• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ekspert: “Yanlış addım işğala səbəb ola bilər” - MÜSAHİBƏ

  • Nida.az
  • 13 Mart 2015 13:07
  • 967 Baxış
Ekspert: “Yanlış addım işğala səbəb ola bilər” - MÜSAHİBƏ

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Publika.az-a müsahibəsində Avropanın ordu yaratması ehtimalı, dünya güclərinin qarşıdurması və bunun Cənubi Qafqaza təsirlərini şərh edib.


- Avropanın vahid ordusunun yaradılması məsələsi gündəmə gəldi. NATO olduğu halda belə bir orduya zərurət nədən yarana bilər?


- Avropanın vahid ordusunun yaradılması məsələsi hər dəfə gündəmə gətirilir və müzakirə olunur. Bu, hazırda sadəcə təklifdir və reallaşması o qədər də ciddi görünmür. Bu məsələnin reallaşması üçün ən azı 20 il zaman lazımdır. Lakin bu o qədər də asan məsələ deyil. Bu gün Avropanın təhlükəsizliyini NATO qoruyur. II Dünya müharibəsindən sonrakı zaman kəsimində və sovetlər birliyi dağıldıqdan sonra da Avropa NATO çətiri altında vahid şəkildə birləşdi. Bunu NATO olmadan etmək mümkün deyil.
Avropa Birliyi bu gün qlobal güc mərkəzlərindən biri olmaq istəyir. Buna görə də vahid Avropa ordusu yaratmaq istiqamətində səylərini davam etdirir.


- Bəzən nə qədər qeyri-ciddi görünsə də, üçüncü dünya müharibəsi haqda proqnozlar verilir. Avropanın vahid ordu yaratması belə bir müharibə ilə nəticələnə bilərmi?


- Üçüncü dünya müharibəsi haqda ehtimallar və ya fikirlər cəfəngiyatdır. Böyük müharibə o zaman baş verə bilər ki, qlobal güclər bir-birinə qarşı açıq şəkildə savaş açsın. Bu, indiki halda mümkün deyil. Çünki beynəlxalq hüquq və normalar var. Avropanın vahid ordu yaratmaqda məqsədi isə müharibə aparmaq yox, müdafiə olunmaqdır. Hər bir dövlətin və ya birliyin özünü qoruma sistemi yaratmağa hüququ var.


- Baş verən geosiyasi oyunlar fonunda bizim üçün əsas olan ölkəmizin yerləşdiyi Cənubi Qafqazın durumudur. Son vaxtlar amerikalı ekspertlər Vaşinqtona bölgədə təsir imkanlarının azaldığına dair xəbərdarlıqlar edir və sanki Qərb-Rusiya qarşıdurmasının növbəti məkanının Cənubi Qafqaz olacağı fikri hakimdir. Belə bir qarşıdurma mümkündürmü və bu region ölkələrinə nə verə bilər?


- Cənubi Qafqaz istər Amerika, istərsə Rusiya üçün çox vacib coğrafi bölgədir. Avropa və Asiya qapısına nəzarət etmək siyasi gücün göstəricisidir. Bu gün böyük dövlətlərin gizlin və açıq şəkildə Cənubi Qafqazda savaşı normal qarşılanmalıdır. Amerika son bir ildə Cənubi Qafqazda həm nüfuz, həm də mövqe məsələsində Rusiyaya uduzur. Bunun da səbəbi Obama administrasiyasının bəzi məsələlərdə ləng addım atmasıdır. Vaşinqtonun bölgədə təsir imkanlarını itirməsi haqda amerikalı ekspertlərin fikirləri əsassız deyil və onlar narahatlıq hiss etdikləri üçün bu cür danışırlar. Rusiyanın Cənubi Qafqazda siyasəti daha aktivdir. Rusiya Ermənistanda yerləşdirdiyi hərbi güclə bu aktivliyi daim yüksək səviyyədə saxlayır. Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya da ona bu işdə əlavə yardımçı olur.


- Hesab etmək olarmı ki, regionda qarşıdurma artıq başlayıb?


- Cənubi Qafqazda artıq proseslərə start verilib və hazırda çox həssas bir dönəm başlayır. Atılacaq kiçik yanlış bir addım ümumilikdə ölkələrin işğal olunmasına gətirib çıxara bilər. Region ölkələri özlərini bu və digər təhlükələrdən qorumaq üçün demokratiya yolunu tutmalıdır. Demokratiya yolu bütün problemlərin kökündən həll olunması deməkdir. Hazırkı situasiyada düzgün qiymətləndirmələr və demokratiya yolu tutan ölkə regionda söz sahibi olacaq.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR