinin qarşılıqlı etimadından asılıdır. Digər tərəfdən isə, onu da bildirim ki, münaqişənin həlli prosesinə səmərəli ideya gətirmək və onu daha da inkişaf etdirmək lazımdır.

Bildiyiniz kimi, ötən il prezidentlər İlham Əliyev və Serj Sarkisyan Parisə dəvət olunublar, Fransa prezidentinin iştirakı ilə Parisdə üçtərəfli görüş keçirilib. Bu görüş münaqişənin həllinə yaxınlaşmaq və mövcud ideyaların reallaşmasına kömək etmək üçün idi.

“Elşad Abdullayev barəsində heç bir məlumata malik deyiləm”

– Fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev hazırda Fransada yaşayır. E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunub. Onun Azərbaycana gətirilməsi ilə bağlı hansı məlumatlara maliksiniz?

– Doğrusu, mən bu barədə heç bir məlumata malik deyiləm.

Vasif Həsənli

Fotolar müəllifə məxsusdur

Xəbər lenti

DAHA ÇOX XƏBƏR