“Siyasi partiyalar zəiflədikcə radikal qüvvələr aktivləşir” – partiyaların durumu necədir?
Bizi izləyin

Nida.az

“Siyasi partiyalar zəiflədikcə radikal qüvvələr aktivləşir” – partiyaların durumu necədir?

Bu gün “Azərbaycanda siyasi partiyalar: mövcud durum və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə keçirilən dəyirmi masa siyasi partiyaların gələcək inkişaf yollarının axtarılması məqsədi daşıyır.


AMİP-dən Publika.az-a verilən məlumata görə, dəyirmi masada çıxış edən partiya sədri Yusif Bağırzadə ölkədə siyasi partiyaların aktivliyinin azaldığına diqqət çəkib: “Bunun obyektiv və subyektiv səbəbləri var.

Bura bir tərəfdən siyasi partiyaların maddi-texniki bazasının olmaması, cəmiyyətdə siyasi partiyalara inamın az olması, hakimiyyətlə siyasi partiyalar arasında münasibətlərin normal olmaması, proporsional seçki sisteminin ləğv olunması və digər səbəblər daxildir”.

AMİP sədri qeyd edib ki, cəmiyyətdə siyasi partiyaların rolu azaldıqca, radikal qüvvələrin təsiri artır. Y. Bağırzadə son vaxtlar baş tutan iqtidar-müxalifət görüşünün siyasi partiyaların vəziyyətinin dəyişməsində əhəmiyyətli olduğunu bildirib.


AMİP-in baş katibi Arzuxan Əlizadə ölkədə normal siyasi münasibətlərin olması üçün siyasi partiyaların fəallaşmasının vacibliyini vurğulayıb.


Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə siyasi partiyaların zəifliyinin səbəblərindən danışıb.


“Bu gün siyasi partiyalar iqtidar güclü olduğuna görə deyil, birləşə bilmədikləri və pərakəndə şəkildə fəaliyyət göstərdikləri üçün zəifdir. Eyni zamanda ölkədə proporsional seçki sistemin ləğv edilməsi partiyaların çəkisini aşağı salıb. Digər tərəfdən, partiyalarda cavanlaşma getmir, gənclərə yer verilmir. Düşünürəm ki, əgər bu baş versə, tezliklə siyasi partiyalar güclənə bilərlər”, - deyə o vurğulayıb.


Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə qeyd edib ki, siyasi partiyaların aktivləşməsi demokratik dəyişikliklər və demokratik islahatlar yolu ilə baş tuta bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm