Razi Nurullayev: “Deyəcəklərim Əli Kərimlinin yuxusunu qarışdıracaq”
Bizi izləyin

Nida.az

Razi Nurullayev: “Deyəcəklərim Əli Kərimlinin yuxusunu qarışdıracaq”

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verən Razi Nurullayev keçmiş sədri Əli Kərimli haqda yeni şok faktlar açıqlayacaq.


Bu barədə Publika.az-a açıqlamasında R. Nurullayev özü deyib.

O, AXCP sədri haqda silsilə yazılarla çıxış edəcəyini bildirib: “Bəzən məni günahlandırırlar ki, niyə susurdun, AXCP-də baş verənlər barədə danışmırdın? Əslində mən susmurdum və partiya içərisində müəyyən işlər aparırdım. Təbii ki, bu işlərimdən narazı qalan Əli Kərimli məni müavinlikdən uzaqlaşdırdı, mənə qarşı təzyiq mexanizmini qurdu və mən partiyadan getməli oldum.

Partiyada klassik siyasət məkanı olmadığı üçün münasibətlər mənəvi bağlılıq, dostluq üzərində qurulub. Cəbhədə müəyyən insanlar arasında mentallıq, “ayıbdır, sədrdir, deməyək, bir az da dözək” tipli yanaşmalar var. Abrıma bükülərək bir çox məsələləri mediaya danışmırdım. Düşünürdüm ki, məsələlər partiya daxilində həll oluna bilər. Əgər o mənəvi bağlılıq bir tərəfdən pozulursa, digər tərəf buna reaksiya verməlidir. Mənim halım belə oldu”.


“Əli Kərimli mənə danışmaq üçün əsas yaratdı”


R. Nurullayev birinci addımı AXCP sədrinin atdığını deyib: “Əli Kərimli ayağımı çox bərk tapdadı, əzdi, bağlılığı birinci özü pozdu, aramızdakı mənəvi bağlılığı məhv etdi, mənə də danışmaq üçün əsas yaratdı. Ona görə də Əli Kərimlini tənqid etməyim təbii qarşılanmalıdır. Çünki Əli Kərimli bu gün haqqımda özü danışmasa da, göstərişlər və təlimatlar onun qələmindən çıxır. Hətta “Facebook”-da yazıb insanlara göndərir ki, statusu paylaşın. Birinci oyun qaydalarını özü pozduğuna görə məni günahlandıra bilməz. Mən neçə il içimdə yığılan məsələləri deməli idim. Bu, mənim məsuliyyətim idi. Çünki kənarda dayanıb susqunluq göstərmək, qəbul etmədiyim məsələlərin iştirakçısı olmaq təhlükəsi yaranacaqdı. Məni də hər kəs buna görə günahlandıra bilərdi. Mübarizəm ümumi müxalifətdə yaranan vəziyyət və bu vəziyyətin xalqın xeyrinə olmamasıdır”.


“Əli Kərimli xalqla müxalifət arasında uçurumu daha da dərinləşdirir”


Keçmiş müavin Ə. Kərimli ilə şəxsi kontekstdə heç bir probleminin olmadığını qeyd edib. Onun sözlərinə görə, Əli Kərimlinin apardığı yarıtmaz siyasəti qəbul etməyib.


“Buna qarşı öz sözümü deyirəm, deyəcəyəm də. Bununla bağlı silsilə yazılarla çıxış edəcəyəm. Hesab edirəm ki, Azərbaycanda normal müxalifət qurmaq olar. Eyni zamanda müxalifətin xalq tərəfindən qəbul olunma əmsalını və reytinqini də qaldırmaq mümkündür. Amma bütün bunlara Əli Kərimlinin apardığı siyasət ziyan vurur, xalqla müxalifət arasında uçurumu daha da dərinləşdirir”, - deyə o vurğulayıb.


“Toxunacağım məsələləri Əli Kərimli yatanda yuxusunda da görür”


O, növbəti yazısında bu məqama diqqət edəcəyini bildirib: “Elə bir yazı olacaq ki, toxunacağım məsələləri Əli Kərimli yatanda yuxusunda da görür. Heç kəs həmin məsələləri dilinə gətirə bilmir. Çünki onlara sərf etmir. Bütün biliyimi, gücümü, imkanlarımı səfərbər edib müxalifətə və onun gələcəyinə həsr olunan yazı ortaya qoyacağam. Həmçinin yazımda gələcək fəaliyyətimin konturlarını da cəmiyyətə açıqlamış olacağam. Bu gün Azərbaycan cəmiyyətində müxalifət ancaq polis tərəfindən döyülən, əzilən kasıb, məzlum kimi qəbul etdirilir. Bu fikri kim yaradıb? Bu fikrin dəyişilməsi istiqamətində təkliflərim olacaq”.


“Mitinqdə bəzi adamlarla üz-üzə gəlmək istəmirəm


R. Nurullayev Milli Şuranın mitinqinə qatılıb-qatılmayacağına aydınlıq gətirib: “Mitinqə gedəcəyimlə bağlı qərar qəbul etməmişəm. Bir sıra adamlar var ki, hələlik onlarla üz-üzə gəlmək istəmirəm. Hər zaman sanksiyalaşmış mitinqin lehinə olmuşam. Sanksiyasız mitinqləri isə qəbul etməmişəm. Hesab edirəm ki, sanksiyasız olan və polislə üz-üzə gələcək mitinqlər keçirilməməlidir. Çünki bu, bir neçə nəfərin həbsi ilə nəticələnir. Amma onu təşkil edənlər kənarda qalır.

Mən bunu heç zaman özümə yaraşdırmamışam. Həbs olunanların ailələri qarşısında həmişə məsuliyyət hissi keçirmişəm. Mitinqə çağırış edənlər xalqla aralarında uçurum olan şəxslərdir. O baxımdan xalqın onların sözünə inanaraq gələcəyini gözləmirəm. Çünki mitinqi təşkil edənlər fikirlərində səmimi deyillər. Mən o mətbəxi bilirəm, nəyin necə bişirildiyi, hansı tərkibdə olduğu və sonra hansı tərkiblə xalqa təqdim olunduğundan xəbərdaram. Ona görə də martın 15-də keçiriləcək mitinqə çox insanın qatılacağına inanmıram”.


“Milli Şura da monopoliyadadır”


R. Nurullayev Milli Şuranın formatında dəyişiklik etməsini də vacib sayır. O, bununla bağlı təkliflərinin olduğunu qeyd edib.


“Yaxın zamanlarda təkliflərimi Milli Şuraya təqdim etdim. Bu qurumla münasibətim pis deyil. Düşünürəm ki, Milli Şura müxalifətin son zamanlar yaratdığı ən yaxşı qurumdur. Lakin orada monopoliya var. Səmimi mühit olmalıdır, o zaman daha yaxından əməkdaşlıq etmək olar. Amma indiki formatla nələrsə əldə ediləcəyinə inanmıram”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm