• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qüdrət Həsənquliyev: “Düşünmürəm ki, Milli Şuranın mitinqinə ciddi dəstək olsun”

  • Nida.az
  • 13 Mart 2015 17:06
  • 390 Baxış
Qüdrət Həsənquliyev: “Düşünmürəm ki, Milli Şuranın mitinqinə ciddi dəstək olsun”

“Güman etmirəm ki, Milli Şuranın martın 15-də təşkil edəcəyi mitinq geniş kütlələr tərəfindən dəstəklənsin. Çünki mən əminəm və fərqindəyəm ki, Azərbaycan xalqı da görür ki, manatın devalvasiyası, manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsi ilə bağlı hamı narahatlıq keçirir. Bəlkə də, elə iqtidar daha çox narahatlıq keçirir”.

Bunu Publika.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsi həm də bölgədə gedən proseslərlə bağlıdır: “Tək Azərbaycan manatı yox, qonşularımız olan Gürcüstan və Türkiyənin milli valyutalarının da məzənnələri ciddi aşağı düşüb. Bu prosesə dünyada neftin qiymətinin ciddi şəkildə aşağı düşməsi də öz təsirini göstərib. Burada başqa obyektiv və subyektiv səbəblər də var, mən bu barədə danışmaq istəmirəm. Mitinqə niyə insanlar dəstək verməyəcəklər? Çünki hamı bilir ki, bu mitinqi təşkil edənlər 2013-cü il prezident seçkiləri ərəfəsində İran və Rusiyanın əli ilə hakimiyyətə gəlmək istəyirdilər. Milli Şuraya İrana bağlı olan islamçıları cəlb etməyə çalışırdılar və onlar da Milli Şuraya qoşulmaqla bağlı bəyanat vermişdilər. Camaat da bilir ki, bu mitinq onların problemlərinin həlli ilə bağlı deyil, bu qüvvələr problemlərdən faydalanıb hakimiyyətə gəlmək istəyir”.

Q.Həsənquliyev qeyd edib ki, hər bir ölkədə müxalifət problemlərdən istifadə edərək hakimiyyətdəki qüvvənin nüfuzunu aşağı salmağa çalışır: “Amma Azərbaycanda mitinqi təşkil edənlərin milli qüvvə olmaması, xarici güclərin əlində alət olması xalqın bu mitinqə dəstək verməsini mümkünsüz edir. Yenə də ora hakimiyyətə gəlmək istəyən bir qrup, çox məhdud sayda insan və bu hökumətdən kəskin narazı olan müəyyən insanlar toplaşacaq. Ancaq azərbaycanlılar başa düşürlər ki, ölkəmizin işıqlı gələcəyi yalnız və yalnız Azərbaycanda sabitliyin qorunması, hakimiyyət dəyişikliyinin seçkilər yolu ilə sivil qaydada baş verməsi ilə mümkündür. Bu baxımdan düşünmürəm ki, mitinqə əhali tərəfindən ciddi dəstək verilsin”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR